Həmsədrlərdən daha bir bəyanat... Siyasət

Həmsədrlərdən daha bir bəyanat...

Mübariz Əhmədoğlu: "Sanki həmsədrlər erməni tərəfi ilə müştərək qüvvə kimi çıxış edirlər"

Araz Əlizadə: "Bu cür fəaliyyətsizliklə münaqişənin nizamlanması mümkün deyil"


ATƏT iyulun 22-də Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirdiyi görüşlərlə əlaqədar açıqlama yayıb.
ATƏT-in mətbuat xidmətinin yaydığı məlumata görə, görüşlər zamanı həmsədrlər qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin və zorakılığın artmasından, habelə məqsədli şəkildə dinc sakinlərin qətlə yetirilməsindən narahatlığını ifadə ediblər.
Konkret olaraq vasitəçilər tərəfləri dinc əhali arasında ölüm hallarının baş verməməsi üçün öhdəlik götürməyə, habelə gərginliyin azaldılması üçün səylər göstərməyə və atəşkəş sazişinə riayət etməyə çağırıblar.
Həmsədrlərlə Azərbaycan və Ermənistan xarici işlər naziri həmçinin prezidentlərin görüşündə nəzərdən keçirilə biləcək məqamları müzakirə ediblər. Onlar bu görüşün Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə aparılan sülh danışıqlarında irəliləyişin əldə edilməsi baxımdan önəmini vurğulayıblar. Tərəflər Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində mümkün görüşləri də müzakirə ediblər.
Açıqlamada qeyd olunur ki, həmsədrlər insanlar arasında etimad mühitinin yaradılması ilə bağlı məsələləri nəzərdən keçirməkdə davam edəcəkər və bunu münaqişə tərəfləri ilə müzakirə edəcəklər. Onlar hesab edir ki, bu cür proqramlar davamlı sülh üçün etibar və əminliyin yaradılmasına yardım edir. Açıqlamada həmçinin bildirilir ki, Vyanada həmsədrlər Minsk qrupu ölkələrini sülh danışıqlarının gedişatı barədə məlumatlandırıblar.
Xatırıdıq ki, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bilddirib ki, eynəlxalq təşkilatlar münaqişəni həll edə bilmirsə, çəkilsinlər kənara, iki qonşu dövlət öz arasında bu məsələni həll etsin: "Nə qədər Ermənistandakı rejim dəyişməyib, beynəlxalq təşkilatlar başa düşməlidir ki, danışıqlar nəticə verməyib, verməyəcək...Kifayətdir, bizimlə bu cür siyasi oyunlar oynadınız. Doğrudan da, ermənilər insan kimi yaşamaq, Azərbaycanın imkanlarından bəhrələnmək, azərbaycanlılarla qonşuluq etmək istəyirlərsə, o rejimdən azad olmalıdırlar. Əks halda, problemin həlli yoxdur...".
Həsənov Dağlıq Qarabağ probleminin həll olunmasına məsul olan ATƏT-in Minsk qrupunu da tənqid edib. Komitə sədri bildirib ki, Azərbaycan xalqı ATƏT-in Minsk qrupuna inanmır: "Minsk qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidir. Bizə etimaddan danışan Minsk qrupunun dövlətləri son vaxtlar etimad sözünü də atıblar ortaya. Qoy bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy gedib o etimadı ermənilərə öyrətsinlər və ermənilərin qarşısında o şərti qoysunlar. Biz artıq onlara inanmırıq. ATƏT-in Minsk qrupu, demək olar ki, mahiyyətini itirib".
Baş nazirin müavini daha sonra jurnalistlərlə söhbətində ATƏT-ə ismarıc da göndərib. Həsənov hesab edir ki, ATƏT-in Minsk qrupunun dövlətləri və onların nümayəndələri ikiüzlülükdən əl çəkməlidirlər...
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib ki, ermənilər ATƏT-in Minsk qrupunun təqdim etdiyi sənədi başa düşmədiklərini və bunun üçün də əlavə izah istədiklərini deyirlər. Politoloqun sözlərinə görə, bütün bunlar Ermənistanın ən böyük dayağı, himayədarı olan bəzi beynəlxalq qurumların, xüsusən də ATƏT-in Minsk qrupunun hadisələrə qeyri-adekvat münasibətindən qaynaqlanır: "Amma ATƏT həmsədrləri də o izahı onlara vermir. Bununla belə Ermənistan tərəfi iddia edir ki, biz Kəlbəcər rayonunu minalayacağıq, Təbii ki, bu da həmin regiona əlavə hərbi elementlərin cəlb olunmasıdır. Eləcə də bu, Helsinki Yekun aktına əsasən güc tətbiq etməmək prinsipinin pozulması deməkdir. Beləcə, ATƏT həmsədrləri də buna heç bir reaksiya vermirlər. Hətta işğalçı ölkə bildirir ki, biz Kəlbəcər əhalisini silahlandıracağıq. Hesab edirəm ki, bu da regiona əlavə hərbi elementlərin, silahların cəlb olunması deməkdir. Hazırda erməniləri ruhlandıran amil ATƏT həmsədrlərinin fəaliyyətsizliyidir. Sanki həmsədrlər erməni tərəfi ilə son kampaniyalarda müştərək, şərikli qüvvə kimi çıxış edirlər. İndi iş o yerə gəlib çatıb ki, ermənilərin cəbhədəki avantüraları, qanunsuzluqları və s. birbaşa özlərinin əleyhinə çevrilib. Bütövlükdə götürdükdə ümumi vəziyyət ermənilərin öz ziyanına olsa belə, yenə ATƏT həmsədrləri bu hadisələrə reaksiya verməkdən çəkinirlər".
Mübariz Əhmədoğlu əlavə edib ki, regionda az qala müharibənin yenidən başlanacağı bir dövrdə həmsədrlər nizamlama modeli, münaqişənin tənzimlənməsinin möhkəm bünövrəsini qoyacaq bəyanat əvəzinə, "dinc sakinləri öldürməyin", "güllə atmayın", "atəşkəsə riayət edin" kimi absurd və bezdirici ənənəvi fikirlər səsləndiriblər: "Elə bu cür bəyanatlarla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini gətirib müharibə vəziyyətinə çıxarıblar, diplomatiyanı öldürüblər. Ona görə də, hazırda region müharibə ərəfəsindədir".
Politoloq Araz Əlizadənin fikrincə, belə bəyanatın yalnız bir məqsədi var - son vaxtlar Azərbaycan ictimaiyyətində Minsk qrupunun lazımsızlığı barədə səslənən sərt fikirlərin qarşısını almaq: "Azərbaycan cəmiyyətində tez-tez bu cür fikirlər səslənir ki, Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil, ümumiyyətlə, belə qruma ehtiyac yoxdur. Həmsədrlər isə buna görə maaş alırlar, onlar üçün belə münaqişələr yaxşı dolanışıq mənbəyidir. Təbiidir ki, asan və yaxşı dolanışıqlı işi itirmək istəmirlər. Ara-sıra səsləndirdikləri bəyanatlar isə yalnız özlərini gündəmdə saxlamaq məqsədi ilə verilir və müəyyən elektorata "mən də varam" mesajıdır". Araz Əlizadə bildirib ki, bu cür fəaliyyətlə, əslində, fəaliyyətsizliklə Dağlıq Qarabağ kimi mürəkkəb münaqişənin nizamlanması mümkün deyil.
Sülh və Münaqişələrin Həlli Mərkəzinin direktoru Elxan Mehdiyevin sözlərinə görə, bu o deməkdir ki, həmsədrlər, nəyin bahasına olursa-olsun, atəşkəsi qoruyub saxlamaq istəyir: "Yəni münaqişəni həll etmək yox, sadəcə, status-kvonu olduğu kimi saxlamaq məqsədi güdürlər. Uorlik də bu gün-sabah öz postunu tərk edəcək və onu başqası əvəzləyəcək.
Ona görə də o, hər vəchlə çalışır ki, hərbi əməliyyatlara yenidən start verilməsin. Başlayacaqsa, bu onun üçün mənfi hal hesab olunacaq. O mənada ki, onun sülh missiyası baş tutmayıb. Digər tərəfdən, bu cür açıqlamalara fikir verib onu Azərbaycan siyasətinin istiqaməti kimi qəbul etmək düzgün deyil".

Əli