“Rusiya ilə Avropa arasında yaxınlaşmanın əlamətləri görünür” Siyasət

“Rusiya ilə Avropa arasında yaxınlaşmanın əlamətləri görünür”

Elşad Mirbəşiroğlu: “AŞPA-nın üzvü təkcə Avropa sərhədləri daxilində yerləşən ölkələrlə məhdudlaşmır”

“Əslində Rusiyanın özü AŞPA-nı tərk etmişdi. Yəni Rusiyanın AŞPA-da səsvermə hüququ alındıqdan sonra Rusiya belə bir şəraitdə işləyə bilməyəcəyini bəyan etmişdi. Beləcə rəsmi Moskva AŞPA-ya illik ödəmələrini dayandıraraq nümayəndə heyətini geri çağırdı. Bir sözlə, rəsmi fəaliyyətinə xitam vurmuşdu. Düşünürəm ki, məsələyə bu konteksdə yanaşmaq daha doğrudur. Amma məsələnin digər tərəfi də var”. Bunu Politoloq Elşad Mirbəşiroğlu deuib. Politoloqun sözlərinə görə, 2004-cü ildən keçən zaman ərzində Rusiyanın səs hüququnun qaytarılması məsələsi aktual müzakirə olunan məsələlərdən olub: "Bu bir sıra məqamlardan xəbər verir. Birincisi, məsələnin arxasında həm geosiyasi, həm də geoiqtisadi məqamları axtarmaq lazımdır. Baxmayaraq ki, AŞPA-da Rusiyanın səs hüququnun qaytarılması hələ Rusiyaya qarşı tətbiq olunan sanksiyalara xitam verilməsi anlamına gəlmir. Amma buna rəğmən hesab edirəm ki, bu Rusiya ilə bütövlükdə Avropa arasında yaxınlaşmanın bir elementi kimi qəbul olunmalıdır. Təbii ki, AŞPA-nın üzvü təkcə Avropa sərhədləri daxilində yerləşən ölkələrlə məhdudlaşmır. Amma bütövlükdə AŞPA eyni zamanda köhnə dünyada yəni Avropada siyasi, iqtisadi mənzərənin ruhuna uyğun davranma təcrübəsinə malikdir. Deməli, Rusiya ilə Avropa arasında yaxınlaşmanın əlamətləri görünür. Avropa rəsmiləri açıq və yaxud da sətiraltı ifadələrlə həmişə etiraf edirlər ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Rusiyaya nə qədər zərər verirsə, Avropa dövlətlərinin özünə də bir o qədər zərər verir.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, 62 ölkə Rusiyanın səs hüququnun qaytarılmasına qarşı çıxdı. Bu da digər cəbhənin mövcudluğundan xəbər verir. Yəni ABŞ-a özünün loyallığını nümayiş etdirən tərəflər kimi bunu səciyyələndirmək olar. Burada çıxaracağımız nəticə ondan ibarətdir ki, AŞPA-da Rusiyanın səs hüququnun dayandırılmasında və bunun nəticəsində Rusiyanın öz nümayəndəsini geri çağırması əslinə qalanda ABŞ-ın Rusiya qarşı atdığı addım kimi səciyyələndirilə bilər”.