Ermənilərin xroniki ərazi iddiaları... Siyasət

Ermənilərin xroniki ərazi iddiaları...

Əkbər Qoşalı: "Erməni sindromu" müalicə kursu keçməsə gürcülər də bizim kimi öz "nəsib"lərini alacaqlar"

Elman Nəsirli: "Ermənilər çoxdan Gürcüstana separatizmin "minasını" yerləşdirib"

Gürcüstan Prezidentinin müşaviri Sopio Şamanidi Gürcüstandakı erməni kilsəsinin yepiskopu Vazgen Mirzəxanyanla görüşüb. Prezident Administrasiyasından verilən məlumata görə, görüşdə tərəflər erməni kilsəsinin problemlərini və milli azlıqlarla bağlı vəziyyəti müzakirə ediblər. Xanım Şamanidi yepiskopla iyulun 19-da erməni kilsəsində ermənilərlə gürcülər arasında yaşanmış insidenti də müzakirə edib. Tərəflər zorakılığı pisləyib və istintaqın tezliklə başa çatacağına ümid etdiklərini bildiriblər.
Gürcüstanın daxili işlər nazirliyinin məlumatına görə isə, Tiflisdə erməni kilsəsinin yanında baş verən insident etnik xarakter daşımır. İnsidentin küçədə avtomobil parkinqi zamanı yarandığı deyilir. Hazırda həmin hadisəyə görə 125-ci maddə ilə cinayət işi açılıb.
Qeyd edək ki, Gürcüstandakı Erməni Apostol kilsəsinin yepiskopu insidentlə bağlı kəskin bəyanatla çıxış etmişdi. Bəyanatda 19 iyul 2014-cü il tarixində erməni kilsəsinə planlı hücumun etnik və dini nifrət zəmində baş verdiyi bildirilmişdi. Yepiskopun bildirdiyinə görə, erməni kilsəsinin qapısına yaxın əraziyə gələn naməlum bir qadın, onun ünvanına xoşagəlməz sözlər söyləyib. Qadını özündən çıxaran səbəb keşişin avtomobilinin ona öz maşınını parkinq etməyə maneçilik törətməsi olub. İki aqressiv kişi ona maşınını ərazidən çıxarmağa kömək edib. Onlardan biri erməni millətinə qarşı senzuradan kənar ifadələr işlədib. Bundan sonra mübahisəyə qoşulan gənclər daşla erməni yepiskopunu vurmaq istəyiblər. Səs-küyə kilsədən qaçıb gələn ruhanilərdən birinin kürəyinə xəsarət yetirilib və bununla da qısa müddət ərzində əlbəyaxa dava yaranıb. İki saatdan sonra qarşıdurmanın yaşandığı əraziyə 50-yə yaxın soyuq silahla silahlanmış insan gələrək ruhanilərlə davaya başlayıb. İnsidentdə kilsəyə xaç suyuna salınmaq üçün gələnlər də xəsarət alıb.
Yepiskop öz bəyanatında Gürcüstanın hüquq-mühafizə orqanlarını baş vermiş insidentlə bağlı lazımi tədbirlər görməyə çağıraraq, məsələnin etnik və dini nifrət zəminində baş vermiş cinayət kimi qiymətləndirilməsini istəyib.
Yepiskop, həmçinin medianın ictimaiyyətdə antierməni əhval-ruhiyyəsi formalaşdıran xəbərlərin yayılmasından narahat olduğunu qeyd edib.
Qeyd edək ki, buna qədər gürcülərlə ermənilər arasında dəfələrlə münaqişə baş verib və münaqişələri törədən də məhz ermənilər olublar.
Bir müddət bundan öncə ermənilərin qonşularına təcavüzünü əks etdirən bir videonu Gürcüstan alimləri paylaşıblar.
Tarix elmləri doktoru, professor Quram Marxuliya Gürcüstanla Ermənistanın sərhədinin hələ də dəqiq müəyyən olunmamasının fəsadlarından danışıb. Onun sözlərinə görə, bunun nəticəsində Gürcüstan bu günədək 20 faiz torpağını itirib.
Videodan bəlli olur ki, hələ 1918-ci il iyulun 5-də Ermənistanla sərhədləri müəyyənləşdirmək üçün komissiya yaradılıb. Lakin bu gün də bu sərhədlər tam dəqiqləşdirilməyib. Ona görə də ermənilər vaxtaşıırı Gürcüstan torpaqlarını zəbt edərək sərhədləri öz xeyirlərinə dəyişirlər. Nəticədə isə gürçü xalqının bir hissəsi Ermənistan tərəfdə qalır. Videoda ermənilərin Gürcüstan ərazisində bloqpostlar qurduğu da görünür.
Göründüyü kimi ermənilər yaşadıqları bütün ölkələrdə və bölgədə potensial təhlükə xarakteri daşıyırlar və bu təhlükə artıq Gürcüstanda ciddi xarakter almağa başlayıb.
Azərbaycaqn Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu diqqətə çatdırdı ki, Gürcüstanda ermənilərlə gürcülər arasında qarşıdurmanın səbəblərinə təəccüblə yanaşmır: "Erməni millətindən olan şəxslərin, Qafqazda yerləşən digər dövlətlərin ərazilərinə iddiaları onilliklər boyu bu münaqişələrin əsas səbəbi olaraq qalmaqdadır. Azərbaycana, Gürcüstana, Türkiyəyə və hətta Rusiyaya belə ərazi iddialarının olması səbəbindən, hələ bir çox belə hadisələrin, qarşıdurmaların olacağına şübhəm yoxdur".
Azərbaycanda Atatürk Mərkəzinin İctimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı vurğuladı ki, gürcü qonşularımız ermənilərin içüzünü nə qədər tez bilsələr, ilk növbədə onların özü üçün, eləcə də, bütün Qafqaz üçün bir o qədər yaxşı olar: "Əslində gürcü siyasi elitası, gürcü düşünürləri erməniləri yaxşı tanıyır - arzu olunur ki, geniş ictimaiyyət də onların məramı-məqsədi barədə bilgili olsun. Bilirsiz, erməninin əlinə düşən ilk fürsətdəcə, öz çatışmazlıqlarını, olmayanlarını - boşluqlarını başqalarının hesabına dolurmaq, təmin etmək kimi bir xəstəliyi var. Erməninin Qafqazda doğma torpağı yoxdur, bizim tarixi torpaqlarımız hesabına bir qondarma dövlət qurublar və hesab edirlər ki, bu gün gürcünün, sabah da başqa bir xalqın, ölkənin hesabına irəli gedə biləcəklər. Ancaq fərdi özəllikdən toplum özəlliyinə, toplumdan da bir dövlət siyasətinə (bundan öncə isə dini təsisata) sirayət etmiş "erməni sindromu" gec-tez müalicə kursu keçməlidir..! Yoxsa, gürcülər də bizim kimi öz "nəsib"lərini alacaqlar... Bir məsələni də qeyd etməliyik ki, erməni toplumu - ictimai fikri artıq qəbul etməyə başlayır ki, Azərbaycandan qopardıqlarını qaytarmaq məcburiyyəti hər gün bir az daha bərk sıxacaq onların boğazını... Ona görə də, çabalayırlar, çabaladıqca yeni yanlışlıqlara yol verirlər.
Bəlkə də insersiya ilə "erməni sindromu"nun yayılma vektoru Tiflisi, Gürcüstanı göstərir - çünki onlar illa da bir xarici ünvanla dartışmada olmalıdırlar - yoxsa, daxili didşmə Ermənistanı daha tez tükətəcək.
Gün-gündən boşalan Emənistanın perspektivsizliyi erməni ictimai-siyasi, mədəni institutlarına yaxşı bəllidir və onların gəldiyi hansısa düzgün qərar belə... erməni dövlət siyasətinə dəyib geri qayıdır...
Lakin Ermənistan dövləti də, xalqı da, gerçəkliklərlər barışmaq zorundadır və onlar özləri heç bir gerçəklik yuaratmaq gücündə deyillər! Nəhayət, sözümün sonunda bir daha o məsələyə qayıtmaq istərdim ki, erməni-gürcü kilsə dartışması bir daha göstərir ki, bu xalq dinc yanaşı yaşamaq sənətini dərk edə bilmir...".
Politoloq Elman Nəsirli hesab edir ki, ermənilər çoxdan Gürcüstana separatizmin "minasını" yerləşdirib. O, bildirdib ki, Cavaxetiya Ermənistan və Gürcüstan arasındakı ziddiyyətlərin mərkəzində dayanır və mina effekti yaradır: "Ermənilər hansı ərazilərdə kompakt yaşayırlarsa bir müddətdən sonra orada torpaq idiası ilə çıxış edirlər. Bu gün Azərbaycan dövləti bu aksiomanı öz üzərində birbaşa müşahidə edir. Ermənistan əhalisinin kompakt şəraitdə yaşadığı ərazilərdən biri də Gürcüstanda yerləşən Cavaxetiya ərazisidir. Dəfələrlə ermənilər müxtəlif vasitələrdən istifadə edərək, guya Gürcüstanın onlara qarşı təzyiqlər etdiyini bəyan edirlər. Guya, Gürcüstanın digər əraziləri ilə müqayisədə Cavaxetiya ərazisi unudulub. Ermənilər bununla da Cavaxetiyada separatizmin minasını qoyublar",- deyən Elman Nəsirli bunun "partladılması" istiqamətində işlərin getdiyini deiyb.
Politoloq bu işlə təkcə Cavaxetiya ermənilərinin deyil, dünyadakı erməni lobbisinin məşğul olduğun önə çəkib: "Ermənilər hər vasitə ilə Amerika, beynəlxalq ictimai fikə çatdırmaq istəyirlər ki, Gürcüstanda yaşayan ermənilərin vəziyyəti ağırdır və hüquqları pozulur. Belə bir informasiya müharibəsi aparmaqla, ermənilər gələcəkdə Cavaxetiyanın müstəqilliyinə nail olmaq, üçüncü erməni dövləti yaratmağı planlaşdırırlar".

Əli