Cənubi Qafqaz ölkələri arasında Rusiyanın ən böyük sərmayə yatırdığı ölkə məhz Azərbaycandır - Politoloq Siyasət

Cənubi Qafqaz ölkələri arasında Rusiyanın ən böyük sərmayə yatırdığı ölkə məhz Azərbaycandır - Politoloq

Bu gün Cənubi Qafqaz regionunun geosiyasi və geoiqtisadi ab-havasını məhz Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi və əməkdaşlığının səmərəliliyi müəyyən edir.
Bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.
E.Mirbəşiroğlunun sözlərinə görə, son illərdə Rusiyanın Cənubi Qafqaz regionunun yeganə siyasi və iqtisadi gücü kimi məhz Azərbaycanı görməsi aydın müşahidə olunur:
"Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə "Valday" Beynəlxalq Disskusiya Klubunun sessiyasına qatılıb. Nəzərə almaq lazımdır ki, Valday disskusiyalarına cəmi dörd dövlət başçısı dəvət alıb. Bu dövlət başçıları sırasında Azərbaycan Prezidenti İlham Əliyevin də olması faktı Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin göstəricisi olmaqla yanaşı, Azərbaycan Prezidentinin böyük nüfuzuna dəlalət edir. Müasir dünyanın ən aktual məsələlərinin müzakirə olunduğu sessiya çərçivəsində İlham Əliyevlə Vladimir Putin arasında baş tutmuş görüşdə əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi oldu".
Politoloq əlavə edib ki, Azərbaycan-Rusiya əlaqələrinin hazırkı yüksək inkişaf səviyyəsini digər amillərlə yanaşı, eləcə də iki ölkə liderlərinin yaxın dostluq münasibətləri şərtləndirir:
"Bunu Azərbaycan Prezidenti İlham Əliyev də ayrıca olaraq qeyd etdi. O çıxışı zamanı vurğuladı ki, Rusiya Prezidenti ilə intensiv görüşür. Hətta görüşlərə bir neçə ay ara verdikdə, bu, böyük fasilə hesab olunur. Həm Azərbaycan, həm də Rusiya tərəfi münasibətləri strateji xarakterli hesab edirlər".
E.Mirbəşiroğlu deyib ki, Azərbaycanla Rusiya arasındakı siyasi dialoqun hazırkı səviyyəsi səmərəli əməkdaşlığın mühüm komponentini təşkil edir:
"Azərbaycan Prezidenti İlham Əliyevin də "Valday" Beynəlxalq Diskussiya Klubunun sessiyasında qeyd etdiyi kimi, ölkə başçıları və digər rəsmi səviyyələrdəki sıx təmaslar əməkdaşlığı daha da dərinləşdirir. Azərbaycanla Rusiya arasında münasibətlərin strateji xarakterini təyin edən mühüm amillərdən biri də ondan ibarətdir ki, ikitərəfli səmərəli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və birgə fəaliyyətin koordinasiyası da müşahidə olunur. Rusiya Azərbaycanı potensiallı olmaqla yanaşı, həm də etibarlı və səmərəli tərəfdaş kimi qəbul edir. Ayrıca olaraq, qeyd etmək lazımdır ki, Rusiya nümayəndəsinin AŞ PA-ya qayıtması məsələsi ilə bağlı səsvermə keçirilən zaman Ermənistan tərəddüdlü mövqe nümayiş etdirdiyi halda, Azərbaycan nümayəndə heyəti tam tərkibdə qətiyyətli mövqeyi ilə dəstək nümayiş etdirib. Rusiya tərəfi aydın nümayiş etdirir ki, Azərbaycanla yaxından əməkdaşlıq onun həm geosiyasi, həm də geoiqtisadi maraqlarına cavab verir".
E.Mirbəşiroğlu bildirib ki, Cənubi Qafqaz ölkələri arasında Rusiyanın ən böyük sərmayə yatırdığı ölkə məhz Azərbaycandır. Rusiya həm də regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələlərində Azərbaycanın həlledici rolunun olduğunu qəbul edir:
"Bütün bunların fonunda nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya əməkdaşlığı birgə strateji layihələr çərçivəsində xüsusi dinamiklik qazanır. Xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması əlavə uğurlu əməkdaşlıq platforması kimi nəzərdən keçirilməlidir. Bütün parametrlər üzrə Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt tendensiyasına malikdir".