“Tarixi Azərbaycan torpağı olan İrəvanda məscidin olması təbiidir” Siyasət

“Tarixi Azərbaycan torpağı olan İrəvanda məscidin olması təbiidir”

Mübariz Əhmədoğlu: “Ermənilər bu məscidi dağıda bilməzdilər”

“Tarixi Azərbaycan torpağı olan İrəvanda məscidin olması təbiidir. Ermənilər bu məscidi dağıda bilməzdilər, çünki ən azı mədəni abidələrlə məşğul olan beynəlxalq təşkilatların bu məscidin mövcudluğundan xəbəri var idi. Nəticədə onlar saxtalaşdırmaya əl atdılar. Guya məscid farsların məscididir. Məscidin fars məscidi adlanmasında İrandan bir qrup dindar kömək etdi, hətta təmir-bərpa işlərinə də İranın şirkətləri və maliyyəsi cəlb olundu. Məqsəd azərbaycanlıların İrəvandakı izini itirmək idi. İrəvanda Göy məscidin quruluşu göstərirdi ki, orda yüz minlərlə azərbaycanlı yaşayıb”.Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, eyni proses yaxınlarda Şuşa məscidi ilə də təkrarlandı: “İranın konkret bəlli bir şirkəti təmir-bərpa işlərini apardı, üstündəki yazıları, memarlıq quruluşunu dəyişdi. Daha çox fars memarlığına uyğun görünməsi istiqamətində işlər görülüb. Bütün bunların hamısını edən İranın Mədəniyyət və İslami İrşad Nazirliyinə tabe olan şəxslər idi və Şuşa məscidi də farsların məscidi adlandı. Vilayəti-fəqih prinsipini geniş izah etmək fikrim yoxdur. İran İslam Respublikasının əsas idarəçilik prinsipi və yaxud İranın islami quruluşunun sütunu vilayəti-fəqih prinsipidir. Bu prinsipdə də məscid ətrafında yaşayanların hansısa bir məscidə bərkidilməsi, təhkim olunması ən vacib məsələlərdən biridir. Başqa sözlə, vilayəti-fəqihdə məscid və məscidin möminləri hüquq əmələ gətirən, icra, qanunvericilik səviyyəsində olan qurumdur. İrəvanda və Şuşada heç zaman fars yaşamayıb. Belə olan təqdirdə vilayəti-fəqih prinsipinin əsasını qoyanlar, bu prinsipdən istifadə edərək İranı idarə edənlər, dünya şiələrini idarə etməyə iddialı olanların İrəvan və Şuşa məscidlərini farsların məscidi adlandırması vacib presedentdir. Mən bu presedenti müsbət hal hesab edirəm, çünki tarix bununla bitmir, gələcəyi var. İş burasındadır ki, İranın bəzi dindarlarının islami prinsipləri pozması və yaxud özbaşına təfsir etməsi bəlli idi. Amma ilk dəfə idi ki, İran möminləri İranın özünə məxsus vilayəti-fəqih prinsipini inkar edirlər. Azərbaycan etatisti üçün bu çox vacibdir”.
Politoloq əlavə edib ki, əmlak məsələləri İslam dinində axirətə təsir edə bilən məsələlərdir: “Bu məscidlərin hər ikisinin sahibi, tikəni bəllidir. Azərbaycanın tərkibində olan aktiv dindarların vilayəti-fəqih prinsipinin belə saxtalaşdırılmasına, inkarına göz yumması da başa düşülmür. Dinin digər prinsipi - əmri-beməruf yada düşür. Əgər bu gün hər hansı bir müsəlman dində olan əyriliyi, ədalətsizliyi görürsə, ona qarşı çıxış etmirsə bu o müsəlman üçün müsbət hal sayılmır. Bu, İranın Ermənistana olan münasibətinin, hətta dini dəyərlərdən də üstün olduğunun bariz əlamətlərindəndir. Bu, həm də Qərb aləminə mesajdır ki, İranın siyasətinə təsir etməyin ən rahat, ən asan yol məhz ermənilərdən və Ermənistandan keçir”.