Seçkilərdə iştirak etmək üçün 4765 nəfər müraciət edib Siyasət

Seçkilərdə iştirak etmək üçün 4765 nəfər müraciət edib

“Bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 4765 nəfər müraciət edib”.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın dünən keçirilən iclasında bildirib.
O qeyd edib ki, müraciət edənlərin 65 faizi kişilər, 35 faizi isə qadınlardır.
Məzahir Pənahov deyib ki, Mərkəzi Seçki Komissiyası namizədlərin seçkilərdə iştirakı üçün lazımi şəraiti yaradır.
Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkilərində adətən seçilməyən namizədlər narazılıq edirlər: “İstənilən halda kimsə seçkilərdən narazılığını bildirir. Seçilməyən namizəd mütləq şəkildə narazılıq bildirəcək. Bu təbii haldır, ancaq sivil ölkələrdə seçilməyən tərəf seçilən tərəfi təbrik edir. Hesab edirəm ki, belə də olmalıdır.
Lakin biz MSK olaraq namizədlərin seçkilərdə iştirakı üçün lazımi şəraiti yaradırıq, namizədlərin qeydə alınması üçün sənədlərin hazırlanmasında müvafiq tövsiyələr veririk. Çalışırıq ki, müraciət edən namizədləri qeydə alaq. Əgər sənədlərində hər hansı bir çatışmazlıq olursa, dairə seçki komissiyaları tərəfindən onlara müvafiq tövsiyələr verilir”.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.
Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.