“Biz ağıllı hücum planı düşünmüşük” Siyasət

“Biz ağıllı hücum planı düşünmüşük”

Azərbaycanın Latviyadakı səfiri: "Diplomatik sirr olduğu üçün planlar barədə xırdalığa getmək istəmirəm, məqsədimiz erməni lobbisini neytrallaşdırmaqdır"

Azərbaycanın Latviya Respublikasındakı səfiri Elman Zeynalovun APA-ya müsahibəsi

- Azərbaycan və Latviya arasındakı hazırkı münasibətlər hansı səviyyədədir və yeni hansı işlər nəzərdə tutulub?

- Azərbaycanla Latviya arasında elə bir sahə yoxdur ki, orada əməkdaşlıq inkişaf etməsin. Artıq münasibətlər hərtərəfli inkişaf edir. Hətta, məsələn, bu gün Azərbaycanda keçirilən elə bir böyük tədbir yoxdur ki, Latviya orada ən yüksək səviyyələrdə təmsil olunmasın. Əlbəttə ki, bu inkişafın bizim üçün real nəticələri də var. Məsələn, Latviya bu gün konkret olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini birmənalı olaraq dəstəkləyir. Əminəm ki, indən belə də bu dəstək davam edəcək. Biz və eyni zamanda Latviyanın Azərbaycandakı səfiri birgə işimizi elə qururuq ki, bu proses daim inkişaf etsin.
Azərbaycanla Latviya arasında imzalanan sazişlər də iqtisadi əməkdaşlığın bütün sahələri üzrə inkişafa zəmin yaradır. Bu, əsasən azərbaycanlıların imkanlarının Latviyada tətbiq olunmasından ibarətdir. Latviya Azərbaycanın buraya sərmayə qoymasında çox maraqlıdır. Latviya Azərbaycanın iqtisadi sahədə əldə etdiyi imkanların təcrübəsindən də yararlanmağa çalışır və bütün söhbətlərdə bunu bizə bildirirlər. Onlar SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş Azərbaycanın zəif bir dövlətdən güclü bir dövlətə çevrilməsi təcrübəsini öyrənməkdə maraqlıdırlar. Təəssüf ki, regionda bəzi qüvvələr Azərbaycanın bu nailiyyətini qısqanclıqla qarşılayırlar.
Latviyanın durumu elədir ki, daim Rusiyaya bağlı olub və Avropa İttifaqına üzvlüyə qədər də bu ölkənin iqtisadiyyatını əsasən Rusiya tənzimləyib. Bu gün artıq Latviya bu stereotipi sındıraraq öz iqtisadi xəttini tutmaq istəyir ki, burada da əsas partnyor olaraq Azərbaycanı seçir. Nəzərdə tutulan işlər də bu istiqamətdədir. Bundan başqa, biz artıq planlaşdırmışıq ki, ilin sonuna qədər Azərbaycanda Latviya, Latviyada isə Azərbaycan günləri keçirək.

- Bu yaxınlarda Bakıda Azərbaycan prezidentinin iştirakı ilə Azərbaycanın xarici ölkələrdəki səfirləri və diplomatik nümayəndələrinin müşavirəsi keçirildi. Müşavirədən sonra Latviyada hansı işlərin görülməsi nəzərdə tutulub?

- Həmin müşavirədə cənab prezidentin bizə tapşırıqları oldu. Xüsusən də hücum siyasətinə keçidlə bağlı. Burda da təbii ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın havadarı erməni lobbisindən söhbət gedir. Biz də Latviyadakı səfirlik olaraq yerli spesifik xüsusiyyətləri nəzərə almaqla bu tapşırıqlardan irəli gələn planlarımızı artıq qururuq. Sadəcə, diplomatik sirr olduğu üçün bu planlar barədə xırdalığa getmək istəmirəm, amma biz bunu həyata keçirəndə hər kəsə bəlli olacaq.
Bizim məqsədimiz erməni lobbisini neytrallaşdırmaqdır. Biz cənab prezidentin tövsiyəsi ilə emosional yox, ağıllı hücum planı düşünmüşük. Bu planlara Latviya ilə daha yüksək əlaqələr qurmaq da daxildir. Çünki bu əlaqələr düşmən tərəfin burada zəifləməsinə də şərait yaradacaq. Bir şeyi diqqətdən qaçırmaq lazım deyil ki, Azərbaycanın regionda güclənməsi uzaq ölkələrdə də nüfuzunun artmasına, ermənilərə diqqətin azalmasına səbəb olur.

- Son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatı nəticəsində ciddi gərginlik yaşandı, itkilər oldu. Bu xaricdəki, o cümlədən Latviyadakı erməni lobbisinin fəaliyyətinə nə kimi təsirlər göstərdi?

- Biz bu hadisədən sonra bütün təhlükələrə qarşı hazırlığımızı daha da artırdıq. Düzdür, bizi heç bir təhlükə qorxutmur və buradakı təhlükəsizliyimizə Latviya hökuməti özü də zamindir, amma biz hər ehtimala qarşı tədbirlər gördük. Çünki praktikada erməni lobbisinin terror əməllərini çox görmüşük. Türk diplomatlarına qarşı onların törətdiyi terror aktları isə xüsusilə yadda qalıb. Biz bunu heç vaxt nəzərdən qaçırmırıq. Ermənilərdən hər şey gözləmək olar. Bütün hallarda ermənilərin buradakı fəaliyyətindən Latviyanın aidiyyəti qurumlarının da məlumatı olduğu üçün ümumilikdə biz elə də fövqəladə təhlükə gözləmirik.

- Bir sıra ölkələrin parlamentlərində Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı layihələr qəbul olunub. Bəs Latviyada bu gözlənilirmi?

- Latviya və Azərbaycan parlamentləri arasında çox yüksək münasibətlər yaranıb. İki dövlət arasındakı münasibətlərlə yanaşı, parlamentlərarası dostluq qrupunun fəaliyyəti də burada çox rol oynayıb. Bütün bu münasibətlərin fonunda bununla bağlı əlbəttə ki, Latviyada da iş gedir. Bizim məqsədimiz odur ki, Latviya parlamenti də Azərbaycan torpaqlarının işğal olunmasına və o cümlədən Xocalı soyqırımına hüquqi qiymət versin. Təbii ki, fəaliyyətimiz nəticəsini verəcək.

- Erməni lobbisinin bir sıra ölkə parlamentlərində qondarma "erməni soyqırımı" layihəsini qəbul etdirmə cəhdləri özünü göstərir. Latviyada vəziyyət necədir?

- Bu, heç vaxt mümkün ola bilməyəcək. Çünki yuxarıda qeyd etdiyim fəaliyyətimiz və bunun nəticəsi olaraq yerli ictimaiyyətin formalaşmış rəyi, eləcə də azərbaycanlıların artan nüfuzu buna imkan verməz. Eyni zamanda bir sıra məqamlar var ki, buna əsasən mən qəti əminəm ki, bu cür qondarma layihənin Latviya parlamentinə gəlib çıxması heç cür mümkün deyil. Ola bilməz.

- Azərbaycanla Latviya arasında ötən illərdə ermənilərə Latviyadan silah satılması ilə bağlı gərginlik yaşandı. Nə baş verirdi?

- Mən sizi qəti əmin edirəm ki, Latviya dövlət olaraq heç vaxt ermənilərə silah satmayıb. Bu dəqiq məlumatdır. Sadəcə, burada sistem elədir ki, bir sıra şirkətlər istədikləri kimi fəaliyyət göstərirlər. Onlardan biri müəyyən çirkin əməllərə əl atmağa cəhd edirdi. Amma bu cəhdlərinin qarşısı alındı. Latviya dövlətinin araşdırması nəticəsində şirkətin fəaliyyətində xeyli qeyri-müəyyənlik aşkarlandı. Artıq belə bir problem yoxdur.
Bu gün qəti əminlik var ki, Latviya ermənilər tərəfdən işğal olunmuş Dağlıq Qarabağın da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu istiqamətdə bütün cəhdlərimizi dəstəkləyir.

- Azərbaycanlıların bu ölkədə fəaliyyəti necədir?

- Konkret deyim ki, son 3 ildə azərbaycanlıların, Azərbaycan diasporunun burada fəaliyyəti sürətlə artıb. Etiraf edim ki, bunda Azərbaycan dövlətinin, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinin rolu çox aktiv olub. Baltikyanı ölkələrin, xüsusilə Latviyanın bizim üçün bir özəlliyi var ki, burada az da olsa, çox nüfuzlu azərbaycanlılar var və bu da diasporun təmərküzləşməsində burada mühüm rol oynayıb. Artıq burada milliyyətcə azərbaycanlı nazir də var və çox güman ki, azərbaycanlıların bu aktivliyi nəticəsində bu kimi göstəricilər daha çox olacaq. Bu işin əsas təşkilati özəlliyi odur ki, biz səfirlik olaraq Diasporla İş üzrə Dövlət Komitəsi ilə koordinasiyalı işləyirik. Bu isə istənilən marağı olan azərbaycanlının yüksək postlara getməsinə yaxşı dəstək olur. Təbii ki, burada iki ölkə arasındakı münasibətlərin də rolu böyükdür. Hazırda burada oktyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlaşırlar. Nəzərə alsaq ki, Latviya parlament respublikasıdır, biz seçki prosesində azərbaycanlıların aktivliyi üçün Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə indidən hazırlaşırıq.