Rusiya “Bakıya satmadığı” raketi Xəzərə yerləşdirdi Siyasət

Rusiya “Bakıya satmadığı” raketi Xəzərə yerləşdirdi

Rusiyanın “Bal” raket kompleksi Xəzər donanmasına təhvil verilib.
Bu məlumatı Rusiya Cənub Hərbi Dairəsi yayıb. Məlumata görə, kompleksin Xəzər donanmasına verilməsi tədbiri Dağıstanda baş tutub.
Qeyd edək ki, 2018-ci ildə “Kommersant” qəzeti Rusiyanın Azərbaycana “Bal” kompleksinin eksport versiyası olan Bal-E raket komplekslərini satmaqdan imtina etməsi haqqında məlumat yaymışdı. Azərbaycanın bu komplekslərə 2014-cü ildən maraq göstərdiyi açıqlanmışdı.
Satışın Rusiya Müdafiə Nazirliyinin mövqeyi - onun Rusiyanın Xəzər donanmasının gəmilərinə təhdid yarada biləcəyi ucbatından baş tutmadığı bildirilmişdi.
Azərbaycan Müdafiə Nazirliyi isə bu informasiyanı rəsmi şəkildə təkzib etmişdi.
Ən maraqlı məqam isə bu informasiyanın Azərbaycanın Fransanın MBDA şirkətiylə danışıqlar apardığı zaman yayılması olmuşdu. Belə ki, Fransa mətbuatı Azərbaycanın bu şirkətdən ASTER 30 SAMP-T və ML Mika komplekslərini almaq istədiyini və hətta tərəflər arasında ilkin razılıq əldə olunduğunu da bildirmişdi. Fransanın satacağı ASTER 30 SAMP-T sistemlərinin daha çox gəmi əleyhinə hipersionik qanadlı raketlərin, yüksəksürətli təyyarələrin və ya raketlərin məhvi üçün nəzərdə tutulduğu açıqlanmışdı.
Bal-E kompleksi də ərazi sularının, bazaların müdafiəsi, sahilyanı infrastruktur və dəniz kommunikasiyalarının qorunması üçün nəzərdə tutulub. Bu kompleks 120 kilometrə qədər məsafədəki hədəfi vurmaq imkanındadır. 2004-cü ildə yaradılan kompleks 2008-ci ildə Rusiyanın silahlanmasına daxil edilib.
Bu silahdan Rusiyadan başqa yalnız Vyetnam və Venesuela ordusunda var.