Komitə sədri əhalini təlaşa düşməməyə çağırıb Siyasət

Komitə sədri əhalini təlaşa düşməməyə çağırıb

Tahir Mirkişili: “Azərbaycanın valyuta ehtiyatları əhalini risklərdən qorumağa imkan verir”

Milli Məclisin plenar iclası keçirilib. İclası Milli Məclisin sədri Sahibə Qafarova açıb. İclasın gündəliyinə 18 məsələ daxil edilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov altıncı çağırış parlament üzvlərinə deputat vəsiqələrini təqdim edib.
MSK sədri çıxış edərək bildirib ki, fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilər qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib: "Proseslər tamamilə başa çatıb, siz fəaliyyətə başlamısınız. Sizə uğurlar arzu edirik. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq da bu gün sizlərə vəsiqələr təqdim edilir. Sizi ürəkdən təbrik edirəm".
Milli Məclisin I vitse-spikeri Əli Hüseynli parlamentin plenar iclasında çıxış edərkən “mənə Milli Məclisin birinci vitse-spiker vəzifəsini etibar etdiyinə görə, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”, - deyə bildirib: “Bütövlükdə xalqımızı dövlətimizi əmin etmək istıyirəm ki, bundan sonrakı fəaliyyətimizdə ulu öndərin siyasətinə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəyik”.
Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, yalnız son iki ay ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri 250 milyon manat artıb: “Bu o deməkdir ki, hazırki neft qiymətləri büdcə xərclərinin yerinə yetirilməsinə heç bir təhlükə yaratmır”.
Əhaliyə heç bir təlaşa düşməməyi tövsiyə edən komitə sədri söyləyib ki, bu gün Azərbayanın banklarında kifayət qədər xarici valyuta var: “Azərbaycanın valyuta ehtiyatları əhalini bu cür risklərdən qorumağa imkan verir”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirub ki, bu gün Azərbaycanda əsassız ajiotaj yaradılır: “Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür”.
O bildirib ki, müəyyən mətbuat orqanları, xüsusilə də xaricdə oturanlar bu ajiotajı qızışdırır: “Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. İnsanlar narahat olmamalı, dövlət tərəfindən lazımi tədbirlər görüləcək. Hər zaman ən təhlükəli məqamlarda dövlət öz xalqının yanında olub. Cəmiyyətin nəzərinə çatdırmaq lazımdır ki, təşvişə ehtiyac yoxdur. 5-3 adamın şərhlərinə uymamalıdırlar”.
Deputatı Vahid Əhmədov deyib ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti 3 il uzadılmalıdır. Deputat bu müddətin uzadılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib:
“Cənab Prezidentdən xahiş edirəm ki, əhalinin maraqlarını nəzərə alaraq bu müddəti 3 ilə uzatsın. Hazırda sənədə təklif olunan 9 ay müddəti heç bir nəticə verməyəcək. Bu, insanlarımızda müəyyən anlaşılmazlıqlar yaradacaq”.
Vahid Əhmədovun sözlərinə görə, "Əmanətlərin tam sığortalanması haqqında" qanun 2016-cı ildə qəbul edilib: "Bu məsələ öz bəhrəsini verib. Hazırda əmanətlərin 8,5 milyard manatı manatla olan əmanətlərdir. Bu gün neftin qiymətinin düşməsinə baxmayraq, Azərbaycanda sabit iqtisadi vəziyyət qorunub saxlanılır”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, əmanətlərin sığortalanması məsələsi çox aktualdır: “Layihə göstərir ki, Azərbaycan dövləti xalqının yanındadır və onun problemlərini həll etmək baxımından lazımi işlər görür”.
O bildirib ki, neftin dünya bazarında qimyətinin aşağı düşməsində heç bir tələskənliyə ehtiyac yoxdur: “Azərbaycan artıq illər öncəki Azərbaycan deyil. Əgər böhran olarsa belə, biz bu böhrana tam hazırıq. Neftin qiymətinin aşağı düşməsi yalnız koronavirusla bağlıdır və bir iki ay müddətinə keçib gedəcək. Əks halda dünyada neftin ucuzlaşmasına heç bir əsas yoxdur”.
Deputat bildirib ki, əmanətlərin sığortalanmasının 9 ay müddətinə uzatmaq həm maliyyə, həm də bank sektoruna hökumətin dəstəyi deməkdir: “Əmanətlərin tam sığortalanaması dünyada bir Azərbaycan təcübəsidir. Dövlət Neft Fondundan 2020-ci ilin büdcəsinə 11 milyard 350 milyon manat transfert olunması nəzərdə tutulub. Hətta Dövlət Neft Fondu 7 il müddətində heç bir gəlir əldə etməsə belə, dövlət büdcəsinə transfertləri köçürmək imkanına malikdir. Bu baxımdan pessimist düşünməyə ehtiyac yoxdur. Təkcə iki ay ərzində nəzərdə tutulan proqnozdan artıq gömrük vergi orqanlarından büdcəyə vəsait daxil olub. Vətəndaşlarımız bilsin ki, neftin qiymətinin düşməsi qısa müddətlidir və bunu qarşılamağa hökumətin hər cür imkanı var”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, əminəm ki, parlamentdə müzakirələr açıq olacaq və hər kəsə bərabər şərait yaradılacaq. Onun sözlərinə görə, Milli Məclisin komitələrində, yüksək vəzifələrdə siyasi partiyaların nümayəndələri təmsil olunur: “Biz bəzən 39 məsələni 1 saata bitirmiş olurduq. Biz kəmiyyətə yox, keyfiyyətə önəm verməliyik”.
Deputat Fazil Mustafa bildirib ki, koronavirusla bağlı distant təhsil yenidən aktuallaşır. Bununla bağlı qanunvericilikdə dəyişiklikləri zəruri sayan F. Mustafa deyib ki, İqtisadiyyat Universiteti 20 min tələbəyə distant təhsil veriləcəyini açıqlayıb: “Bu istiqamətdə komitələr öz təkliflərini hazırlasın. Koronavirusla bağlı ən riskli vəziyyətdə olan təbəqə həkimlər, tibb işçiləridir. Onların sosial müdafiəsi istiqamətində müvafiq komitələr təkliflər hazırlanmalıdır”.
Deputat Elman Məmmədov bildirib ki, Azərbaycanda soyqırım haqqında qanunun qəbul edilməsi təklif olunur. O qeyd edib ki, ermənilər indiyə qədər azərbaycanlılara qarşı soyqırımlar törədib: “Soyqırım haqqında qanunun qəbul edilməsi məsələsini Milli Məclisin İş planına daxil edilməsini təklif edirəm”.
O, əlavə edib ki, Milli Məclisin iclaslarının vaxtında dəyişiklik edilməlidir. Onun fikrincə, iclas saat 12-də başlayır ki, bu da düzgün deyil: “Saat ikidən dördə isə fasilə elan olunur. İkinci hissə isə 6-da bitir. Mən təklif edirəm ki, iclasın ilk hissəsi saat 10-dan 12-yə qədər davam etsin. Ya da 11-dən birə qədər davam etsin. Daha sonra isə iki saat fasilə verilsin”.
Deputat Məlahət İbrahimqızı deyib ki, Seçki Məcəlləsinə yenidən baxılmalıdır. M.İbrahimqızı deyib ki, seçkilər yeni başa çatıb: “9 fevral seçkilərində bir sıra namizədlər bütün qanunları pozaraq, hər yerdə videoçəkilişlər etmək istəyirdilər. Seçki günü namizədin heç bir hüquqi olmur. Amma seçkilərdə monoloq söyləyən, seçki qutusunun üstündə oturan namizədlər gördük”. M. İbrahimqızı qeyd edib ki, onlara seçicilərlə ayda 2 dəfə görüşlər keçirilməsi tövsiyə edilib: “Təklif edirəm ki, seçicilərlə görüşlərimiz, Milli Məclisin iclasları və komitələrdə keçirilən iclaslarla üst-üstə düşməsin. Deputatlar həm seçicilərlə görüşdə, həm də Milli Məclisin və komitələrin iclaslarında iştirak edə bilsinlər”.
Milli Məclisin plenar iclasında Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Milli Məclisdə ən azı iki şöbə yaradılmalıdır. Siyavuş Novruzov deyib ki, həm daxil olan qanun layihələrinin öyrənilməsi, həm də dil baxımından şöbələr yaradılmalıdır: “Regional məsələlər şöbəsinin ixtiyarında kəndlərin, küçələrin adının dəyişdirilməsi ilə bağlı çoxlu məsələ var. Mən Nizami Cəfərovla danışmışam ki, ancaq onun adı komitəyə daxil edilməyib”.
Spiker Sahibə Qafarova Nizami Cəfərovun Regional Məsələlər Komitəsinin üzvü seçilməsinə müsbət yanaşıb.
Nizami Cəfərov komitənin üzvü seçilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva deib ki, işğal altında olan ərazilərimizlə bağlı qanun lahiyəsinin qəbuluna ciddi ehtiyac var. Bundan başqa, distant təhsilin genişlənməsinin vacibliyi, bu məsələnin qanunvercilikdə öz əksini geniş tapmasının önəmini vurğulayan Q.Paşayeva tələbələri və onların ailələrini maraqlandıran və narahat edən ən vacib məsələlərən biri olan təhsil kreditlərinin genişləndirilməsi məsələsinin qanunvericilikdə öz əksini tapmasının vacibliyini də vurğulayıb.
Millət vəkili bu məsələlərlə yanaşı 2020-ci ilin yaz sessiyası dövründə autizmli uşaqlarla bağlı məsələnin də Milli Məclisin diqqətində olmasının vacibliyini vurğulayıb: "Autizmli uşaların sayı getdikcə artır. Bu ailələr qanunverici orqandan dəstək gözləyir".
Qənirə Paşayeva həmçinin bir sıra qəbul olunmuş qanunların və ya onların bir sıra maddələrinin bu günə qədər həyata keçirilməməsinin doğurduğu narahatlıqlar barədə də danışıb və həmin məsələlərlə bağlı müvafiq qurumlarla həmin qanunların və ya maddələrin işləməsi üçün ciddi müzakirələrə ehtiyac olduğunu deyib: "Qanunla qadağan olunsa da bu gün hər yerdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir, qapalı yerlərdə, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir. Ona görə də qanuna nəzarət edən qurumlarla müzakirələr aparılmalı və qəbul olunan qanunlar həyata keçirilməlidir".
Qanun layihələri səs qoyularaq qəbul edilib.

Əli