Aİ-dən iküzü mövqe Siyasət

Aİ-dən iküzü mövqe

Anar Turan: "Bu Avropanın və bütövlükdə Qərb blok ölkələrinin çoxdankı oyun siyasətidir"
Əli Orucov: "Ermənistan heç bir anlamda nə Avropaya nə də Rusiyaya o qədər də gərək deyil"

Avropa İttifaqı Ermənistanın Aİ ilə assosiasiya barədə sazişi imzalamaqdan imtina etmək qərarına hörmətlə yanaşır, lakin bundan təəssüf edir. Bu barədə Kiyevdə Avropa Komissiyasının sədri Joze Barrozu bildirib. Barrozu "Şərq Tərəfdaşlığı" siyasətinə toxunaraq qeyd edib ki, bu siyasət açıq və şəffafdır. "Biz siyasətimizi heç vaxt kiməsə qarşı yönəltməmişik. Biz heç vaxt istisna münasibətlərə meyl göstərməmişik. Əksinə, biz həmişə şərq tərəfdaşlarımızı qonşuları ilə yaxşı münasibət saxlamağa sövq etmişik",- deyə o qeyd edib. Avropa Komissiyasının sədri Ermənistanla bağlı məsələyə toxunaraq, bildirib: "Bu ölkə Aİ ilə assosiasiya barədə saziş üzrə danışıqlar aparmışdı, hətta saziş paraflanmışdı da, lakin güclü təzyiq altına düşərək son anda sazişi imzalamaqdan imtina etdi. Biz bu qərarı tənqid edirikmi? Ticarətə son qoyuruqmu? Təbii ki, yox. Biz Ermənistanın qərarına hörmətlə yanaşırıq, lakin eyni zamanda bundan təəssüf edirik".
Maraqlıdır, Ukraynanı assosiativ sazişə görə cəhənnəmə çevirən Avropa İttifaqı Ermənistanla münasibətdə nə üçün fərqli mövqe sərgiləyir?
Politoloq Arzu Nağıyev bildirdi ki, ümumiyyətlə Avropa Birliyi keçmiş sovetlər birliyinə daxil olan ölkələrlə hər hansı bir xüsusi münasibətlər qurmağı qarşısına məqsəd kimi qoyub və əlbəttə ki, bundan da hərtərəfli yararlanmaq niyyətindədir: "Belə ki, Aİ bu və ya digər səbəblərə görə üzv qəbul edə bilmədikləri dövlətlərlə başqa bir formada münasibət qurur və çalışır ki, bu ölkələri öz standatlarına yaxınlaşdırsın. Eyni zamanda hər bir ölkə müvafiq öhdəliklər götürməli və bunları yerinə yetirməlidir və bu da gələcəkdə Aİ-nin üzvü olmaq üçün mühümdür. "Şərq Tərəfdaşlığı" Proqramı məsələsi isə 2008-ci ildə Polşa və İsveç tərəfindən irəli sürülüb, beş ölkə üçün nəzərdə tutulub: Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldova. Eyni zamanda Belarus da nəzərdə tutulub, lakin hələ danışıqlar davam edir və şərti olaraq "5+1" qrupu kimi göstərirlər. Avropa İttifaqı "5+1" qrupuna daxil olan dövlətlərdə islahatları sürətləndirmək və bu ölkələr üçün viza rejimini yumşaltmaq və bir sıra ticarət və iqtisadi, eyni zanmanda enerji məhdudiyyətlərini aradan qaldırmağa çalışır. Bu baxımdan Aİ üçün istər iqtisadi, istərsə də digər strateji əhəmiyyət kəsb edən məsələlərdə hər bir ölkənin öz çəkisi var. Əlbəttə ki, Ukrayna,Azərbaycan və başqa ölkələrlə müqayisədə Ermənistan bütün parametrlərə görə geridə qalır və bu gün onun "Şərq Tərəfdaşlığı" qrupuna qoşulmaması o qədər də əhəmityyət kəsb eləmir. Məlumdur ki, Ermənistan Aİ ilə assosiasiya barədə saziş üzrə danışıqlar aparmışdı, hətta saziş paraflanmışdı da, lakin qəflətən ondan imtina etdi. Bu imtinada əsas rolu isə ancaq vıə ancaq Rusiyanın təzyiqi kimi qiymətləndirmək olar. Bu isə onun Aİ-dan daha da uzaqlaşmasına gətirəcək. Bu addımı atmaqla Ermənistan özünün daha çox Rusiya ilə tərəfdaş olduğunu görüntüləməyə çalışır. Ermənistanın bu gün Aİ ilə heç bir istər enerji, istərsə də sərbəst və müstəqil iqtisadi siyasət yürütməyə gücü yoxdur".
Politoloq Tofiq Abbasov dedi ki, Ermənistanla bağlı Qərb qütbü Amerika Birləşmiş Ştatları başda olmaqla çox yumşaq münasibət sərgiləyir: "Bu ondan irəli gəlir ki, Ermənistan Moskvanın yedəyində getməyə məhkumdur. Çünki bu respublikanın az-çox ümidverici sayılan istehsalat birliklərinin, eksport potensialına malik müəssisələrinin səhmlərini alıb və İrəvan istənilən sahədə qəbul etməzdən əvvəl Kremlin ağzına baxmağa məcburdur. Yəni ermənilərə nəfəs verən boruların açarları bütövlüklə Rusiyanın əlindədir. Bu səbəbdən də Qərb Ermənistanla ziqzaqvari və ya sıçrayışlı addımlar ata bilmir. Aram, hamar gedişlərin arxasında duran əsas məqam ondan ibarətdir ki, ermənilərin onsuzda faciəvi durumu olandan da aşağı düşməsin. Ona görə də qərblilər erməniləri hətta tənqid etdikləri anda çox ehtiyyatla davranırlar.
Digər tərəfdən Ermənistanda olan Qərbin 5-ci kolonuna da vaxtaşırı mesajlar ötürülür ki, İrəvandakı qərbmeyilli qüvvələr özlərini meydanda tək hiss etməsinlər. Yəni, bu sığal siyasəti uzun müddət davam edəcək. Ola bilsin ki, yaxın zamanlarda Türkiyə-Ermənistan sərhədi açıldıqdan sonra İrəvanla münasibətdə qərblilər bir qədər təpərli xətt yürütsünlər. Hələlik isə Vaşinqton və Brüsseldən İrəvana ötürülən siqnallar çox mülayimdir".
Politoloq Anar Turan vurğuladı ki, bu Avropanın və bütövlükdə Qərb blok ölkələrinin çoxdankı oyun siyasətidir: "Onların məhz bu cür sərgilədiyi ikilistandart siyasət nəticəsində bu günə qədər Dağlıq Qarabağ problemi öz həllini tapmır. Serbiyaya, Liviyaya, İraqa hərbi qüvvələr yeridən, Ukrayna məsələsində Rusiya kimi dünya nəhənginə sanksiyalar tətbiq edən Avropa İttifaqı, NATO kimi beynəlxalq birliklər Ermənistan məsələsində nədənsə susmağa və maksimum halda bəyanatlar çəçivəsindən kənara çıxmamağa üstünlük verirlər. Görünür erməni lobbisinin təsiri Qərbin üst qurumlarının qərarlarına açıq-aşkar təsir göstərir. Hərçənd ki, Qərbin üst qurumları özlərini dünyada demokratiyanın, suverenliyin keşikçisi kimi tanıdırlar. Təəssüflər olsun ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünün pozulmasına göstərdikləri ikili yanaşma hələ də Qərbin bu sahədə ədalətsiz mövqe sahibi olduğunu sübut edir. Özünü demokratiyanın keşikçisi, ölkələrin ərazi bütövlüyünə hörmətin simvolu kimi təqdim edən bu qurumlar işğalçı və terrorizmə dəstək verən Ermənistanla hələ də dialoq axtarır, həlledici təzyiqlər göstərməkdən çəkinirlər. Bu da onların bir sıra siyasətçisinin erməni lobbisinə satıldığını təsdiqləyir".
Siyasi ekspert Əli Orucov dedi ki, Ukrayna Aİ üçün çox vacib ölkədir: "Rusiya üçün də belədir. Ukrayna Putinin planlarının kilid nöqtəsidir. Bütün parametrlərə görə Ukrayna istər Avropa İttifaqına istərsə də Rusiyaya lazımlılıq baxımından Ermənistanla müqayisdə yüz qat üstündür. Ermənistan heç bir anlamda nə Avropaya nə də Rusiyaya o qədər də gərək deyil. İrəvan harda varsa, ora əlavə yük, problemlər, ziddiyyətlər, münaqişələr gətirir. Lakin eyni zamanda bu dövlət həm də Avropa Birliyinin Rusiya ilə bağlı gələcək planlarında aktiv yer alacaq Azərbaycanın da əl-qolunu bağlayıb. Söhbət təbii ki, münaqişənin nizamlanmamasından gedir. Lakin bir inkaredilməz həqiqət də ondan ibarətdir ki, Avropanın da, ABŞ-ın da Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi ikili stranrat mövqeyindən bütünlükdə Cənubi Qafqaz əziyyət çəkməkdədir".

Əli