Parisdən Qarabağa yol görünürmü? Siyasət

Parisdən Qarabağa yol görünürmü?

Rusiya və ABŞ-dan sonra Fransa münaqişənin həlli ilə bağlı fəallığı artırıb

Cavid

Rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi barədə təklifi yenidən gündəmdədir.
Hazırda münaqişə tərəfləri Fransadan belə bir görüşün keçirilməsili barədə daha konkret plan gözləyir. Hər zaman olduğu kimi, yeni raundun məosuldar olub-olmaması barədə indidən proqnozlar da səsləndirilir.
Xatırladaq ki, sentyabrın 4-də Nyuportda ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə keçirilən üçtərəfli (Azərbaycan, Ermənistan prezidentləri və ABŞ) görüşdən sonra rəsmi Paris də münaqişə tərəfi liderlərin görüşünü keçirmək niyyətini açıqlayıb. Qeyd edək ki, münaqişə ilə bağlı dəyişikliklər olmasa da, müəyyən tərpənişlər var.
Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan Parisdə görüşüb danışıqlar aparmağa artıq razılıq veriblər.
Diplomatın sözlərinə görə, prezidentlərin görüşü oktyabrın ikinci yarısında Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə baş tutacaq. Səfir qeyd edib ki, dövlət başçıları Qarabağ probleminin dinc yolla həlli məsələsini müzakirə edəcəklər və bu görüş prezidentlərin Uelsdəki görüşündən sonra çox əhəmiyyətli olacaq.
"Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi bu problemin həlli üçün əlindən gələni edir. Fransa belə hesab edir ki, bu münaqişəni həll etməyin vaxtı çoxdan çatıb" - deyə P.Monye bildirib.
Maraqlıdır, F.Ollandın indiki vasitəçilik missiyası Fransanın sabiq prezidenti Jak Şirakın anoloji təşəbbüsünün taleyini yaşamayacaq ki?!
Səfir P.Monye bu suala cavabında bildirib ki, münaqişənin həlli prezidentlərin özündən asılıdır, vasitəçilərin vəzifəsi onlara bu işdə sadəcə kömək etməkdir.
"Prezidentlər Əliyevlə Sərkisyanın Parisdə görüşməyə razılıq verməsi faktının özü artıq böyük nailiyyətdir. Əsas məqsəd odur ki, tərəflər danışıqlarda uğur və nəticə əldə etmək yollarını tapmaq üçün görüşsünlər və bu problemin qarşılıqlı məqbul həll yolunu tapsınlar" - deyə səfir əlavə edib.
Amma məlum olan odur ki, erməni tərəfi münaqişənin nizamlanmasında maraqlı deyil və müəyyən hərəkətləri ilə prosesi əngəlləyir. Prezidentlərin Paris görüşündən nə gözləmək olar? Hazırda maraq doğuran sual da elə budur.
Fransanın təklifinə hər iki prezidentin razılıq verdiyi faktına diqqət çəkən millət vəkili, politoloq Rasim Musabəyovun sözlərinə görə, görüşün keçirilməsinin özü müsbət haldır: "Lakin bu, sadəcə, statistika naminə olmamalıdır. Fransanın bu görüşdə hansı səviyyədə iştirak edəcəyi, yəni prezident və ya xarici işlər naziri ilə təmsil olunacağı müəyyənləşməlidir. Bu, vacib məqamlardan biridir".
Müsahibin fikrincə, görüşdə hansısa sənədin imzalanacağını təxmin etmək düzgün deyil. Amma Fransa və Rusiya ermənilərin iddialarını hansısa bir çərçivəyə salmaq üçün öz imkanlarından istifadə edərək təsir göstərsələr, bu, görüşün əhəmiyyətini artırar: "İnanmıram ki, o görüşdən sonra prezidentlər bəyan etsinlər ki, peosesin həlli ilə bağlı mühüm addım irəli atılıb və vacib sənəd imzalanacaq".
Hələ ki, ermənilərin mövqeyində yumşalma hiss olunmur və əgər ötən ilin sonundakı görüşdə pozitiv işartılar sezilirdisə, danışıqların sonrakı mərhələsi göstərdi ki, qarşı tərəf kompromisslərə meyilli deyil".
Siyasi Texnologiyalar və İnnovasiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu isə əksinə, hesab edir ki, görüş baş tutarsa, danışıqlarda müəyyən dəyişikliklərin olması mümkündür. Fransanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində orijinal mövqe tutmasını deyən mütəxəssis hesab edir ki, bəzi məsələlərdə erməni lobbisi Parisə təsir edir: "Azərbaycan müstəqil və inkişaf edən dövlət olduğundan, Bakı Parisin həm iqtisadi, həm də siyasi maraq dairəsindədir. Bu səbəbdən də, Fransa, məsələn, erməni soyqırımının tanınmasında Ermənistana dəstək versə də, Dağlıq Qarabağ problemində tam Azərbaycanın mövqeyində olmaq niyyətindədir. Paris münaqişəni hətta Gürcüstanla da müzakirə edib. Bütün bunlar onu deməyə əsas verir ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkilində israrlıdır və geri çəkilməyəcək".
M.Əhmədoğlu bu qənaətdədir ki, rəsmi İrəvanın verdiyi bəyanatlarla real hərəkətləri üst-üstə düşmür: "Qəsbkar ölkənin prezidentinin, siyasətçilərinin nə deyəcəklərindən asılı olmayaraq, bu gün Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimləsində mövqeyi xeyli zəifdir. İrəvan nəinki Dağlıq Qarabağı əldən buraxmaq, hətta öz müstəqilliyini itirmək üzrədir. Bundan sonra danışıqlar masasında yenilənmiş Madrid prinsiplərindən başqa sənəd olmayacaq. Onlar bunu gözəl bilirlər".
Millət vəkili, politoloq Aydın Mirzəzadə isə hesab edir ki, Fransanın bu təklifi artıq ciddi xarakter daşıyır: "Görünür, ATƏT-in Minsk qrupu həmsədrlərinin problemin həlli ilə bağlı artıq konkret təklifləri var ki, onu prezidentlərin müzakirəsinə çıxarmağa çalışırlar. Çünki Minsk qrupu həmsədrləri dəfələrlə həm Ermənistan, həm də Azərbaycana səfər ediblər və mümkündür ki, danışıqlar üçün real zəmin yaranıb".
A.Mirzəzadənin sözlərinə görə, rəsmi Bakı görüşün görüş naminə keçirilməsi təcrübəsini qəbul etmir: "Əgər Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etmək istəyirsə və onun real təklifləri olarsa, danışıqları davam etdirə bilər. Danışıqların səmərəliyi təkliflərdən asılıdır. Belə görüşlərin keçirilməsinə ildən-ilə Ermənistanın ehtiyacı daha artır, nəinki Azərbaycanın. Azərbaycan inkişafda olan ölkədir və öz problemlərini özü həll etmək iqtidarındadır, Ermənistanın isə öz təqsiri üzündən sərhədləri bağlıdır, böyük müharibə xərcləri çəkib və ona görə Azərbaycanla münasibətləri yenidən qurmağa dəhşətli dərəcədə ehtiyaç duyur".
Politoloq bir çox məsələlərdə mövqeyini kənar təsirlər nəticəsində müəyyənləşdirən Ermənistanın gec-tez Dağlıq Qarabağ problemində də mövqeyini dəyişə biləcəyini istisna etmir. Rəsmi Moskvaya gəlincə, son zamanlar Rusiyanın Avropa və Qərblə münasibətlərində gərginliyin olduğunu vurğulayan A.Mirzəzadə Kremlin müəyyən məsələlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində fərqli mövqe tuta biləcəyini proqnozlaşdırır.
Yeri gəlmişkən, ATƏT-in həmsədri Ceyms Uorlik ABŞ səfiliyində jurnalistlərlə görüşü zamanı bildirib ki, Qarabağ məsələsinin hazırki mərhələdə müzakirəsi sülhün bərqərar olmasının əsaslı elementləri üzərində gedir.
"Mən insanların qəzəbini başa düşürəm, axı danışıqlar 20 ildir ki, davam edir. 1992-94-cü ildə baş verən müharibə hər iki tərəf üçün dağıdıcı oldu. Bizdən heç kim bu günləri təzədən yaşamağı arzulamır. Belə çətin problemlərin müzakirəsi heç vaxt asan olmur, lakin qeyd etdiyim kimi hazırda münaqişənin həll yolunda bir "pəncərə" mövcuddur. Prezidentlər keçən ilin noyabrında Vyanada yaxşı görüş keçiriblər və münaqişənin həllinin mümkünlüyü barədə razılığa gəliblər. Soçi görüşü barədə bir söz deyə bilmərəm, lakin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüş çox məhsuldar oldu. Qarabağ məsələsinin hazırkı mərhələdə müzakirəsi sülhün bərqərar olmasının əsaslı elementləri üzərində gedir. Mən həmin əsaslı elementləri Karnegi klubunda çıxışım zamanı qeyd etmişdim. Lakin burada elementlərin ikisində razılıq kifayət deyil. Mütləq bütün 6 bənd üzrə razılıq olmalıdır."- deyə müsahibəsində Uorlik qeyd edib.
Jurnalistlər Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiyanın Azərbaycana "müasir silah və hərbi texnika satışına" amerikalı həmsədrin münasibətini öyrənmək istədikdə o, deyib: "Ruslarla dünyanın başqa hissələrində fikir ayrılıqları olduğuna baxmayaraq, Qarabağ problemi ilə bağlı yalnız diplomatik yolla, problemin uzunmüddətli tənzimlənməsinə nail olmaq məsələsi ilə bağlı razılığa gəlmişik".
Silah tədarükü məsələsinə gəldikdə isə, Uorlik bunun həmsədrlərə aid məsələ olmadığını, lakin təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq halları barədə fikir mübadiləsi apardıqlarını deyib.
"Bizi baş verən zorakılıq, ölüm və yaralanma faktları narahat edir. Daimi sülhə nail olmaq istəyiriksə, zorakılığa son qoyulmalı və atəşkəs rejiminə riayət edilməlidir", - deyə amerikalı həmsədr bildirib.
"Təmas xəttində və sərhəddə zorakılıq hallarının azalması istiqamətində istənilən addımlar vacibdir və tərəflər onları qəbul etməlidir. Zorakılığın necə başlandığı və bunun üçün kimin məsuliyyət daşıdığını müəyyən etmək problemi mövcuddur. Tərəflər bir-birini günahlandırır" - deyə Uorlik əlavə edib.
Təmas xəttində baş verən insidentlərin beynəlxalq araşdırılmaya ehtiyacına gəlincə isə Uorlikin fikrincə, bunu tərəflər qəbul etməlidir.
Xatırladaq ki, İrəvanda bir günlük səfərdə olan Ceyms Uorlik Ermənistan prezidenti Serj Sarkisyanla və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Rəsmi məlumata görə, ABŞ baş katibi Con Kerrinin Ermənistan və Azərbaycan prezidentləri ilə Uelsdə sentyabrın əvvəlində NATO sammiti zamanı başlanan müzakirələri davam etdirib.
Uorlik gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının toplanışı çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə görüşləri gözlənildiyini bildirib.