“Siyasi partiyalar haqqında qanuna dəyişikliklər normaldır” Siyasət

“Siyasi partiyalar haqqında qanuna dəyişikliklər normaldır”

Mütəllim Rəhimli: "Həyat dəyişdikcə qanunlara əlavə və dəyişiklilərin edilməsi zərurəti də yaranır"

Fəzail Ağamalı: "Büdcədən ayrılan, ancaq xərclənməyən vəsait parlamentdə təmsil olunan partiyalar arasında proporsional qayda da bölünsün"

"Siyasi partiyalar haqqında" qanuna növbəti dəyişikliklər nəzərdə tutulur. Bununla bağlı qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilib. Ölkə başçısı İlham Əliyev tərəfindən göndərilən qanun layihəsində qeyd olunur ki, sözügedən qanuna 18-1-ci maddə əlavə edilsin.
Həmin əlavəyə görə, üzvlük haqqı siyasi partiya üzvləri tərəfindən pul formasında mütəmadi ödənilən vəsaitdir.
Üzvlük haqqının məbləği siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilir və bu məbləğdən artıq ödənişlər ianə hesab edilir.
Qanuna təklif olunan 19.7-ci maddədə isə göstərilir ki, şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi 10 min manatdan artıq ola bilməz.
Bununla yanaşı yeni redaksiyada təklif olunan 21.2-ci maddəyə əsasən siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir.
Eyni zamanda siyasi partiyaların illik maliyyə hesabatları MSK-nın rəsmi internet səhifəsində yerləşdirilir.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə qanuna dəyişiklyiin çox normal olduğunu, heç bir məhdudlaşdırmaya səbəb olmayacağını düşünür: "Çox normaldır, onsuz da kimdir ki, hansısa partiyaya cibindən çıxarıb 10 min manat ianə verən?". Ümid Partiyasının nə qədər ianə topladığına gəlincə isə partiya sədri dəqiq məbləği açıqlamasa da toplanan ianənin çox az olduğunu deyib: "Çox cüzi miqdardadır. Heç 10 min manat deyil".
Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli dedi ki, həyat dəyişdikcə qanunlara əlavə və dəyişiklilərin edilməsi zərurəti də yaranır. "Siyasi partiyalar haqqında qanun"a ediləcək dəyişikliklər də ölkəmizdə siyasi institutlaşmanı daha da gücləndirməyə xidmət etməlidir. YAP rəhbərlərinin bildirdiyinə görə 3 faizlik baryeri aşan partiyalar üçün nəzərdə tutulan vəsaitin dövlət büdcəsindən maliyyələşən digər partiyalar arasında bölüşdürülməsi ilə bağlı Qanuna dəyişiklik ediləcək. Əslində bu məqbul təklifdir. YAP-dan başqa digər partiyalar demək olar ki, Milli Məclisdə bir deputatla təmsil olunurlar və aldıqları vəsait də o qədər çox deyil. Az da olsa bu vəsait partiyaların fəaliyyətinə dəstək olardı. Digər təkliflərə gəlincə. "Siyasi partiyalar haqqında qanun" indiyədək də tələb edirdi ki, partiyalar üzvülük haqlarının məbləğini nizamnamələrində açıq şəkildə göstərsinlər. Əgər hansısa belə bir hal varsa onu aradan qaldırmaq olar. Bununla bağlı qanuna dəyişikliyin edilməsi, zənnimcə, siyasi partiyalara qarşı hər hansı problem yaratmaz...".
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov dedi ki, indiki zamanda nəinki 10 min manat heç 100 manat kiminsə hansısa partiyaya ayırmaq imkanları yoxdur: "Söhbət ilk növbədə həmin partiyaların sosoial bazasından gedir".
Ana Vətən Partiyası partiyaların maliyyələşdirilməsi üçün büdcədən ayrılan vəsaitin istifadə olunmayan hissəsinin parlamentdə təmsil olunan partiyalar arasında proporsional qaydada bölünməsini təklif edir.Təkliflər barəsində danışan AVP sədri Fəzail Ağamalı bildirib ki, "Siyasi partiyalar haqqında" qanuna son dəyişikliklərin edilməsi zamanı parlamentdə təmsil olunan partiyaların büdcədən ayrılan və xərclənməyən hissəsinin bu partiyalar arasında bölünməsi ilə bağlı maddənin salınacağı ilə bağlı gözləntiləri var idi: "Ancaq təssüflər olsun ki, bu gözləntilər özünü doğrultmadı". Fəzail Ağamalının sözlərinə görə, qanunda seçkilərdə iştirak edib nəzərdə tutulan baryeri keçən, amma parlamentə düşə bilməyən partiyaların da dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulsa da, baryeri keçən və parlamentə düşə bilməyib dövlətdən maliyyələşən partiya yoxdur. Bu səbəbdən də dövlət tərəfindən ayrılan vəsait xərclənməmiş qalır. Bizim də təklifimiz ondan ibartədir ki, büdcədən ayrılan, ancaq xərclənməyən bu vəsait parlamentdə təmsil olunan partiyalar arasında proporsional qayda da bölünsün. Bu vəsait partiyaların maliyyə probleminin həllinə və fəaliyyətinin inkişafına təkan verə bilər". Fəzail Ağamalı onu da bildirib ki, biz bu məsələsnin "Siyasi partiyalar haqqında" qanuna nəzərdə tutulan dəyişikliklər zamanı ediləcəyini gözləyirdik, amma bu olmadı: "Buna baxmayaraq parlamentdə təmsil olunan partiyalar payız sessiyasında dövlət büdcəsi müzakirə olunan zaman bu məsələni bir daha hökumət qarşısında qaldıracaq". Partiya sədri onu da deyib ki, məsələ ilə bağlı parlamentdəki partiyaların vahid mövqeyini əks etdirən bir sənədin hökumətə təqdim edilməsi də istisna deyil.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Azərbaycanda kiminsə partiyaya ianə ayırdığına inanmadığını deyib: "Bizim partiyada ianə toplanmır. Çünki əslində partiyalara ianə köçürən şəxslər də yoxdur". Üzvlük haqqına gəlincə isə partiya sədri bildirib ki, nizamnaməyə görə bu, partiya üzvünün maaşının 1%-i məbləğindədir: "Amma son zamanlar bu məbləğ 1 manat kimi göstərilib. Bizdə üzvlük haqqı azdır, əsas maliyyə mənbəyi dövlət dəstəyidir".
"Aydınlar" Partiyasının sədr müavini Qorxmaz İbrahimli dedi ki, ölkəmizdə "Siyasi Partiyalar Haqqında" Qanun yeni qəbul olunub: "Təbii ki qanunun həm gec qəbul olunması, həm də əskikliklərin olması səbəbindən dəfələrlə dəyişikliklər və əlavələr edilə bilər. Mən, yeni düzəlişlərlə tanış oldum. Zaman-zaman çox dəyişikliklər olacaq. Hazırki dəyişiklik partiyalara ianələrlə bağlıdır. Zatən müxalifət partiyalarına rəsmi şəkildə ianələr demək olar ki yoxdur".

Əli