Avrroparlamentin ermənisayaq qərəzi Siyasət

Avrroparlamentin ermənisayaq qərəzi

Anar Turan: "Bu qətnamənin ciddi əhəmiyyəti yoxdur və olmayacaq"
Elxan Şahinoğlu: "Bu qətnamə Bakını zərrə qədər də narahat etmir"
Çingiz Qənizadə: "Bu ölkəmizə qarşı qərəzli davranışdan başqa bir şey deyil"

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi ölkədə etirazla qarşılanıb və bunun qərəzli olduğu bildirilir. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin də qətnamə ilə əlaqədar açıqlama yayıb. Açıqlamada bildirilir ki, Azərbaycan XİN Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qərəzli qətnamə tamamilə əsassız və qeyri-obyektivdir: "Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub... Qərəzli münasibətin göstəricisi olan bu qətnamə yalnız Azərbaycana siyasi təzyiq göstərmək məqsədi daşıyır".
Buna münasibət bildirən politoloq Anar Turan dedi ki, Avropa Parlamentinin bu qərəzli qətnaməsinin Avropa İttifaqı ilə münasibətlərimizə mənfi təsirini gözləmir: "Çünki, bu qurum Azərbaycana qarşı həmişə qərəzli mövqeyi ilə seçilən "Freedom house", "Amnesty international" kimi o qədər də nüfuzu olmayan təşkilatların yolu ilə gedir və onların məlumatlarına söykənərək qərar çıxardır. Bu isə ədalətli deyil. Görünür, bu təşkilatın da gələcək perspektivi sual altındadır. Çünki, heç bir nüfuzlu qurum Azərtbaycana qarşı bu şəkildə ittihamlar irəli sürmür. Bu gün Azərbaycanın avro-atlantik məkana inteqrasiyası sürətlə davam edir və əksər beynəlxalq təşkilatlarla bizim ölkənin çox gözəl, qarşılıqlı əməkdaşlığa, hörmətə söykənən münasibətlərimiz var. İndidən deyə bilərik ki, bu qətnamənin ciddi əhəmiyyəti yoxdur və olmayacaq".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu mövqedədir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı sərt qətnaməsi rəsmi Bakını zərrə qədər də narahat etmir: "Birinci dəfə deyil ki, avropalı deputatlar Azərbaycanda insan haqları və demokratiyanın vəziyyətinin ağır olduğunu söyləyir və buna görə hakimiyyəti tənqid edirlər. Reallıqlardan çıxış etməliyik. Reallıq isə bundan ibarətdir ki, Azərbaycan hakimiyyətinin Avropa Parlamenti ilə bağlılığı yoxdur, bu qurumun qətnamələri rəsmi Bakının siyasətinə təsir etmir. Yox, əgər Azərbaycan da Gürcüstan, Moldova və Ukrayna kimi Brüssellə assosiativ saziş imzalasaydı, onda demək olardı ki, Avropa Parlamentinin qətnaməsinin Bakı üçün hansısa təsir gücü var".
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə əslində daha çox Azərbaycanla deyil, Avropa Parlamentinin özü ilə bağlıdır: "Təəssüflər olsun ki, son zamanlar biz Avropa Parlamentində gedən prosesləri müşahidə edərkən Avropa dəyərlərinin, ümumbəşəri prinsiplərin, məhz Avropanın ən vacib olan strukturunda - Avropa Parlamentində pozulub tapdandığını görürük". Səməd Seyidov qeyd edib ki, əgər belə olmasaydı, AP-nin qəbul etdiyi qətnamələr, sülhə, barışığa və Avropanın inkişafına gətirib çıxarardı: "Amma qəbul etdikləri qətnamələrin əksəriyyəti nəticəsində bu gün Ukrayna alovun içərisindədir, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü pozulub, Azərbaycanın Dağlıq Qarabağ problemi faktiki olaraq dondurulmuş şəkildə qalıb. Əslində regionda çox ciddi və təhlükəli proseslər gedir, Moldovanın problemləri günü-gündən gərginləşir, daha çox kəskin mövqedə dayanan insanların sayı artır, Avropanın içərisində ekstremist qüvvələr çoxalır. Avropa Parlamentinin əsas prinsipi sülh, inkişaf, demokratiya, insan haqları, qanunun aliliyi və sair istiqamətdə iş aparmaqdır. Bəs belə olan halda bunların gördüyü iş nəticəsində hər şey tamamilə əks istiqamətdə cərəyan edirsə, niyə Azərbaycanla bağlı qəbul olunmuş qərar barədə düşünülməlidir ki, bu bizə xeyir gətirib və Azərbaycanı insan haqları və qanunun aliliyinə xidmət edən addımları atmağa vadar edəcək". Səməd Seyidov deyib ki, əslində qəbul olunmuş qərar qanunun aliliyinə zərər vurma fəlsəfəsini daşıyan qətnamədir: "Çünki qanunun aliliyi o deməkdir ki, dövlət tərəfindən qəbul olunmuş, onun parlamenti tərəfindən qəbul olunmuş qərarlara heç kim müdaxilə edə bilməz. Həqiqət naminə deməliyəm ki, orada qətnamə qəbul olunarkən müzakirələr zamanı Çexiyadan olan nümayəndə Azərbaycanın müstəqil və suveren dövlət olduğunu, Avropa Parlamentinin ona konsepsiyasını qəbul etdirmək haqqı olmadığını, Azərbaycanın daxili işinə hörmətlə yanaşmalı olduqlarını dedi. Amma görün qətnamədə nə əksini tapdı: "qanunları dəyişdirin, istintaqı gedən şəxslər üzərindən, - halbuki hələ heç bir nəticəsi yoxdur və istintaq bitməyib, - bütün ittihamlar götürülməli və dərhal azadlığa buraxılmalıdırlar. Hansısa bir iş törədən başqa insanlar isə dərhal tutulmalıdır. Bu, hansı dildə danışmaqdır? Necə yəni göstəriş verilir ki, kimsə azadlığa buraxılsın, kimsə tutulsun? Bəlkə artıq suverenlik, qanunun aliliyi terminləri Avropa Parlamentindən götürülüb, bizim xəbərimiz yoxdur?".
Səməd Seyidov onu da deyib ki, bu qətnamə AP tərəfindən qəbul olunsa da, oranın çox cüzi bir tərkibi tərəfindən təklif olunmuş sənəddir: "Ən maraqlı məqam odur ki, o qətnamənin qəbulunda iştirak edən müxtəlif partiyaların təmsilçilərinin heç biri Azərbaycanda heç bir dəfə də olmayıb. Burada gedən proseslərdən, ümumiyyətlə, xəbərləri yoxdur". Azərbaycan nümayəndə heyətinin rəhbəri onu da deyib ki, AP-də qəbul olunan sənədi təklif edənlər birbaşa erməni lobbisinin çox ciddi təsiri altındadırlar: "Azərbaycana edilən bu təzyiqlərin ən əsas səbəbi də odur ki, Azərbaycan nə Qərbin, nə Şərqin, ümumiyyətlə, heç kimin diqtəsi altında yox, millətin maraqlarına uyğun addımlar atır, öz yolu ilə inkişafı edir".
Belə bir qətnamənin Azərbaycanda "Əsrin müqaviləsi"nin 20 illiyi ərəfəsində qəbul olunmasını təsadüfi saymayan Səməd Seyidovun qənaətinə görə ki, burada böyük geostrateji oyun var: "Bu təzyiqin arxasında erməni lobbisinin Azərbaycan haqqında təqdim etdiyi tamamilə düzgün olmayan məlumatlar və erməni lobbisinin təsiri altında düşmüş parlamentarlar var".
AŞPA sədrinin Azərbaycana səfəri ərəfəsində belə bir qətnamənin qəbul edilməsinin düzgün hal olmadığını şərh edən Səməd Seyidov onu da deyib ki, Azərbaycana qarşı təzyiqlərdən ibarət olan qətnamələr heç vaxt işləməyib, işləmir və bundan sonra da işləməyəcək.
Millət vəkili Çingiz Qənizadə deyib ki, bu cür maddələrin müzakirəyə çıxarılması ölkəmizə qarşı qərəzli davranışdan başqa bir şey deyil: "Dəfələrlə avropalıların Azərbaycana qarşı belə münasibətdə olduqlarını açıq şəkildə göstərdiklərinin şahidi olmuşuq. Onlar hər zaman ölkəmizin daxili işlərinə qarışmağa cəhd ediblər. Ən çox təəssüf doğuranı isə odur ki, öz ölkələrindəki qüsurları görməyib və ya görməzdən gəlib, Azərbaycanda olan hansısa xırda bir nüansı tutur, şişirdir, qlobal problem kimi təqdim edirlər. Məncə, hamıya məlumdur ki, ölkəmiz haqda mənfi rəy yaratmaq hər zaman Avropanın bir sıra qurumlarının, beynəlxalq təşkilatların maraq dairəsində olub. Onlar müəyyən təşkilatları maliyyələşdirməklə ölkədəki müəyyən stabilliyi, sabitliyi pozmağa, gedən inkişafı kölgə altına salmağa çalışıblar. Çalışdıqları ən önəmli məqam isə ölkənin daxili işlərinə birbaşa müdaxilə edəcək qərarlar verməkdir".
Çingiz Qənizadə deyib ki, ölkədə QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması haqda olan iddialar əsassızdır: "QHT-lər, qrantlar haqqında qanuna edilən dəyişikliklər dövlətçilik maraqlarına xidmət edir. Hər bir dövlət kimi Azərbaycan da öz təhlükəsizliyinin təmin olunmasına çalışır. Bəli, ölkədə yalnız dövlət qeydiyyatına alınmış QHT-lər maliyyə vəsaiti ala bilər. Alınan qrantlar da Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir".
Millət vəkilinin fikrincə, heç bir müstəqil ölkə ilə belə danışılmamalıdır: "Onlar sanki diktə ilə danışaraq bizə təzyiq edə biləcəklərini düşünürlər. Cənab prezidentin bu məsələlərlə bağlı konkret mövqeyi var və bunu bütün dünya bilir. Heç kim Azərbaycanla diktə ilə danışa bilməz. Sevindirici haldır ki, o cür çıxışların heç bir nəticəsi yoxdur. Bəlkə də elə ona görə son zamanlar mövqelərini bir az dəyişiblər və başqa manevrlərə əl atıblar. Bütün müzakirələr, verilən bəyanatlar, qərarlar Azərbaycan haqda neqativ fikir yarada bilmir. Bunların müstəqilliyimizə də heç bir təsiri olmayacaq. Cənab prezident hər zaman deyib ki, ölkə daxilində hər hansı problem varsa, onun həlli ilə məşğul olacağıq. Amma heç kim, heç bir beynəlxalq təşkilat bunu diktə ilə deməməlidir. Hər bir ölkədə problemlər olduğu kimi, Azərbaycanda da müəyyən neqativ hallar baş verə bilər. Onları ölkə daxilində müzakirə edib, həll etmək iqtidarındayıq".
Millət vəkili qeyd edib ki, Ukraynada baş verənlər bir daha Azərbaycanın gücünü, nüfuzunu ortaya qoydu: "Onların Ukrayna haqda mövqeləri növbəti dəfə təsdiqlədi ki, bizə qarşı ikili standartdan çıxış edirlər. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər, hətta bu mövzunu Azərbaycanda müzakirəyə qoyurlar, amma bizim ərazi bütövlüyümüz haqda həmişəki kimi qeyri-müəyyən bəyanatlar verirlər. Bizim nümayəndə heyətimiz tədbir zamanı haqlı olaraq bildirdi ki, buradan-bura Qarabağı görmürsünüz, amma Ukraynanın işğalından danışırsınız. Onlar ənənəvi olaraq, belə suallara cavab verməkdən yayındılar. Bu, bir daha göstərir ki, onlar Azərbaycanın işğala məruz qalmasını görməzdən gəlirlər. Hətta əksinə, ölkəmizin müstəqil və qüdrətli olmasını arzulamırlar. Ona görə də imkan düşdükcə, Azərbaycanla bağlı hər hansı bəyanatların, qərarların verilməsinə çalışırlar. Təbii ki, belə halların hamısı nəticəsiz qalacaq...".

Əli