
Səxavət Əlisoy: "...Müsavat Partiyasının bəzi üzvləri Bakıda həmin inqilabın havasını hiss edirlər"
"Müsavat başqanlığına namizədlərdən biri ilə razılığa gəlməyim istisna deyil. Həftə sonu məni dəstəkləyəcək dostlarımla telefonla və ya sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayacağam. Bundan sonra atacağımız pozitiv addımları dəyərləndirəcəyik".
Bunu "modern.az" saytına açıqlamasında Müsavat Partiyası başqanlığına namizəd Səxavət Əlisoy deyib. O bildirib ki, sivil mübarizə aparan, hadisələrə intellektual yanaşan namizədi dəstəkləyə bilər. Səxavət Əlisoy konkret ad çəkməkdən imtina edib: "Mozambikdə bir inqilab olanda, Müsavat Partiyasının bəzi üzvləri Bakıda həmin inqilabın havasını hiss edirlər. Belə adamlar populist şüarlarla cəmiyyəti özlərinə yaxınlaşdırmaq istəyirlər. Mən isə hər bir şeyin hüquqi və intellektual müstəvidə həllinin tərəfdarıyam. Bu yolun tərəfdarı olan namizədlərlə də söhbətimiz olmalıdır. Təklifi mənə də ediblər, mən də təklif etmişəm".
O deyib ki, Müsavatın gələcəyinə dair baxışları üst-üstə düşən namizədlə yaxın günlərdə "centlmen müqaviləsi" bağlaya bilər: "Bu müqavilə bağlanandan sonra kimsə məni dəstəkləyə bilər, yaxud hər hansı namizədi mən dəstəkləyəcəyəm. Bunlar texniki məsələlərdir. Bunun qurultay vaxtı və ya ondan əvvəl gerçəkləşməsini demək hələlik mümkün deyil".
Qeyd edək ki, Müsavat Partiyası sentyabr ayının 27-də növbəti qurultayını keçirəcək. Qurultayda partiyanın yeni başqanı seçiləcək. Başqanlığa namizədlər Səxavət Əlisoy, Qubad İbadoğlu, Arif Hacılı, Tural Abbaslıdır.
Arif Hacılı və Tural Abbaslı daha çox mitinq tərəfdarları kimi tanındığı üçün Səxavət Əlisoyun açıqlamasından belə başa düşmək olar ki, o, praqmatik hesab olunan Qubad İbadoğlunu dəstəkləyə bilər.