Xəzər sammitində beştərəfli sənədlər imzalandı - VİDEO Siyasət

Xəzər sammitində beştərəfli sənədlər imzalandı - VİDEO

Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti çərçivəsində hökumətlərarası beştərəfli sazişlər imzalanıb.
Bu sənədlər aşağıdakılardır:
- Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi;
- Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş;
- Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında Saziş.
Sonra Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov birgə Bəyanat imzalayıblar.
Xəzəryanı dövlətlərin prezidentləri Xəzər hövzəsində əməkdaşlığın prinsiplərini razılaşdırıb və bu, birgə bəyanatda da əksini tapıb.
Sənəd dövlət başçıları tərəfindən imzalanıb.
Bəyanatda bildirilir ki, tərəflər sahil sularında 25 dəniz mili məsafədə bioehtiyatların hasilatı hüququ əldə edirlər. 19 maddədən ibarət sənəddə deyilir ki, tərəflərin Xəzər dənizində fəaliyyəti razılaşdırılmış prinsiplər əsasında olacaq: "O cümlədən hər tərəfin 15 mil məsafədə dəniz məkanının suverenliyi və əlavə 10 mil məsafədə də bioloji resursların hasilatı hüququ təsdiqlənir".
Bəyanatda Xəzər dənizinin dibinin və səthinin hamı tərəfindən qəbul olunmuş prinsiplər əsasında bölüşdürülməsi vacib prinsiplərdən hesab olunur.
Liderlər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət, bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiq etməklə hədələməmək barədə razılığa gəliblər. Həmçinin Xəzər dənizində silahlanmada stabil balansa riayət edilməsi və hərbi təyinatlı obyektlərin inşasının məntiqli və yetərli şəkildə gerçəkləşdirməyin vacibliyi vurğulanıb.
Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, "Xəzər beşliyi" birgə layihələrin koordinasiyası üçün vahid struktur formalaşdıra bilər: "Çoxtərəfli layihələr maliyyə təminatından başqa, həm də daimi təşkilati dəstək tələb edir. Buna görə də, tərəfdaşlarla beştərəfli bir strukturun yaradılması barədə razılaşdıq".