“Müsavatı “ailə partiyası”na çevirmək istəyənlər var” Siyasət

“Müsavatı “ailə partiyası”na çevirmək istəyənlər var”

Qubad İbadoğlu: "Arif Hacılıya da təklif edirəm ki, Müsavatda olmayan ailə üzvlərinin partiyanın işinə qarışmasının qarşısını alsın"
Vaqif Hacıbəyli: "İsa Qəmbərin Müsavatdakı bütün pisliklərdə həmişə barmağı olan qohumun Fəxrəddin Bağırov açıq şəkildə sənə dəstək veribsə..."
Gülağa Aslanlı: "Hövbədənkənar qurultay keçirilə bilər"

Müsavat partiyasının qurultayından sonra ənənvi olaraq gərginlik hökm sürür. Üstəlik AXCP sədri Əli Kərimlinin qurultayın nəticələrini tanımadığını bildirməsi daha kəskin qarşıdurmaların olacağından xəbər verir.
Sədrliyə sabiq namizəd Qubad İbadoğlunun Arif Hacılı ilə bğalı açıqlamalarından sonra Müsavatın yeni başqanının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli özünün Facebook sosial şəbəkəsindəki statusunda ona sərt cavab verib: "Müsavat rəhbərliyinə qarşı mübarizədə uduzmuşam nə deməkdir? Vurğun Əyyub, Mehman Cavadoğlu, hətta Hikmət Hacızadə kimi məşhur Divan üzvləri səninlə bərabər görüşlərə getməyiblərmi? Onlar Müsavat rəhbərliyi deyilmi? İsa Qəmbərin guya gizlində kiməsə dəstək verməsi də absurddur. İsa bəyin doğma qardaşı, ağsaqqal əmisi, başda dostum Vəzir olmaqla mühafizəçiləri, Müsavatdakı bütün pisliklərdə həmişə barmağı olan qohumu Fəxrəddin Bağırov açıq şəkildə sənə dəstək veribsə, onda İsa Qəmbər əl altından sənin əleyhinə nə iş görüb?". Vaqif Hacıbəyli Müsavat başqanlığına keçirilən seçkilərdə məğlub olan Qubad İbadoğlunun Arif Hacılı əleyhinə dediyi bəzi ittihamlara cavab verib. O, seçkidən sonra Tural Abbaslı özünü çox ağayana apardığını, Qubad İbadoğlunun isə faktları tərif etdiyini deyib: "Digər tərəfdən, İsa bəyin səs hüququnu kim əlindən alıb ki? O müsavatçı deyil, bəyəm? Budurmu sizin yeni təfəkkürünüz, yeni nəfəsiniz, yeni simanız? Kənardan heç də yaxşı görünmür, vallah".
Qubad İbadoğlu isə Vaqif Hacıbəylini qərəzli mövqe nümayiş etdirməkdə tənqid edib. O, Vaqif Hacıbəylinin Müsavatın üzvü olmadığı halda, partiya işlərinə qarışmaqda ittiham edib: "Partiyanın üzvü olmayan, qardaşının müdafiəsi üçün başqalarının fikirlərini təhrif edən şəxsin bu fikirləri onu göstərir ki, Müsavatı gələcəkdə bir "ailə partiyası"na çevirmək istəyənlər var. Bu məsələdə hesab edirəm ki, mövqe qoymağa Vaqif Hacıbəylinin nə mənəvi, nə də siyasi haqqı çatır. Mən ona özündən ibarət olan partiyası ilə məşğul olmağı məsləhət görürəm. O, müsavatçı olmasa belə, mən onun ittihamlarını cavablandırardım. Ancaq o, Arif Hacılının qardaşı olduğuna görə, hesab edirəm ki, çox qərəzli və ailə marağından çıxış edərək belə bir status yazıb. Arif Hacılıya da təklif edirəm ki, Müsavatda olmayan ailə üzvlərinin partiyanın işinə qarışmasının qarşısını alsın".
Fəxrəddin Bağırov isə "Vaqif Hacıbəyli kimdir ki, mən onun ittihamlarına cavab verim?",- deyə bu barədə danışmaqdan imtina edib.
Onu ida əlavə edək ki, Əli Kərimlinin məlum açıqlamasına baxmayaraq Müsavat Partiyasının yeni başqanı Arif Hacılı AXCP-ilə münasibətlərə yenidən baxmaq mümkünlüyünü dilə gətirib. Arif Hacılı bununla bağlı deyib ki, Xalq Cəbhəsi ilə müttəfiqlik münasibətləri mümkün olmasa belə, fəaliyyətlərini koordinasiya etmək, uzlaşdırmaq istiqamtində təkliflər vermək niyyətindədir: "Mən AXCP ilə müttəfiqlik münasibətlərinin tərəfdarıyam. İndiki şəraitdə AXCP ilə müttəfiqlik münasibətlərinin qurulmasına bir daha cəhd etmək niyyətindəyəm". Müsavat başqanının bu addımına AXCP tərəfindən reaksiya verilib. Həmin reaksiya rədd cavabı kimi anlaşılıb. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı təmsil olunduğu partiyanın nəzarətində olan mətbu orqan vasitəsilə Arif Hacılıya cavab olaraq deyib ki, Müsavat partiyası heç bir əsas gətirmədən Milli Şuranı tərk etdi və bu da AXCP ilə münasibətlərdə məsafə yaratdı: "AXCP əməkdaşlıq formatı kimi Milli Şurada təmsilçiliyi əsas götürür. Müsavat Partiyasının Milli Şuradan ayrılmasının əsas ilhamvericilərindən biri də Arif Hacılı olub. Müsavatın seçdiyi mövcud kurs, Milli Şuraya münasibət onu deməyə əsas verir ki, bu partiya ilə münasibətlər indiki səviyyədə qalacaq".
Daha bir maraqlı məqam isə başqan müavini Gülağa Aslanlının açıqlamasıdır. O,deyib ki, növbədənkənar qurultayın çağırılması nəzərdə tutulur: "Partiyanın nizamnamə və proqramına dəyişikliklər həmin qurultayda müzakirəyə çıxarılacaq". Onun sözlərinə görə, Müsavat Partiyasının sentyabrın 27-də keçirilmiş qurultayında nizamnamə və proqrama təklif olunan dəyişiklikləri müzakirəyə çıxarmağa vaxt çatmayıb. Gülağa Aslanlı əlavə edib ki, 27 sentyabr qurultayında Məclis və Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlərinin hamısını seçmək mümkün olmayıb: "Namizədliyini vermiş şəxsləri seçmək səlahiyyəti Məclisə verilib. Yəqin ki, Məclisin növbəti sessiyasında bu məsələyə baxılacaq".
ADP sədri Sərdar Cəlaloğlu isə deyib ki, İsa Qəmbərin başqanlıqdan getməsi Müsavat Partiyası üçün üçün zərbədir: "İsa Qəmbərin başqanlıqdan getməsini yanlış hesab edirəm. Azərbaycanda elə bir siyasi səviyyə yoxdur ki, biz praktiki tərəfi qoyub, formal tərəfə önəm verək. İndiki şəraitə gəlincə hesab edirəm ki, təşkilati baxımdan Müsavat Partiyası ən doğru seçimi edib. ".

Əli