“Sahibkarlığa doğrudan dəstək vermək istəyiriksə...” Siyasət

“Sahibkarlığa doğrudan dəstək vermək istəyiriksə...”

"Qanunla nəzərdə tutulmuş hallarda məhkəmələr tərəfindən sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir" müddəasını qanuna daxil etməliyik"

Milli Məlisdə dünən "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev qanuna dəyişikliklə bağlı çıxışında öz irad və təkliflərini bildirib: "Burada 5-ci maddənin 1-ci hissəsində qeyd olunur ki, yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir. Mən hesab edirəm ki, burada belə yazılsa daha doğru olar: "Yalnız qanunla nəzərdə tutulmuş hallarda məhkəmələr tərəfindən sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir. Bilirsiniz ki, bir çox hallarda lisenziya çox qısa bir müddətə, maksimum 5 il müəddətinə verilir. Bir çox sahibkar lisenziya alır, fəaliyyət göstərir, sonradan da lisenziya verən təşkilat sahibkara lisenziya vermir. Məsələn, bu yaxınlarda bir sahibkar mənə müraciət edib ki, dərman satışı ilə əlaqədar lisenziyası olub, indi lisenziyanın vaxtı bitib və onun anbarda 240 min manatlıq malı var. Həmin sahibkarın lisenziyasının vaxtını uzatmırlar, ümumiyyətlə, onun müraciətinə heç bir cavab vermirlər. Müraciət etdiyi şöbə müdiri sadəcə onu bildirib ki, rəhbərlik gərək icazə versin. Rəhbərliklə isə nə görüşmək, nə də əlaqə saxlamaq mümkün deyil. Sahibkar qalıb pis durumda. Kiçik sahibkarlar arasında bir araşdırma aparılsa, xüsusilə də lisenziya ilə fəaliyyət göstərən sahibkarlardan söhbət gedir, səmimi deyirəm, aydın olar ki, onların 85 faizi ya şəkər, ya əsəb, ya da ürək xəstəsidir. Mən hesab edirəm ki, onları bu zülümdən qurtarmaq üçün, sahibkarlığa doğrudan dəstək vermək üçün burada qeyd edək ki, "sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması, yaxud onun dayandırılması yalnız məhkəmə qaydasında ola bilər". Əgər müvafiq orqan lisenziyanın müddətini uzatmaq istəmirsə, qoy müraciət etsin məhkəməyə və ondan sonra müvafiq qərarı məhkəmə versin. Yoxsa ki, lisenziyanı vermir, deyir get, sən məhkəməyə müraciət elə. Bu proses isə uzun müddət davam edəndə, sahibkar qanunsuz fəaliyyət göstərən bir şəxs sayılır. Ona görə də mən təklif edirəm ki, biz həqiqi mənada sahibkarların işini yüngülləşdirmək istəyiriksə, onlara kömək etmək istəyiriksə, "qanunla nəzərdə tutulmuş hallarda məhkəmələr tərəfindən sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir" müddəasını bura daxil etməliyik".