“Azərbaycanın qlobal miqyasda gücü “Şərq Tərəfdaşlığı” üçün vacibdir”- Tural İsmayılov Siyasət

“Azərbaycanın qlobal miqyasda gücü “Şərq Tərəfdaşlığı” üçün vacibdir”- Tural İsmayılov

Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramının ən vacib ölkələrindən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib.

“ Avropa Birliyi və Azərbaycan münasibətləri fərqli, amma bir-birini tamamlayan müxtəlif müstəvilərdə həyata keçirilir. Azərbaycanın Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" çərçivəsindəki əməkdaşlığı 2004-cü ildə qəbul olunmuş "Avropa Qonşuluq Siyasəti" və ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edən, 1996-ci ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzərində qurulub. Elə həmin vaxtdan da ölkəmizin bu proqram çərçivəsində sıx əməkdaşlığı başladı. Azərbaycanın Avropa Birliyi ilə siyasətinin təməlində qarşılıqlı etimadın vacibliyi də önəmlidir. Təəssüf ki, zaman-zaman müəyyən qüvvələr bu əməkdaşlığa xələl gətirməyə cəhdlər ediblər. 2013-cü ildə Azərbaycan ilə Avropa Birliyi arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş imzalanıb. Saziş Azərbaycan vətəndaşları üçün qısa müddətli vizaların daha asan və ucuz alınmasını, o cümlədən rəsmi nümayəndə heyətlərini, 12 yaşdan aşağı uşaqları, təqaüdçüləri, tədqiqatçı və tələbələri tamamilə viza rüsumundan azad edir. 2004-cü ildə qəbul olunmuş Avropa Qonşuluq Siyasəti (AQS) Avropa Birliyinin Cənubundakı və Şərqindəki qonşuluğuna mənsub olan ölkələrlə ortaq maraqlar əsasında demokratiyanın təbliğ olunması, hüququn üstünlüyü, insan haqlarına hörmət, sosial inkişaf naminə əməkdaşlığı nəzərdə tutur. Bu günə qədər Azərbaycan həm öz geostrateji mövqeyi, həm də Avropanın enerji bazarındakı rolu ilə proqram üçün əvəzedilməz ölkə olaraq qalır. Digər bir məqamı da qeyd edim ki, Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən 700 tədqiqat və təhsil müəssisəsində 2 milyon alim, müəllim heyəti və tələbənin yüksək tutumlu genişzolaqlı İnternet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsi olmuşdur. Bu layihədə Azərbaycanı müvafiq dövlət qurumlarının (AMEA, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi) rəsmi dəstəyi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu təmsil edir.”
Dünənki sammitin önəminə toxunan Tural İsmayılov qeyd edib ki, Paşinyan növbəti dəfə Ermənistanı biabır etdi:
“Nəzərə alaq ki, son dövrlər ölkə daxilində müxalifətçilərə qarşı divan tutan Paşinyan onsuz da Aİ-nin strukturları tərəfindən ciddi şəkildə tənqid olunur. Qarabağa çəkilən qanunsuz üçüncü yola görə də Avropa Parlamenti bu dəfə kəskin mövqe ortaya qoydu. Bütün bu həyəcanların fonunda Paşinyanın dünən Şərq Tərəfdaşlığının onlayn sammitində sayıqlamaları insanlarda haqlı qıcıq yaradırdı. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra ingilis dilindəki naşılığını ortaya qoydu. Çıxış yolu erməni dilində danışmaq idi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün təcili ehtiyacların ödənilməsi və təsirin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını da qeyd etdi. Azərbaycan Prezidenti isə çıxışında vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də dərin uçurumun mövcudluğunu nümayiş etdirən tutarlı faktdır. Ermənistan pandemiya qarşısında aciz qalıb pul axtararkən, Azərbaycan başqa ölkələrə pandemiya ilə bağlı yardımlar edib.
O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi, Ramil Səfərovun Azərbaycana esktradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirdi. Paşinyan ya savadsızlığından, ya da siyasi hikkəsindən nəzərə almadı ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib. Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxundu. O, bir daha Paşinyanı btün beynəlxalq aləm qarşısında siyasi nokauta düçar etdi. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş vermişdi. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq əslində əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunur. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın o vaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilir, mənzil və işlə təmin olunur. “
Ekspert vurğulayıb ki, Ermənistan artıq nə region, nə də Qərb üçün heç bir siyasi dəyər əxz etmir.