Dövlət başçısı “Xocalı” abidəsini ziyarət edib Siyasət

Dövlət başçısı “Xocalı” abidəsini ziyarət edib

Soyqırım qurbanlarının xatirəsi Azərbaycan ərazisində bir dəqiqəlik sükutla yad edilib

Prezident İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı" abidəsini ziyarət edib. APA-nın məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Baş nazir Artur Rasizadə, Milli Məclis sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da abidənin önünə gül dəstələri qoyublar.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.
Anma mərasiminin iştirakçıları abidənin önünə qızılgüllər, qərənfillər düzüblər.
Qeyd edək ki, dünən saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Həqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.