Cəbhədəki məğlubiyyət Ermənistandakı böhranı daha da dərinləşdirib, Paşinyan iqtidarına inamı heçə endirib Siyasət

Cəbhədəki məğlubiyyət Ermənistandakı böhranı daha da dərinləşdirib, Paşinyan iqtidarına inamı heçə endirib

Azərbaycan Ordusunun cəbhədə mühüm üstünlük əldə etməsi - minlərlə düşmən hərbçisini, yüzlərlə hərbi texnikanı məhv etməsi Ermənistanda daxili siyasi vəziyyəti daha da mürəkkəbləşdirib. İşğalçı ölkədə böhran getdikcə dərinləşir, cəbhədəki məğlubiyyət Paşinyan iqtidarına olan inamı heçə endirib və bu reallıq açıq şəkildə üzə çıxmağa başlayıb. Artıq yerli əhali faşizm ideologiyasının davamçısı olan Paşinyandan canlarını qurtarmaq üçün yollar axtarır.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Çingiz Qənizadə deyib ki, təcavüzkar ölkə ağır artilleriya qurğularından, qadağan olunmuş silahlardan, həmçinin ballistik raketlərdən istifadə etməklə faşist xislətini ortaya qoyub. Artıq Dağlıq Qarabağ ərazisindən xeyli kənarda yerləşən yaşayış məntəqələri, şəhər və rayonlar atəşə tutulur, dinc əhali arasında ölən və yaralananlar var. Əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub. Düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozur. Ermənistanın hərbi təcavüzü nəticəsində son 13 gün ərzində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması, Gəncə və Mingəçevir şəhərlərinin isə raket atəşinə tutulması nəticəsində 41 dinc sakin həlak olub, 205 sakin yaralanıb. Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 1165, çoxmənzilli yaşayış binalarının sayı 57, mülki obyektlərin sayı isə 146- ya çatıb.

Cəbhədə vəziyyət gərginləşəndən Ermənistan silahlı qüvvələrinin ətrafdakı yaşayış məntəqələrini istifadəsi qadağan olunan silahlardan atəşə tutması davam edir. Ermənistanın Gəncə və Mingəçevirdə mülki əhaliyə qarşı “Skad” raketindən istifadə etdiyi bəlli olub.

Bu ballistik raketlər nüvə başlığını daşımaq iqtidarındadır. ANAMA tərəfindən aparılan hərtərəfli istintaq da bunu təsdiq edir. Ballistik raket mülki əhalinin sıx yaşadığı əraziyə böyük ziyan vurub. Ermənilərin dinc sakinləri kasetli bombalarla hədəfə alması, təhlükəli silahlardan dinc əhaliyə qarşı istifadə etməsi nədənsə beynəlxalq aləmi narahat etmir. Axı, kasetli bombalardan da istifadə müharibə qanunlarına ziddir.

Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar, müstəqil ölkələrə “demokratiya dərsi” keçən dövlətlər hələ də gözləmə mövqeyindədirlər. Mən ATƏT-in Minsk qrupu həmsədrlərinin biganəliyini xüsusi qeyd etmək istərdim. Əgər üzərinə götürdüyün missiyanı yerinə yetirə bilmirsənsə, çəkil kənara. 30 ilə yaxındır ki, yerində sayan bu təşkilat görəsən, daha neçə il işğalçının nazı ilə oynamaq fikrindədir? Cəbhədən kənarda yaşayan insanlar təşviş içərisindədirlər. Onlar evlərində hər an ölümlə üz-üzədirlər. Biz bunu Gəncədə dinc insanların gecə yatarkən evlərinin vurulması zamanı da gördük. Müharibə dövründə dinc əhalini vəhşicəsinə qətlə yetirmək beynəlxalq hüquqda cinayət hesab edilir.

Ermənistanın ölkəmizə qarşı müəyyən növ silahlardan istifadə etməsi təcavüz faktıdır. Bu, beynəlxalq konvensiyalarla təsbit olunur. 1974-cü ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Təcavüzün müəyyən edilməsi haqqında” qətnamədə göstərilir ki, təcavüz təkcə müəyyən bir ərazinin işğal edilməsi demək deyil, təcavüz, hətta o deməkdir ki, bir dövlət tərəfindən başqa bir dövlətə qarşı qadağan olunmuş silahlardan istifadə edilir.

Ermənistan və Azərbaycan dövlətlərinin hər ikisi 1949-cu il “Müharibə qurbanlarının beynəlxalq hüquqi müdafiəsi haqqında” 4 Cenevrə beynəlxalq konvensiyasına qoşulub. Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlayan gündən götürdüyü beynəlxalq öhdəliyə əməl etmir, həmin konvensiyaların müddəalarını kobud şəkildə pozur. Təəccüblüdür ki, bu vaxta qədər hər hansı bir beynəlxalq təşkilat və ya inkişaf etmiş dövlətlər indiyədək bu pozuntuya münasibət bildirməyiblər. Bu gün mülki əhalinin qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması, dinc əhalinin, hətta uşaqların ağır yaralanması beynəlxalq cinayət hesab olunur.

Dinc əhalinin qadağan olunmuş silahlardan, istərsə də adi silahlardan atəşə tutulması və öldürülməsi beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq humanitar hüquq müharibə dövründə insan hüquqlarının müdafiəsinə yönəlmiş, müharibə aparılmasının metod və vasitələrini məhdudlaşdırır, onları reqlamentləşdirir. İnsanlıq əleyhinə yönəlmiş çirkin əməllərindən əl çəkməyən Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyasını, o cümlədən beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozması Gəncəni raket atəşinə tutması zamanı da özünü açıq şəkildə büruzə verdi. Halbuki bu hadisədən bir gün əvvəl 2020-ci il oktyabrın 10- da saat 12-00 - dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün Rusiya xarici işlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri atəşkəs elan olunması barədə razılığa gəlmişdilər. Bu razılaşmanın mürəkkəbi qurumamış erməni faşistləri Gəncəni qadağan olunmuş silahlardan atəşə tutdular və sıralarında uşaq olmaqla 10 dinc sakin həlak oldu. 16 qadın, 6 azyaşlı olmaqla, 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib. Bu, Ermənistanın faşizmə ideologiyasına sadiqliyinin bariz nümunəsidir.

Beynəlxalq humanitar hüquq iki hissədən ibarətdir: Haaqa və Cenevrə hüququ. Haaqa hüququ müharibənin aparılmasının üsul və vasitələrini müəyyənləşdirən hüquq sistemidir, Cenevrə hüququ isə müharibə iştirakçılarının, o cümlədən mülki şəxslərin hüquqlarını qoruyan hüquq sistemidir. Bu gün Ermənistan hər iki hüququn prinsiplərini kobudcasına pozur.

Əhalini məhvetmə insanlıq əleyhinə cinayət kimi Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində, BNŞ-nın10 nömrəli Qanununun 11-ci maddəsində, YBCT və RBCT nizamnamələrinin 5-ci və 3-cü maddələrində, Sülh və Bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər məcəlləsi layihəsinin 2-ci maddəsində və BCM Statutunun 7-ci maddəsində öz əksini tapmışdır.

Təəssüf ki, Ermənistanın havadarları bu ölkənin insanlıq əleyhinə cinayəti ört-basdır etmək üçün bu vəhşiliyi Dağlıq Qarabağ ətrafında olan münaqişə kimi qələmə verirlər. Hətta bir çox qurumlar Dağlıq Qarabağ ərazisini mübahisəli zona olduğunu deyib, münaqişənin nizamlanmasına, dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinə laqeyd yanaşırlar. Belə düşüncə sahiblərindən soruşmaq lazımdır ki, Gəncənin, Mingəçevirin, Xızının Dağlıq Qarabağla nə əlaqəsi? Deməli, Ermənistanın siyasi rəhbərliyinin əsas məqsədi “böyük Ermənistan” dövləti yaratmaqdır. Özü də qonşu dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı hesabına.

Ermənistanın dinc əhalini hədəfə alması məqsədli xarakter daşıyır. Təcavüzkarlar tərəfindən, əsasən, iriçaplı silahlardan dinc əhalini yaşadıqları yerlərdən tərk etməyə vadar etmək üçün istifadə olunur. Bu da beynəlxalq konvensiyalarla yanaşı, dinc əhalinin konstitusion hüquqlarının pozulması, insan haqlarının tapdalanması deməkdir. Görəsən, dünya birliyi Ermənistanın beynəlxalq hüquq normalarını tapdamasına nə vaxta qədər dözəcək?