“Müsavat Partiyası artıq ikiyə bölünüb” Siyasət

“Müsavat Partiyası artıq ikiyə bölünüb”

Səxavət Əlisoy: "Bu ikiyə bölünmüş partiyanın isə birlikdə fəaliyyət göstərməsi müşkül məsələdir"

Əlövsət Talışxanlı: "Partiya yaratmaq fikirimiz aktuallaşarsa, onu yaxın günlərdə elan edəcəyik"

Müsavat Partiyasında qurultaydan sonra yaranmış gərginlik səngimir. Partiya üzvləri konkret olaraq iki hissəyə bölünüb. Yeni vəziyyəti qəbul edənlər və etməyənlər. Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin isə "Müsavat"da baş verənləri partiya ilə hakimiyyətin savaşı kimi qiymətləndirməsi ortalığı daha da qızışdırdı. Partiya üzvü Vurğun Əyyub bu məsələdə ortaya daha sərt mövqe qoyub: "Əsas məsələ isə İsa Qəmbərin bu mübarizədə müsavatçıların, yoxsa hakimiyyətin yanında olub, olmamasıdır. İsa Qəmbər bu suala cavab verməlidir ki, kimlərin yanındadır?".
Gözlənildiyi kimi, "Müsavat" başqanının müavini Gülağa Aslanlı bu fikrə reaksiya verib və İsa Qəmbərin fikrini yüksək qiymətləndirib: "Bircə cümlədən ibarət açıqlama çox yerində bildirilmiş ifadədir. Bunu kimlərinsə öz üzərinə götürməsi bəzi mətləblərin açılmasına səbəb olur".
İsa Qəmbərin müdafiəsinə çıxanlar arasında Müsavat Partiyası Divanının üzvü Vəfa Cümşüdlü də var. O da deyir ki, partiyanı İsa Qəmbərin idarə etməsi barədə fikrlər kökündən yanlışdır: "İsa Qəmbər heç vaxt kiminsə fəaliyyətinə müdaxilə etməyib. Partiyanın başqanı, Divanı və Məclisində təmsil olunanlar mübarizə yolunu keçmiş, siyasi təcrübəsi və təşkilatçılıq qabiliyyəti olan insanlardır".
Bütün bunlarla yanaşı, "Müsavat"da narazı qalanların gizli fəaliyyətdə olması məlumdur. Müsavat Partiyasının başqanlığına sabiq namizədi, partiyanın növbədənkənar qurultayının keçirilməsi ilə bağlı yaradılan işçi qrupunun üzvü Səxavət Əlisoy bəzi ip ucları verir. O açıqca deyir ki, qurultayın nəticələrindən narazı qalan insanlar yeni format axtarışındadırlar.
Belə məlum olur ki, danışıqlar Qubad İbadoğlu və Əlövsət Talışxanlı arasında gedir. Artıq "inqilabçi qrup" gələn həftə qərar verəcək.
Müsavat Partiyasnda davam edən böhranlı vəziyyət adıçəkilən siyasi qurumun rayon təşkilatları arasında da fikir ayrılıqları ilə müşahidə edilir. Partiyaya yaxın media orqanında və sosial şəbəkədə iki cinaha ayrılmış rayon təşkilatları mövcud vəziyyəti ittiham şəklində dəyərləndirirlər. Müsavatın Mingəçevir rayon təşkilatının sədri Nurəddin Rüstəmli partiya üzvlərinin yeni başqanlıq tərəfindən cəzalandırılmasının qəti əleyhinə olduğunu deyib və parçalanmanın baş verməsini istisna etməyib: "Bu vəziyyətdən çıxış yolu kimi başqa addımlar atılmalıdır. Partiya rəhbərliyi ən azından siyasətini dəyişməlidir. Hazırda partiyanın iki yerə bölündüyü göz önündədir. Partiya rəhbərliyi bu iki qrupun arasında birlik yaratmalıdır. Çünki burada söhbət 3-5 nəfərdən getmir. Bölünən tərəflər demək olar ki, yarıbayarıdır. Partiyanın elitası istefa verir. Düzdür, yeni simalar gətiriblər. Ancaq Hikmət Hacızadəni, Nəsib Nəsiblini əvəz edəcək kadrlar Müsavatda yoxdur. Buna görə də düşünürəm ki, rəhbərlik bir addım atmalı və istefaların qarşısını almalıdır. Həmçinin cəza mexanizminə son qoyulmalıdır".
Partiyanın İsmayıllı rayon təşkilatının sədri Vidadi Həmidli də mövcud vəziyyətdə başqan Arif Hacılını, eks-başqan İsa Qəmbəri və onun ətrafını ittiham edib: "Düşünürəm ki, Arif Hacılı narazı tərəfi yığıb danışıq aparmalı, onları dinləməlidir. Arif bəy buna mütləq təşəbbüs etməlidir. Həmçinin İsa Qəmbər də bu işə qarışmalı və fikrini bildirməlidir".
Müsavatın Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli isə qeyd edib ki, kimlərisə cəzalandırmaq çıxış yolu deyil: "Partiyada baş verən son olaylarla əlaqədar onu demək istəyirəm ki, bunlar heç xoşagələn vəziyyət deyil. Təbii ki, bu vəziyyət partiyanın birliyini sarsıdacaq haldır. Tərəflər bir-birini günahlandırırlar. Ancaq mən düşünürəm ki, günahkar axtarmaq lazım deyil. Qurultay keçirilib və heç kimin də şübhəsi yoxdur ki, Müsavat Partiyasında şəffaf seçkilər olub. Seçkinin nəticələrini hər kəs qəbul etməli idi və bu cür söz-söhbətlər lazım deyildi. Çünki bu cür söz-söhbətlər cəmiyyətdə Müsavat Partiyası haqqında pis fikirlər formalaşdırır. Partiya rəhbərliyi lazımi addımlar atıb bütün bunlara son qoymalıdır. Kimlərisə cəzalandırmaq çıxış yolu deyil".
Qeyd edək ki, Müsavatdan istefa verən tərəflər narazıların fraksiyasını yaratmaq üçün hazırlıqlara başlayıblar və onların əsas tələbləri növbədənkənar qurultayın keçirilməsi, başqanlıq seçkisində ikinci turun keçirilməsi və yenidən Məclisə, Divana üzvlərin seçilməsindən ibarətdir. Partiyanın yeni rəhbərlik strukturu isə onların bu tələblərinin nizamnaməyə zidd olduğunu əsas gətirərək, həmin tələblərin yerinə yetirilməsinin mümkünsüzlüyünü bildirirlər.
Müsavatdan istefa vermiş keçmiş partiya funksioneri Səxavət Əlisoy Müsavatda növbədənkənar qurultayın keçirilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib ki, ümumiyyətlə Müsavatda növbədənkənar qurultayın reallaşması mümkün deyil: "Partiyanın Nizamnaməsində göstərilir ki, ancaq Müsavatın rayon təşkilatlarının 1/5-i, Məclis üzvlərinin 1/3-i məsələ qaldırdığı halda partiyada qurultay keçirilə bilər".
Keçmiş partiya funksionerinin sözlərinə görə, demokratiyanı anlamayan Arif Hacılı tərəfdarları isə hay-küy salmaqla məşğuldur: "Onlar hər vəchlə sərbəst fikir söyləyəni özlərinə düşmən hesab etdiyindən, bunun yolverilməz olduğunu vurğulayırlar və bu məsələləri hakimiyyətlə bağlamaq istəyirlər. Ancaq hər bir şey ortadadır. Bu gün Müsavat Partiyasında baş verənlər onu göstərir ki, partiya artıq ikiyə bölünüb. Bu ikiyə bölünmüş partiyanın isə birlikdə fəaliyyət göstərməsi müşkül məsələdir. Plüralizmi, söz azadlığını qəbul etməyənlərlə avtoritar düşüncəli insanların birlikdə fəaliyyəti qeyri-mümkündür. Burada hər zaman intriqalar olacaq və bu intiriqa, çəkişmələr partiyanın inkişafına böyük zərbə vuracaq. Onsuzda Müsavat Partiyasının keçirilən qurultayında ona böyük zərbələr vurulub. Ağlı başında olanlar anlayırlar ki, buradan çıxış yolu yalnız partiyadan saxtakarlıq adının götürülməsidir. Bu isə ancaq Müsavatın növbədənkənar qurultayında baş verə bilər. Əks halda, bölünmə qaçılmazdır".
Səxavət Əlisoy Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun narazı müsavatçıların partiyanın başqanı Arif Hacılını məhkəməyə vermək məsləhətinə münasibətini bildirərkən deyib ki, ADP sədrinin Müsavatın taleyinə biganə qalmaması normaldır: "Sərdar bəy ömrünün yarısını siyasətlə məşğul olan insandır. Sədri olduğu partiya uzun müddət Müsavatla müttəfiqlik edib". Bu baxımdan, Sərdar Cəlaloğlunun sözügedən məsləhətini dəyərləndirəcək və müzakirəyə çıxaracaqlar: "Şəxsən mən, Sərdar bəyin bütün məsləhətlərini dəyərləndirirəm və biz bunu müzakirə edəcəyik".
Qeyd edək ki, ADP sədri narazı müsavatçıların Müsavat rəhbərliyini məhkəməyə verməli olduqlarını demişdi. Arif Hacılı tərəfdarları isə Sərdar Cəlaloğlunu partiyanın daxili işlərinə müdaxilə etməkdə ittiham etmişdilər.
Onu da əlavə eədk ki, Müsavat partiyasında qurultayın nəticələrindən narazı qalanlar- Səxavət Əlisoy, Qubad İbadoğlu və Əlövsət Talışxanlı arasında uzun müddətdir aparılan müzakirələrə bu həftə yekun vurulacaq. Danışıqların nəticəsində ya yeni birlik, ya partiya yaranacağı deyilir.
Müsavat partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq üzvü Əlövsət Talışxanlı yeni partiyanın yaradılması məsələsini təsdiqləyib: "Danışıqlar hələ ki, mətbəxt səviyyəsində aparılır. Partiya yaratmaq fikirimiz aktuallaşarsa, onu yaxın günlərdə elan edəcəyik". "Bəs, Qubad İbadoğlu Müsavat partiyasından ayrılacaqmı" sualına Əlövsət Talışxanlının cavabı belə olub: "Bu sual Qubad bəyə ünvanlanmalıdır. Mən onun adından heç nə deyə bilmərəm. Hər halda Müsavatdakı indiki durum orda fəaliyyət göstərməyi mümkünsüz edib. Qubad İbadoğlu iqtisadçı və gənc alimdir. Gənc və yaşlı nəsil arasında bir körpüdür. Mən ona inanıram. Başqa cür mümkün deyil".
Müsavat partiyasının Divan üzvü Nemət Kərimli isə deyib ki, Müsavat partiyası Binəqədi rayon təşkilatının Şura üzvü Arif Əzizzadə ilə aramızda insident olub. O bildirib ki, qarşıdurmada ilk addım Arif Əzizzadə tərəfindən atılıb: "Bu adam şər və böhtançıdır. İlk addımı o atdı, mən də rekaksiya verdim. O da məndən şikayət edib. Yazdıqları şərdir. Mən də öz növbəmdə Mərkəzi–Nəzarət Təftiş Komissiyasına müraciət etdim".
Nemət Kərimli əlavə edib ki, Arif Əzizzadə təxribatla məşğuldur: "Onu öyrədib göndərmişdilər". "Baş verən hadisədən sonra Arif Hacılının göstərişi ilə Nemət Kərimliyə bir müddət partiyaya gəlməmək tövsiyyə edilib" fikrini Nemət Kərimli belə cavablandırıb: "Hazırda o, qərargahdan məlumat verir. Mən də burdayam. Bu cəfəngiyyatdır"
Xatırladaq ki, Müsavat partiyası Binəqədi rayon təşkilatının Şura iclasında dava düşüb. Müsavat partiyası Binəqədi rayon təşkilatının Şura üzvü Arif Əzizzadənin partiyanın yeni rəhbəri Arif Hacılıya qarşı çıxışı Müsavat partiyasının Divan üzvü Nemət Kərimli tərəfindən hiddətlə qarşılanıb.
Baş verən hadisədən sonra Arif Hacılının göstərişi ilə Nemət Kərimliyə bir müddət partiyaya gəlməmək tövsiyyə edilib.

Əli