44 gün ərzində əsgərlərimiz əsl qəhrəmanlıq nümunəsi göstərdilər - Deputat Siyasət

44 gün ərzində əsgərlərimiz əsl qəhrəmanlıq nümunəsi göstərdilər - Deputat

Bu böyük qələbədir. Çox böyük qələbə. Üstəlik, illərdir gözlədiyimiz, həsrətində olduğumuz qələbə. Həmin qələbəni bizlərə yaşadan Ali Baş Komandana, müzəffər ordumuza eşq olsun. Bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, 44 gün ərzində hamı Ali Baş Komandandan xoş müjdə almaq arzusu və ümidi ilə sabahlarını açdı, hamı müharibədən danışdı, hamı Qarabağa, cəbhəyə kökləndi, bütün qəlbi və əzmi ilə milli birlik nümayiş etdirdi:

“Buna görə də qələbəyə çatdıq, qələbəni gördük, qələbəni daddıq, qələbəni yaşadıq.

Təsəvvür edin, Şuşa artıq bizdədir. Biz artıq Kəlbəcərin, Laçının dağlarını, meşələrini xatirələrimizdə deyil, canlı olaraq gəzəcəyik. Biz Zəngilanın, Fizulinin, Cəbrayılın, Qubadlının qızıldan qiymətli torpaqlarına ayaq basacağıq. Dəyərli soydaşlarımız öz vətənlərinə, doğma ata-baba ocaqlarına geri qayıdacaqlar. Bundan gözəl xəbər, hadisə, xoşbəxtlik ola bilərmi? Bir insan həyatında bundan gözəl hiss yaşaya bilərmi?

Bu 44 gün ərzində əsgərlərimiz, igidlərimiz əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Şəhid olan qardaşlarımızın ruhu qarşısında baş əyirəm, Tanrıdan onlara rəhmət diləyirəm. Həmin şəhidlər vətən uğrunda canlarını fəda etdilər, qisasımızı aldılar, tarix yazdılar, övladlarımızın, gələcək nəsillərin xoşbəxtliyi üçün, vətən üçün, sabahımız üçün ölümü gözə aldılar.

Mən bir daha bu böyük qələbə münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm. Bizə qələbələr yaraşır. Tanrı hər zaman doğma Azərbaycanımıza qələbələr bəxş etsin”.