Tarixi qələbəmiz, Azərbaycan qazının Avropaya çıxarılması ötən ilin ən böyük uğurlarıdır - Komitə sədri Siyasət

Tarixi qələbəmiz, Azərbaycan qazının Avropaya çıxarılması ötən ilin ən böyük uğurlarıdır - Komitə sədri

Xalqımızı yeni qələbələr gözləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə söylədiyi fikirlər dövrün reallıqlarını əks etdirməklə, gələcəyə nikbin baxmağa və dövlətimizin daha da güclənəcəyinə, iqtisadiyyatımızın daha da inkişaf edəcəyinə böyük inam yaradır.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, dövlətimizin başçısı vətən müharibəsində qazanılan möhtəşəm tarixi qələbəyə böyük önəm verməklə "Biz tarixi ədaləti bərpa etdik", "Bizim şanlı qələbəmiz, bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi" deməklə, öz fəaliyyətində bir daha xalqa arxalandığını, xalqa xidmət etdiyini nümayiş etdirdi:

"Müharibənin və koronavirus pandemiyasının iqtisadiyyatımıza təsirləri nəticəsində 4 faiz geriləmənin olmasına baxmayaraq, qeyri-neft sektorunun gəlirlərinin 11 faiz artması, kənd təsərrüfatında 7 faizlik artıma nail olunması, Dövlət Neft Fondunun vəsaitlərinin azalmaması, valyuta ehtiyatlarının qorunub-saxlanılması, bir çox sosial layihələrin uğurla həyata keçirilməsi, Azərbaycan qazının Avropa məkanına çıxarılması, ilk növbədə düşmən üzərində qazanılan tarixi qələbə, koronavirusa qarşı mübarizəyə bütün dünyanı cəlb etməyimiz keçdiyimiz 2020-ci ilin uğurlarından sayılmalıdır".

T.Rzayev vurğulayıb ki, kadr islahatlarının müvəffəqiyyətlə həlli, iqtisadi-sosial, mədəni həyatda yeniliklərə, saxtakarlığın, əliəyriliyin, süründürməçiliyin aradan qaldırılmasına zəmin yaradıb və insanların rahatlığını təmin edib: "Cənab İlham Əliyevin müşavirədə səsləndirdiyi ifadələr və qarşıya qoyduğu vəzifələr xalqa, vətənə, torpağa məhəbbətdən, hər bir vətəndaşa, şəhid ailələrinə, qazilərə qayğı və diqqətdən qaynaqlanıb. Ölkəmizin daha da inkişaf etməsinə, dövlətimizin, ordumuzun möhkəmlənməsinə istiqamətləndirilib. "Torpaqlarımız mütləq işğaldan azad ediləcək", "Qarabağ Azərbaycandır!" inamı ilə yaşayan və sözünü əməli ilə sübuta yetirib azğın düşmənə diz çökdürən, xalqın torpaq, od-ocaq həsrətinə son qoyan Prezidentimizin qarşıya qoyduğu vəzifələrin yerinə yetiriləcəyinə heç bir şübhə ola bilməz və sözsüz ki, bundan sonra xalqımız daha böyük qələbələrə nail olacaqdır".