Azərbaycanın antiterror əməliyyatlarında  beynəlxalq hüququn qorunması Siyasət

Azərbaycanın antiterror əməliyyatlarında  beynəlxalq hüququn qorunması

Münaqişəyə qısa baxış

1991-ci ilin oktyabrında Azərbaycan özünün tarixi müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas hədəflərdən biri də Sovetlər dövründə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətindəki erməni seperatizminə qarşı mübarizə idi. 1991-ci ilin noyabrın 26-da hüquqi statusu ləğv edilməsinə baxmayaraq erməni daşnakları buradakı azərbaycanlılara qarşı terror aktları törədir,onları öz doğma yaşayış məntəqələrindən çıxmağa məcbur edirdilər. Oxşar hadisələr hələ 1988-ci ildən Ermənistan SSR ərazisindəki tarixi azərbaycanlılara qarşı başlamışdı. Sonrakı illərdə ermənilər öz havadarlarının köməyi ilə keçmiş DQMV və ətraf rayonları 1992-1993-cü illərdə işğal etdilər. 1992-ci ilin fevralın 26-da Xocalıda dinc insanlara qarşı qətliam həyata keçirdilər. Bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən pislənsə də seperatçılar öz çirkin niyyətlərindən əl çəkmədilər. İşğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlılarının qeyd-şərtsiz çıxması üçün BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinə işğalçı ölkə əməl etmədi. Torpaqlarımızın azad edilməsi üçün ATƏT-in Minsk qrupununu vasitəçiliyi ilə keçirilən görüşlər də nəticəsiz qaldı.

Münaqişə getdikcə alovlanır

2014-cü ilin yayında erməni diversiya qrupunun qarşısının alınması sübut etdi ki, rəsmi Ermənistanın sülh vasitəsi ilə əraziləri tərk etmək fikri yoxdur. 2016-cı ilin aprelin 2-6-da təmas xətti boyu gərginliyin olması və hərbi əməliyyatlar Azərbaycan xalqının yeni şəhidlər verməsi ilə nəticələndi. Lakin düşmənə qarşı ərazi itkisinin olmaması xalqımızın döyüş ruhunu daha da qızışdırdı. Bundan sonrakı diplomatik danışıqlar yenə də bir nəticə vermədi.

Yeni müharibəyə səbəb- cazus bellum

2016-cı ilin aprel hadisələrindən sonra Ermənistanda başlamış sosial və siyasi gərginlik Nikol Paşinyanın “məxməri inqilab”la hakimiyyətə gəlməsinə səbəb oldu. İrqçi və etnik şüarlarla silahlanmış bu ölkənin yani baş naziri N. Paşinyan tez-tez işğalda olan Azərbaycan ərazilərinə səfər edir və bu torpaqların Azərbaycana güzəştə gedilməyəcəyini bildirirdi. Nəticədə bu da münaqişənin sülh yolu ilə aradan qaldırılmasına maneə olurdu. Bu azmış kimi, dəfələrlə təmas xəttində atışmalar da baş verirdi. Belə gərginlik 2020-ci ilin iyul ayında pik həddinə çatdı. Azərbaycanla Ermənistan arasında sərhəd rayon olan Tovuzda baş verən atışmalar nəticəsində yüksək rütbəli azərbaycanlı zabitlər həlak oldular. Hətta onların arasında general-mayor Polad Həşimov da vardı. Bu hadisədən sonra seperatçı rejim bir neçə dəfə - avqust və sentyabr aylarında yenidən təmas xəttini pozdu və divesiya hücumları müşahidə edildi.
2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusu düşmənin növbəti təxribatların birində əks hücuma keçərək düşmənə layiqincə cavab verdi.Təmas xətti boyunca mülki əhali və mülki obyektlər ermənilər tərəfindən hədəfə alındı. Azərbaycan ordusunun komandanlığı təmas xətti boyunca iri artilleriya qüvvələri ilə yanaşı müasir səma tipli döyüş texnikalarndan və Pilotsuz Uçan Aparatlardan istifadə edirdi. Düşmənin qərargah və döyüş mövqelərinin məhv edilməsi zamanı ordumuz beynəlxalq hüququn bütün prinsiplərinə gözləyirdi. Belə ki, hərbi əməliyyatlar zamanı aşağıdakı məsələlər nəzərə alınırdı :
1. Mülki insanların yaşayış məskənlərinin toxunulmazlığı
2. Yerüstü və yeraltı tarixi mədəni irsin qorunması
3. Ətraf mühitin təhlükəsizliyi (su hövzələrinin qorunması, meşə və bitki örtüyünün qorunması)
4. Enerji mənbələrinin təhlükəsizliyi (Su və istilik elektrik stansiyalarının toxunulmazlığı)
5. Mülki insanlarla, əsirlər və yaralılarla davranışlar
Yuxarıda qeyd edilən bu bəndlər ordumuz və rəhbərliyimiz tərəfindən hərbi əməliyyatlar zamanı gözlənilirdi. Qeyd edək ki, döyüşlərin aktiv fazasında həmsədr dövlətlərin təhriki ilə Azərbaycanla-Ermənistan arasında humanitar atəşkəs elan edilsə də oktyabrın 10-da düşmən qadağan olunmuş raket mərmilərini Gəncə şəhərinə dinc insanların yaşayış məskənlərinə atmışdır. Nəticədə xeyli yaşayış binası dağılmış, 26 nəfər həlak olmuş, 125 nəfər yaralanmışdır . Bundan sonra Azərbaycan silahlı qüvvələri düşmənə məxsus hərbi mövqeləri məhv etmiş,qarşı tərəf yenidən humanitar atəşkəs tələb etmişdir. Bununla da yenidən erməni silahlı qüvvələri bu dəfə oktyabrın 28-də Bərdə şəhərinin mərkəzinə raket atmış və nəticədə 21 nəfər həlak olmuş, 83 nəfər ağır yaralanmışdır. Bu vəhşilik heç bir beynəlxalq hüquq konvensiyasına uyğun gəlməsə də, əksər qurumlar bu terrora ciddi reaksiya verməmişlər.
Azərbaycan Silahlı Qüvvələri müasir intellektual idarəetmə sistemləri və informasiya texnologiyalarının tətbiq edildiyi havadan dəqiq hücum edən cihazların köməyi ilə yalnız düşmənin hərbi qüvvəsini məhv etdiyi halda, erməni tərəfi isə Gəncədə, Bərdədə , Naftalanda, Ağcabədidə və Beyləqanda da dinc sakinləri hədəfə almışdır. İkinci dünya müharibəsindən sonra ən çox mərmi atılmış şəhər sayılan Tərtər rayonunda isə bütün ictimai infrastruktur dağıdılmışdır. Bundan başqa təmas xəttindən kənarda olan və Azərbaycanda enerji ehtiyatı rolunu oynayan Mingəçevir şəhərinə atılmış ballistik raketin qarşısının alınması düşmənin beynəlxalq humanitar hüquqa əməl etmədiyini göstərir. Qeyd etmək lazımdır ki, ermənilərin raket hücumlarına məruz qalan Abşeron şəhəri və Xızı rayonu döyüşlərin getdiyi bölgələrdən çox uzaqda yerləşir.
Seperatizmə qarşı Azərbaycan ordusunun uğurla apardığı hava hücum və diversiya həmlələri zamanı beynəlxalq hüququn bütün şərtləri qorunmuş,lazım gəldikdə qarşı tərəf üçün meyitlərin və yaralıların çıxarılmasına şərait yaradılmışdır. Bu isə 1949-cu ilCenevrə konvensiyasının maddələrinə əməl edilməsini göstərir.
Azərbaycan Respublikasınını prezidenti , Silahlı Qüvvələrimizin Ali Baş komandanı İlham Əliyev bu hərbi əməliyyatlar zamanı yerli və beynəlxalq media orqanlarına müsahibələrində bildirir ki, hərbi əməliyyatlar Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərində aparılır. Burada əsas məqsəd silahlı erməni birləşmələrini məhv etməkdir. Keçmiş Dağlıq Qarabağ ərazisindəki erməni icmasının şəxsi təhlükəsizliyi tam təmin edilmişdir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq onu da əlavə etmək lazımdır ki, erməni təcavüzkarları işğal etdikləri Azərbaycan ərazisində tarixi abidələri yerlə-yeksan edir, qeyri-qanuni arxeoloji qazıntılar aparır və mövcud mədəni irsimizi öz adlarına çıxmaqla bu ərazilərin onlara məxsus olmaları haqqında uydurma elmi müddəalar irəli sürürdülər. Bütün bunlar isə “Silahlı Münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında Haaqa konvensiyası”nın (1954-cü il), “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris konvensiyası”nın (1990-cı il), “Arxeoloji İrsin Mühafizəsi haqqında Avropa Konvensiyası”nın (1992-ci il) və YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında konvensiyası”nın (1992-ci il) müddəalarına tamamilə ziddir və beynəlxalq hüququn pozulmasıdır.
Göründüyü kimi,Azərbaycanın beynəlxalq hüquqa söykənən uğurlu antiterror və antiseperatizm əməliyyatları zamanı beynəlxalq konvensiyalardan irəli gələn müddəalar gözlənilmiş,ərazilərimizin işğaldan azad edilməsi siyasi-hüquqi həlli ilə yanaşı ümummilli mənəvi məsləsi də öz yerini tapmışdır. Bu gün monoetnik dövlət olan Ermənistanda azərbaycanlı yaşamadığı halda, Azərbaycanda tolerant bir cəmiyyət vardır. Azərbaycanda müxtəlif xalqların mədəniyyətinin qorunduğu multikultural dəyərlərə malik cəmiyyət vardır.

Şəfa Mövsümlü
Babək Hüseynli