“Pekin Myanmarda hərbi çevrilişin gizli tərəfdarıdır” Siyasət

“Pekin Myanmarda hərbi çevrilişin gizli tərəfdarıdır”

Elxan Şahinoğlu: “Çin Myanmarda demokratik seçkinin əleyhinədir”

“Myanmarda fevralın 1-də həyata keçirilən hərbi çevriliş beynəlxalq aləmin diqqət mərkəzindədir. Hərbi çevriliş və onun nəticələri BMT-nin müzakirəsinə də çıxarılıb”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq əlavə edib ki, Böyük Britaniya və Avropa İttifaqının təşəbbüsü ilə fevralın 12-də BMT-də Myanmardakı vəziyyətlə bağlı qətnamə layihəsi müzakirə olunub: “Rusiya və Çin dərhal qətnamə layihəsinin əleyhinə çıxıblar. Rusiya nümayəndə heyətinin izahı belə olub ki, “məsələsin siyasiləşdirmək olmaz və Myanmarın daxili işlərinə qarışılmamalıdır”.
Bu vəziyyətdə qətnamə səsverməyə qoyulmadan qəbul edilib. Ancaq Rusiya və Çin təmsilçiləri yenə söz alaraq qətnamənin mətnini tənqid ediblər. Rusiya təmsilçisi bir daha deyib ki, “insan haqlarının qorunmasına görə məsuliyyət dövlətlərin öz üzərinə düşür, dövlətlərin daxili işlərinə qarışmaq doğru deyil”. Belə çıxır ki, Myanmar generalları küçəyə çıxan insanlara atəş açmaq əmri verəsələr, Rusiya deyəcək ki, “qarışmayın, qoy öldürsünlər, özləri bilər”.
Rusiyanın bu məntiqinə Çin də şərik çıxıb. Çinin BMT-dəki təmslçisi bildirib ki, “Myanmardakı durum bu ölkənin daxili işidir”. Çin nümayəndəsi onu da deyib ki, BMT Myanmardakı durumla bağlı xüsusi sessiya keçirməməlidir. Rusiya və Çinin “məntiqini” Veneseulla də bölüşüb.
Bəs Rusiya, Çin və Venesuellanın əleyhinə çıxdığı qətnamədə nə deyilir?
Qətnamədə Myanmardakı demokratik dəyərlərə dəstək ifadə edilib: “Generalların Myanmarda hərbi çevrilişindən dərin narahatlığımızı bildirir, həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edirik”. BMT-nin insan haqları üzrə komissarı və Myanmar üzrə xüsusi nümayəndəsi ölkədə insan haqlarıyla bağlı monitorinqi davam etdirəcəklərini bildiriblər.
Bu arada, Myanmarda etirazlara qatılanların Çinə qarşı şüarların sayı artıb. Əllərində “Çin utan” və “hərbçilərə dəstəyi dayandır!” şüarları gəzdirən etirazçılar Pekinin generalları dəstək verməsinə etiraz ediblər. Başqa bir plakatda isə bu sözlərin yazılığı bildirilib: “Myanmardakı hərbi diktatura Çin istehsalıdır!”. Çinlə məsələ aydındır. Pekin qonşu Myanmarda siyasi partiyalar arasında açıq mübarizənin və demokratik seçkinin əleyhinədir”. E.Şahinoğlu əlavə edib ki, ona görə də Pekin Myanmarda hərbi çevrilişin gizli tərəfdarıdır: “Bəs Rusiya niyə çevrilişin əleyhinə deyil?
Birincisi, Pekin kimi Moskva üçün də insan haqları və demokratiya mövzuları aktual deyil. Əgər Rusiyanın özündə fərqli fikirlərə qarşı müqavimət varsa, Moskva başqa bir ölkədə insan haqalarını dəstəkləyə bilməz. Bundan başqa Rusiya və Çin BMT-də illərdir birgə fəaliyyət göstərir, insan haqlarıyla bağlı müxtəlif qətnamələri neytrallaşdırmağa çalışırlar. Məsələn, Rusiya bir neçə il əvvəl Myanmarda arakan müsəlmanlarının qətlinə də seyrçi qalmış, BMT-dəki Myanmar generalları əleyhinə qətnamənin qəbulunun qarşısını almışdı.
İkincisi, Rusiya Myanmardakı generallarla sıx əlaqələrə malikdir. Myanmarda hərbi çevrilişdən təxminən 1 həftə əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu ölkəyə səfər etmiş və hərbi texnikanın satışı ilə bağlı saziş imzalamışdı. Həmin sazişi hərbi çevrilişi həyata keçirən generallar imzalamışdı. Rusiya Myanmara ağır hərbi texnika satacaq. Bu saziş Yaponiya və Hindistanda narahatlıq doğurmuşdu. Çünki, həm Dehli, həm də Tokio Myanmarın Çinin və Rusiyanın təsiri altına düşməsini istəmirlər. Moskva silah satdığı Myanmar generallarını qorumağa qərar verib”.

Əli Zülfüqaroğlu