Aqil Abbas: Mərdləri qovan namərdlər Siyasət

Aqil Abbas: Mərdləri qovan namərdlər

(HEÇ VAXT ONLARI ÖZ SIRALARINA QATA BİLMƏZLƏR)

Deməli, idarə olunan bir trol dəstəsi var. İdarə eləyənlər vəzifələrindən getdilər, dedik, bəlkə bir az sakitləşərlər. Xeyr, bir az da artırıblar. Görünür, ya vəzifədən gedənlər hələ arxalarından çəkilməyib, ya da hələ də vəzifədə olanları var. Yəqin ki normal da «əmək haqqı» alırlar. Olsun.

Bu trol dəstəsi harda dövlətçiliyə qulluq edən, Möhtərəm Prezidentin siyasətini dəstəkləyən, xalqın az-çox rəğbətini qazanmış bir işıqlı ziyalı var pusquda yatıb gözləyirlər ki, hansısa bir kanalda, hansısa bir qəzetdə, hansısa bir saytda çıxış eləsin və bunlar da hücuma keçsinlər, onları susdurmağa çalışsınlar.

Ən çox hücuma məruz qalanlardan biri də mənəm. Sosial şəbəkədə yoxam və onlara da cavab verməyə nə vaxtım var, nə həvəsim, nə də onların səviyyəsinə enmək istəmirəm. Söyürlər, qarğış tökürlər və bilmirlər ki, Allah haqsız qarğışları (ümumiyyətlə, Allah qarğışı sevmir – haqlı və ya haqsız) alqışa çevirir.

Ən çox da mənə irad tuturlar ki, sən Ağdam üçün, Qarabağ üçün və bu millət üçün nə eləmisən? Və ya söyürlər ki, Birinci Qarabağ savaşında niyə bir nəfər sənin nəslindən vuruşmayıb, niyə şəhid olmayıb? Oğlanların hardaydı və sair və ilaxır…

Ağdam üçün, Qarabağ üçün, bu millət üçün nə etdiyimi yazmaq fikrim yoxdu. Nə etdiyimi ağdamlılar da bilir, qarabağlılar da, millət də. Sadəcə olaraq, and yerim olan Həzrət Əlinin bir sözünə əməl edirəm: «Sağ əlin verdiyini sol əl bilməməlidir».

Belə bir atalar sözü də var: «Balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər». Gənc yaşlarımda mən bu ata sözünü başqa cür ifadə eləmişdim əsərlərimin birində: «Balığı at dəryaya, heç Allah da bilməsin, özün ki bilirsən». Yəni ki elədiyin yaxşılığa görə Allaha minnət qoyub heç nə istəmə.

Gələk Birinci Qarabağ savaşına, nəslimin şəhid verib-verməməsi və ya vuruşması məsələsinə.

Bu suala cavab vermək istəyirəm.

Bir bacımın həyat yoldaşı polis kapitanıydı, müharibə başlayandan səngərdəydi, Ağdamın Qərvənd kəndi uğrunda gedən döyüşlərdə də şəhid oldu. Övladı da o, şəhid olandan sonra doğuldu, atasının üzünü görmədi qızı. Ölümündən sonra da Ulu Öndər onu «Azərbaycan Bayrağı» ordeni ilə təltif etdi. Ağcabədi rayonunun Avşar kəndindən idi. Nəşini də ölümündən 5-6 ay sonra ala bildik: Əkbər Alıyev. Övladını da mən böyütmüşəm, oxutmuşam.

Başqa bir yaxın qohumum, şair Zakir Fəxrinin qardaşı universitetin hüquq fakültəsinin 4-cü kursunu atıb müharibəyə getdi. Ağdamda Naxçıvanik uğrunda gedən döyüşlərdə mühasirəyə düşmüş 20-dən çox döyüşçü yoldaşını BTR-lə döyüş meydanından çıxarıb yenidən mühasirədə qalmış qardaşlarını xilas etmək üçün Naxçıvanikə qayıdanda BTR-ni vurmuşdular. Sonra da BTR-in sürücüsü döyüş yoldaşı ilə birlikdə əllərini-qollarını məftillə bağlayıb yandırmışdılar. Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə hər ikisinin nəşini götürə bildik. Onları öz qucağımda yük maşınına qoydum və Ağdam məscidinə gətirdik. Heç müsəlman qaydası ilə yuyub kəfənləyə də bilmədilər, necə vardı eləcə də tabutda dəfn elədik.

Mənim ata nəslim Ağcabədinin Bayat kəndində yaşayır.
Əmim nəvəsi Rada Abbasova (indi müharibə veteranlarıyla bağlı hansısa bir QHT-nin rəhbəridi) Eksperimental xəstəxanada tibb bacısı idi, Bakıda da rahat ev-eşiyi. Getdi Ağdamda döyüşə. Güllə altına girib yaralıları hospitala daşıyırdı. Nə vaxt görüşürdüm qanın içindəydi. Və o qədər ixtisaslaşmışdı ki, tibb bacısı ola-ola birbaşa səngərdə cərrah kimi yaralıları əməliyyat edirdi.

Radanın qardaşı Cahandar Abbasov da Ağdamda döyüşürdü. Birinci Qarabağ müharibəsi qazisidi.

Başqa bir əmim oğlu Çingiz Abbasov Ağdamda döyüşürdü. Bədəni də güllədən deşmə-deşmədi. Əlildi.

Bir qardaşım var – Elşən Abbasov həm Əfqanıstan müharibəsi veteranıdı, həm də Qarabağ. Hazırda pensiyaçıdı.

Əmim oğlu Əyyam Abbasov – ən ağır sahədə çalışıb, istehkamçı olub, həm də istehkamçıların tağım komandiri. Hazırda ordudan tərxis olunub, pensiyaçıdı.

Xalam oğlu Rövşən Rüstəmov – Ağdamda kəşfiyyat rotasının komandiri idi. Kəşfiyyat zamanı ağır yaralanmışdı, Bakıya vertolyotla gətirdilər. Müalicə olunduqdan sonra yenidən döyüşə qayıtdı. Atəşkəsdən sonra Hərbi Komissarlıqda çalışırdı, hazırda ehtiyatda olan zabitdi.

Döyüşlərin qızğın vaxtında Rövşən Rüstəmovun qardaşı Bakir Rüstəmov Ağdam polisində işləyirdi. İşləmirdi ey, bütün polislər kimi çiynində avtomat döyüşlərdəydi. Atəşkəsdən sonra Daxili İşlər Nazirliyi onun əməyini qiymətləndirib vəzifəcə və rütbəcə yüksəltdi. Polkovnik rütbəsində müharibənin ağrı-acılarından ürəyindən infarkt olub rəhmətə getdi. Yeri behişt olsun.

Xalam qızı Tahirə Allahverdiyeva (yuxarıda adlarını çəkdiyim qardaşların bacısı) – hospitalda tibb bacısı idi.

Övladlarımın «dayı» dedikləri Qorxmaz İbrahimli – Məmməd Arazın qardaşı oğlu. Universiteti atıb Şuşaya, Laçına döyüşə getmişdi. Hətta bir dəfə Kirsdə mühasirəyə düşmüşdü. Laçın alayının komandiri, polkovnik Arif Paşa ağır bir döyüşlə onları sağ-salamat mühasirədən çıxara bilmişdi. Allah Arif Paşanın ömrünü uzun eləsin. Sözgəlişi, mən Qorxmazla Arif Paşanın alayına həmin vaxt silah-sursat göndərmişdim. Hazırda Aydınlar Partiyasının sədr müavinidi.

Bir bacımın əri Məhəmmədəli Əliyev MTN-də çalışırdı. Şuşanın Qaladərəsi kəndi uğrunda gedən döyüşlərdə, eləcə də Göygöl rayonunun Azad və Kamo kəndləri uğrunda gedən döyüşlərdə rütbə yoldaşları ilə birlikdə vuruşurdu. Sonra polkovnik rütbəsinədək yüksəldi və hazırda ehtiyatda olan zabitdir.

Və Birinci Qarabağ savaşında müharibə başlayandan atəşkəsə qədər Füzulidən tutmuş Ağcabədi, Ağdam, Tərtərə qədər səngərlərdə olmuşam, döyüşçülərin arasında. Cəbhəyə Zakir Fəxri ilə bərabər ərzaq daşımışıq, silah-sursat daşımışıq.

Və Birinci Qarabağ savaşında atəşkəs imzalananda övladlarımın 9-10 yaşı vardı. Ağdama bomba töküləndə oğlanlarımı da qoltuğuma vurub gedirdim Ağdama. Dostlar qınayırdılar ki, bu uşaqları bura niyə gətirirsən? Deyirdim, özləri əl çəkmir.

İkinci Qarabağ savaşında mənim övladlarım ikisi də güc strukturunda çalışır – biri Daxili İşlər Nazirliyində, biri də Fövqəladə Hallar Nazirliyində hərbçidi. Və onlar döyüşə getmək istəyirdilər. Amma nazirliyin əmrinə tabe idilər, özbaşına deyildilər. Nazirlik əmr versəydi təbii ki, döyüşə getmək onların təkcə vətəndaşlıq yox, həm də bir hərbçi kimi borcları idi.

İkinci Qarabağ savaşında, 44 günlük müharibədə Füzulinin, Ağcabədinin, Ağdamın və Tərtərin döyüş bölgələrindəydim. Hospitalları, xəstəxanaları gəzirdim, yaralılarla, onların ailələri ilə görüşürdüm, şəhidlərin dəfnində iştirak edirdim. Valideynlərinin yanındaydım. Və nə cür onlara xidmət edirdim, bunu da özüm bilərəm.

Və İkinci Qarabağ savaşında mamam nəvəsi, özü də prokuror oğlu olan, ixtisasca həkim Şahlar Əliyev Ağdərə istiqamətində, Suqovuşanda, Talışda vuruşurdu. Özü də həm döyüşçü kimi, həm də bir həkim kimi. Yaralılara birbaşa səngərdə ilk yardımı göstərirdi. Hələ də Vətənin keşiyindədi.

Deyəsən, yadımdan çıxanlar da var. Yadımdan çıxan əmioğlanları bağışlasın.

Buyurun, bu da mənim Qarabağ müharibəsində döyüşən nəslim.

Özüm də 30 ildi nə yazmışamsa Qarabağla bağlı yazmışam – həm Qarabağın tarixi, həm də müharibəsi ilə bağlı. Qarabağ müharibəsi haqqında yazılan ən gözəl və ən ağrılı romanlardan biri «Dolu»nu və Qarabağ müharibəsi haqqında çəkilən ən gözəl filmlərin birincilərindən olan «Dolu» filmini yaratmışam.

Rəhbərlik etdiyim «Ədalət» qəzeti də Birinci Qarabağ savaşında cəbhə qəzetinə çevrilmişdi. Həm özüm, həm də əməkdaşlarım birbaşa səngərlərdən reportajlar verir, döyüşləri işıqlandırır, əsgərlərimizi ruhlandırır, şəhid və yaralılarımız haqqında demək olar ki, hər gün materiallar verirdi. Bu günə qədər də «Ədalət» həmin yolu davam etdirir. «Ədalət» qəzetinin qapıları şəhid ailələrinin və qazilərin üzünə həmişə açıq olub. Redaksiyaya ümidlə gələn naəlac qayıtmayıb. Hazırda da bu belədi.

Birinci Qarabağ savaşında Daxili Qoşunların 20 nəfər şəhidinin ailəsinə hər ay 100 dollar təqaüd kəsmişdim. Daxili Qoşunların qəzetinə həm maddi, həm də mənəvi dəstək göstərirdim. Buna görə də dəfələrlə Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların komandanlığı tərəfindən Fəxri Fərmanla həm redaksiya, həm də mən təltif olunmuşuq.

Başqa suallarınız varsa, utanmayın, deyin. Cavab verərəm.