J’Accuse…!- “İttiham edirəm!” - Fransa senatoru Valérie Boyerə mesaj Siyasət

J’Accuse…!- “İttiham edirəm!” - Fransa senatoru Valérie Boyerə mesaj

Madam Valérie Boyer, heç tanış olmasaq da, icazə verin, sizə qarşı düşmən mövqedə olmadığımı bildirim. Amma hər ikimizi də eyni dərəcədə təsirləndirən bu mövzunu nəzərə alsaq, gələcəkdə tanış olacağımız ehtimalını da yox saymıram.

İndiyə qədər parıldayan ulduzunuzun ən utancverici, silinməyəcək çirkaba bulaşma təhlükəsilə üzləşdiyini bildirmək istərdim. Fəaliyyətlərinizə görə, heç kim sizə zərər verməyə çalışmadı, hər zaman sizə dəstək olmağı seçənlərin isə qəlbini qazandınız. Lakin, qlobal qeyri-müəyyənliyin bu çətin günlərində, Azərbaycan-Ermənistan savaşının başa çatdığı bir zamanda, hələ də xoşməramlı ola bilmirsiniz və hətta gənc olan əsrimizi “taclandırmaqla” müddətsiz bir qarşıdurmaya hələ də rəhbərlik etməyə çalışırsınız.

Fransa Senatının qondarma “Dağlıq Qarabağ”ı muxtar respublika olaraq tanınması üçün Fransa hökumətinə etdiyi çağırışda mühüm rol oynadığınız üçün təəssüf ki, adınız (hardasa sizə “aktivist” də demək olar) artıq utancverici bir anti-Azərbaycan məsələsilə ləkələndi!

Keçən il noyabrın 25-də Fransa Senatı qondarma “Dağlıq Qarabağ”ı muxtar respublika olaraq tanıması ilə bağlı qətnamə qəbul etməklə 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı qətliamını törədənlərin iddialarını da qəbul etmək yönündə addım atmış oldu. Bu addım isə həqiqəti və ədaləti tapdadı.

Üç ay başa çatmaqdadır, bu məsələyə şəxsi marağınızı nəzərə alsaq, bundan sonra baş verənlərə göz yummaq olmaz. Artıq Fransanın üzündə silinməz bir töhmət şilləsi var, məlumunuz olsun ki, tarixin səhifələrində ən alçaq sosial cinayətə yol verilməsi fəaliyyət göstərdiyiniz illərdə yazılmağa davam edir.

Madam, bəziləri cürət edib, mən də edəcəyəm. Çünki özümə söz vermişdim ki, ilahə Temisin kor olmaqla tərəfsizliyi təcəssüm etdirməsindən gözlənən ədalət yerini tutmayacağı halda, bu addımı atacağam. Bu vicdani borcum düşüncələrimi dilə gətirməyimi tələb edir. Fikrimcə, baş verənlərə səssiz qalmaqla, günahlara ortaq oluram. Əks halda, günahsız olduğu halda günahlandırılıb qorxunc faciələrlə üzləşən məsum millətimin ruhu məni bağışılayarmı?

Madam Boyer, sizə bütün dürüst insanların içindəki həqiqəti ifadə etməyənə qədər onları qəhr edən əzabın dililə səslənirəm. Xoşməramlı niyyətiniz məndə şübhə yaratmır, çünki zənnimcə, siz həqiqəti bilmirsiniz!.. Mövzu ilə bağlı təxribatları hər zaman aktual saxlamanın sadiq müdafiəçilərindən ibarət cinayətkar dəstəni sizin hüzurunuzda deyil də kimin qarşısında ifşa edə bilərəm?

Əvvəlcə Azərbaycana qarşı edilən ittiham və qınaqlarla bağlı əsası olmayan məsələləri sizə anladacam.

Ermənistanla münaqişənin Azərbaycan tərəfindən başladılması haqqındakı iddialar tamamilə əsassızdır. 1988-ci ildəki Sumqayıt hadisələri xaricdən idarə edilən separatçılar tərəfindən həyata keçirildi; etnik və dini mənşəli deyil, siyasi xarakterli idi. Erməni təbliğatının irəli sürdüyü iddialar da davamlı uydurmanın məhsuludur.

Əvvəla bu uydurma ermənilərin Dağlıq Qarabağda min illər boyu yaşadıqlarını iddia etmək, ikincisi, həmişə Qarabağda çoxluqla yaşadıqlarını müdafiə etməkdir. Fakt budur ki, 1828-ci ildə Şimali Azərbaycanın 20 müstəqil xanlığı Rusiyaya birləşdirildikdən sonra, onlar Dağlıq Qarabağ ərazisində yerləşdiriliblər. Həmin ərəfədə İranda Rusiyanın səfiri olan, tanınmış dramaturq Aleksandr Qriboyedov bunu gələcək üçün böyük təhlükə adlandırsa da, Rusiya İmperiyası rəhbərliyi bu planı Qafqazdakı müsəlman əhalinin homojen quruluşunu dəyişdirmək adı ilə həyata keçirdi. Əgər iddia edildiyi kimi ermənilər Qarabağın yerliləri idisə, nə üçün 1803-1828-ci illərdə Rusiya İmperiyası Azərbaycan xanları ilə sazişlər imzalayırdı? 1805-ci ildə Rusiya İmperiyasına bağlı olan qabaqcıl Azərbaycan bəyliyinin əslində Qarabağ Xanlığı olduğunu və hökmdarının da Azərbaycan Türkü İbrahim Xəlil Xan olduğunu bilirdinizmi? Qarabağ rəsmi olaraq Ermənistan toprağı olsaydı, başında bir Azərbaycan Dövlət Başçısının olması sizcə, məntiqlidirmi?

İrəvan xanlığı ilə bağlı təfərrüatlara baxaq. Hüseynqulu Xan tərəfindən idarə olunan İrəvan Xanlığı 1828-ci ildə Rusiyaya birləşdirildi. Yuxarıda göstərilən hər iki Azərbaycan bəyliklərinin birləşdirilməsindən sonra bu torpaqlara İrandan çox sayda erməni köçdü.

Eyni zamanda, bölgədəki müsəlman əhali, yəni İrəvan Xanlığının Azərbaycan xalqı oradan getməyə meylli oldu. Bu kütləvi köçdən sonra ermənilər bölgədə sayca üstünlük təşkil etdilər. Hələ müstəqil Ermənistan Respublikasının ilk Baş naziri Hovhannes Kachaznuni XX əsrin əvvəllərində Azərbaycan əhalisinə qarşı daşnakların törətdiyi qırğınlar da bu köçlərin davamını gətirib. Bütün bunlar isə Azərbaycanlı əhalinin Dağlıq Qarabağdan tədricən köç etməsi ilə nəticələndi. Eyni zamanda, ermənilərin bu bölgədəki ərazi iddialarına daha asanlıqla haqq qazandırılması üçün Azərbaycanın mədəni, tarixi və dini abidələri tədricən məhv edilməkdə idi.

Sizin Azərbaycanla bağlı "Cihadçı" ya da "Türk İslamı" iddialarınıza cavab olaraq isə bəzi tarixi həqiqətləri nəzərinizə çatdırım: Azərbaycan Demokratik Respublikası (1918-1920) İslam dünyasının ilk suveren və dünyəvi respublikasıdır. Azərbaycan, dini və siyasi baxımdan Türkiyədən (tam olaraq Osmanlı İmperiyasına) və ya heç bir ərəb ölkəsindən asılı olmayıb.

Əksinə, Azərbaycanda demokratik və dünyəvi dövlətini 1923-cü ildə yaradılmış Türkiyə Respublikasından öncə qurub. Hər halda bu vəziyyət Azərbaycanda mütərəqqi fikirli aydınların olduğu haqqında sizdə təsəvvür yaradar.

Ümumbəşəri dəyərlərə önəm verən Azərbaycan vətənpərvərləri hələ XX əsrin əvvəllərində irəli düşüncəli fikirlərin təsiri altında özlərini inkişaf etdirməyi bacardılar və 1918-ci ildə Fransa da daxil olmaqla bir çox inkişaf etmiş ölkəni qabaqlayaraq qadınlara seçmə və seçilmək hüququ verdilər. Şübhəsiz ki, Osmanlı İmperiyası o dövrün bütün müsəlman dünyasına olduğu kimi Azərbaycan üçün də istinad nöqtəsi idi. Buna baxmayaraq, Azərbaycan ziyalıları Osmanlı İmperatorluğunun qadınların təhsilinə yetəri qədər önəm verilməməsini və bir sıra siyasi proseslər kimi bəzi məqamları təhlil və tənqid etmək intellektinə qadir idilər.

“Charlie Hebdo” jurnalı ilə əlaqədar baş verən bu kimi hadisələr onu deməyə əsas verir ki, Fransa isə təhqir etməni demokratiya ilə qarışdırır və dindarlıq ilə qarışdırılan, ekstremizm təxribatlarına öldürmə şəklində acı bir cavab alır.

Görünür, ölkənizdəki bəzi məsələlər həqiqətən daim baş qarışdırmanın təsiri altındadır. Və 25 Noyabr 2020-ci ildə Fransa Parlamentində sizi ayaqüstə alqışlarla mükafatlandıran şəxslər də məhz bu təsirə düşənlərdir. Ona görə də Fransa dini ekstremizm cinayətlərinə bələd olduğu halda, mədəni və dinc bir cəmiyyət, öz ləyaqətini qorumağın yolunu belə layiqsiz şəkildə düşünmür və seçmir. Təəssüf ki, Azərbaycanın dinc münasibətindən ictimai manipulyatorlar amansızlıqla istifadə edirlər.

Madam Boyer, Fransanın problemi sizin kimi bəzi siyasətçilərin öz vətəndaşlarının problemlərini həll etmək yerinə minlərlə kilometr uzaqdakı ölkələrə qarşı nifrət yaradan fəaliyyətlərinizdən qaynaqlanmış ola bilərmi?

Öz ölkənizin siyasəti əleyhinə davrandığınızı anlamanız ağrılı olmalıdır, Madam Boyer. Sizin səylərinizə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü Fransa hakimiyyəti tərəfindən qeyd-şərtsiz tanınır.

Buna görə də, Madam Boyer, hücuma məruz qalan ədalətin vəziyyətini şəxsən sizə izah etmək istəyirəm.

Əsrimizdə, ədalət anlayışını rəzil edərək Azərbaycanın zənginliyi belə "Türklərin yaxın qohumları olan müsəlman azərbaycanlılar" şəklində təbliğ edilərək üzümüzə vurulur. Deyiləcək başqa məsələlər də var, müsəlman dünyasının ilk dünyəvi demokratiya varisi olan bir dövləti siz "planetdəki ən zalım diktator rejim" kimi təyin edirsiz.

Gördüyünüz kimi, cəhalət həqiqətən gülünc görünür!

Belə ki, Ermənistanla danışıqların başlamasından 30 il keçdi və Azərbaycan döyüş meydanında şərəfini qorudu. Xocalıda dinc azərbaycanlı insanların qətlə yetirilməsinin 30-cu ildönümünə (25-26 fevral 1992) bir il qalmış, barışıq üçün həmfikir olanlarla razılaşaraq fəaliyyət göstərmək üçün tam bir ilimiz var.

Görkəmli yazıçı Émile Zolanın məşhur “İttiham edirəm” yazısına istinadla mesajımı sizə ünvanlayıram. Bəziləri bunu çox cəsarətli sayıb, məni tənqid edə bilər. Amma mənim ölkəmə qarşı yalan iddialarla müqayisədə cəsarətimin günahı nədir? Mesajımın bu şəkildə daha yaxşı anlaşılacağına ümid edirəm.

Zola əslən Fransız ola bilər, amma o düşüncələrinə görə dünyəvidir. Fransız ədəbiyyatına böyük ehtiramım olduğunu etiraf edirəm, amma Zolanın xüsusilə həmyerlisi, günahsız olduğu halda ittiham olunan Alfred Dreyfusun müdafiəsindəki vətəndaş cəsarətinə heyranam, mən də indiyədək həyatını itirən bütün məsumların xatirəsinə ehtiramla həmvətənlərimin müdafiəsini hədəfləyirəm.

Məncə bu məsələdə diqqətçəkən məqam tarixin təkrarlanmasıdır. Bu vəziyyət məni bundan sonrakı davranışınızın yalnız və yalnız problemin davamına xidmət edəcəyini vurğulamaq üçün sizə müraciətə məcbur edir. Antisemitizmin nəticələrini hamımız daha yaxşı öyrənə bilmədik. Bu gün sizi şəxsi təşəbbüs və hərəkətlərinizlə artan antiazerizmə səbəb olmaqda ittiham edirəm. Bu çox təhlükəlidir və artıq dözülməz həddədir.

Həqiqət budur ki, çəkilən əziyyətin müqabilində insanlıq xoşbəxtliklə bağdaş olmağa layiqdir. Mən bu düşüncənin həyata keçməsinin hədsiz həsrəti içindəyəm. Mesajlarımdakı etiraz dolu sətirlər əslində narahatlığımın hayqırtısıdır.

Barışıq prosesinə rəhbərlik etmək çağırışına biganə qalmağa cəsarət edəcəksinizmi?

Seçiminiz nə olursa olsun, Madam Boyer, sizə müraciət edirəm:

Ermənilər və Azərbaycanlılar arasında nifrət toxumları əkməkdən vaz keçin!

Fransanın əzəmətinə heyranlığımıza kölgə salmaqdan vaz keçin!

Antiazerizmi təbliğ etməyi dayandırın!

Melaike Hüseyin filoloq, tədqiqatçı, şərqşünas