Deputat: "Bütün dünya Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik siyasi xadim olduğunu bir daha gördü" Siyasət

Deputat: "Bütün dünya Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik siyasi xadim olduğunu bir daha gördü"

"Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu. Prezident Vətən müharibəsi, 10 noyabr Bəyanatının imzalanmasından sonrakı mövcud vəziyyət və regionda baş verən proseslər barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Mətbuat konfransının Xocalı soyqırımının 29-cu ildönümü günündə təşkil edilməsi xüsusi qeyd edilməlidir. Dövlət başçısı ermənilərin törətdikləri Xocalı soyqırımının dəhşətli nəticələrini dünya ictimaiyyətinə bir daha xatırlatdı və bu faciənin heç vaxt unudulmayacağını vurğuladı".

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, mətbuat konfransında dünyanın 35 media orqanının 50-yə qədər sualını cavablandıran dövlət başçısı yüksək diplomatik məharət, natiqlik nümayiş etdirdi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirdi: “Ünvanlanan bütün sualları təmkinlə dinləyən və tutarlı faktlarla cavablandıran dövlətimizin başçısı yüksək natiqlik bacarığını, peşəkar siyasi xadim olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin hər zaman ilklərə imza atan dövlət başçısıdır. Bu mətbuat konfransı da belə oldu, Azərbaycan Prezidenti daha bir ilkə imza atdı. Bu, Prezidentin yerli və xarici media nümayəndələri ilə dörd saatdan artıq davam edən ilk görüşü idi. Mətbuat konfransı artıq dövlətimizin başçısının hər fikrini maraqla dinləyən geniş bir auditoriyanın olduğunu və onun çox önəmli mesajlar verdiyini göstərdi. Bütün dünya Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik siyasi xadim olduğunu bir daha gördü”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı xarici KİV-ə verdiyi çoxsaylı müsahibələrin hər biri Azərbaycanın informasiya müharibəsində qələbəsinin təminatı idi: “Həmin müsahibələrdə dövlət başçısı Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini ifşa etdi və bu da informasiya müharibəsində ermənilərə çox böyük zərbə oldu, Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başladı. Yəni əvvəllər üzləşdiyimiz haqsız vəziyyətlər artıq aradan qalxıb, indi situasiya tam fərqlidir. Bu gün dövlətimizin başçısı qalib Azərbaycanın qalib Lideri kimi postmüharibə dövrünün reallıqlarından danışır”.

F. Yıldırımın sözlərinə görə, dövlət başçısına ünvanlanan suallar göstərdi ki, beynəlxalq aləmə işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası, Azərbaycanın regionda yeri və rolu ilə yanaşı, Prezident İlham Əliyevin dünyada gedən proseslər haqqında rəyi də maraqlıdır: “Suallar həm də göstərdi ki, bir çox qlobal məsələ ilə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib. Bu da onunla əlaqədardır ki, Azərbaycan artıq regionda yeni reallıq yaradıb. Dövlət başçısı dünya mediasının diqqətini bu reallığa yönəltdi. Artıq dünya ictimaiyyəti yaxşı bilir ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoyub, torpaqlarını qaytarıb, öz ərazi bütövlüyünü bərpa edib. Mətbuat konfransı zamanı dövlət başçısı Ermənistandakı revanşist qüvvələrə bir daha xəbərdarlıq etdi ki, razılaşmaların pozulması Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, Ermənistan üçün intihar olardı”.

Millət vəkilinin fikrincə, mətbuat konfransında Prezidentin fikirləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan böyük əhəmiyyət daşıyır.