Ata vəsiyyətinə sadiq oğul xalqının rifahı üçün hədəfləri uğurla fəth edir Siyasət

Ata vəsiyyətinə sadiq oğul xalqının rifahı üçün hədəfləri uğurla fəth edir

Fenomenal zəkaya, dərin təfəkkürə və sərrast uzaqgörənliyə malik olan Heydər Əliyev dünya siyasətində özünəməxsus yeri və gücü olan, sağlığında belə qibtə olunan bir dövlət xadimi, siyasi dühadır. Bü xüsusdan da o Azərbaycanın xilaskarı və sürətli diçəlişinin müəlllifidir. Eləcə də Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycanın müstəqil dövlətçiliyinin əsasıdır

Məhz onun təcrübəsi və siyasi peşəkarlığı sayəsində Yeni Azərbaycan Partiyası yarandığı gündən az bir müddətdə ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrildi. Bu gün də iqtidarda olan bu Partiya cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasətini uğurla davam etdirir. Hər kəsə məlumdur ki, bu partiyanın tez bir zamanda uğurla formalaşması, monolitləşməsi və inkişafı Ulu Öndərin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarının onun ətrafında birləşməsi ilə bağlıdır. Nəzərə alınsa ki, partiya hansı gərgin ictimai-siyasi böhran şəraitində yaranmışdır, o zaman Azərbaycan xalqının Heydər Əliyev dühasına və şəxsiyyətinə verdiyi sonsuz dəyərin, Ulu Öndərə olan ümumxalq sevgisinin sərhədlərini müəyyənləşdirə bilərik.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayında qeyd etdiyi kimi, qüdrətli şəxsiyət, dahi siyasətçi Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır. Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ümummilli Liderin fəaliyyətinin nəticəsində isə 1982-ci ildə ön sıralara yüksəldi. Əgər SSRİ-də iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü çox yaxşı xatırlayırlar. Ulu Öndərin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır.

Hələ Sovet İttifaqı zamanındakı fəaliyyəti dövründə bu uzaqgörən siyasətçi Azərbaycanın nə vaxtsa sözün əsil mənasında müstəqil olacağına inanır və bu istiqamətdə çox ehtiyatlı tədbirlər görürdü. Buna misal olaraq SSRİ məkanında nüfuzlu hərbi məktəblərdən birinin, Cəmşid Naxçıvanski adına indiki hərbi liseyin məhz Azərbaycanda açılması, eləcə də də iri sənaye mərkəzlərinin, istehsalat müəssisələrinin və s. açılması, Sovet İttifaqının müxtəlif şəhərlərində azərbaycanlı mütəxəssislərin hazırlanması Azərbaycanın bu günkü müstəqilliyi üçün düşülnülmüş tədbirlərdən idi.

Cənab Prezident çıxışı zamanı onu da qeyd etdi ki, dövlətin maraqları və müstəqillik Ulu Öndər Heydər Əliyevin siyasətində mütləq prioritet olub. Onun müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair keçirilən referendum zamanı nəticələr kobudcasına saxtalaşdırılmışdı. Elə bir təəssrat formalaşdırılmışdı ki, sanki Azərbaycan xalqı müstəqillik istəmir, Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və daha sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Naxçıvan Muxtar Respublikasında isə Ulu Öndər referendumun keçirilməsinə imkan verməmişdi. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi.

90-cı illərin əvvəlləri hər kəsin yaxşı yadındadır. Dövlət müstəqilliyinin yenicə elan olmasına baxmayaraq, ölkədə xaos və hərc-mərclik, parçalanmaq təhlükəsi hökm sürürdü. Ölkənin şimalında separatçı çıxışlar, cənubda Talış-Muğan Respublikası xülyası, qərbdə artıq həyata keçirilməyə başlayan erməni işğalı, mərkəzdə isə kreslo davası və nəhayət hər an başlaya biləcək vətəndaş müharibəsi Azərbaycanı ciddi təhlükə qarşısında qoymuşdu. Bir sözlə plan Azərbaycanı parçalamaq və dünya siyasi xəritəsindən silməkdən ibarət idi. Bu təhlükəni isə yalnız Azərbaycanı sevən, vətənpərvər, müdrik insanlardərk edirdilər. Ona görə də xalqın təkidi ilə 1993-cü ilin iyun ayında hakimiyyətdə olan iqtidar Heydər Əliyevi Bakıya çağırmaq məcburiyyətində qaldı. Heydər Əliyev gəldi, ölkə prezidenti paytaxtı tərk edib kəndinə getdi, hakimiyyəti mənimsəyən tasadüfi adamların bir qismi isə fəaliyyətlərini dondurdular. Amma bu don hələ də açılmayıb, yəqin heç vaxt açılmayacaq.

Bəli, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başlayıb. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxması, inkişafı üçün müdrik qərarlar qəbul edildi, təxirəsalınmaz tədbirlər həyata keçirildi .

“1993-2003-cü illər ölkənin inkişafında həlledici illər olub. Bu illərdə dövlətçiliyin əsasları qoyuldu. 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Yalnız Ulu Öndər 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Senzura məhz onun göstərişi ilə, Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlandı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər”, - bu sözləri qeyd edən cənab Prezident Ulu Öndər Heydər Əliyevin qısa bir zaman kəsiyində qlobal təhlükə ilə üz-üzə qlmış Azərbaycanı hansı vəziyyətdən çıxardığını və inkişaf yolunun başlandığını vurğulayır.

Çıxışı zamanı cənab İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən biri də ölkənin davamlı inkişafı və regiondakı önəmli yeridir.

Vaxtında qəbul olunan qərarlar və atılan addımlar davamlı inkişafı təmin edir, Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə sürətləndirir. Ölkənin uğurlu enerji və nəqliyyat siyasəti, nəinki yeni enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiyada yeni əməkdaşlıq formatlarının yaranmasına imkan verdi. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır.

Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti, təsir imkanları artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.

Ölkənin əsas inkişafı isə davamlı aparılan islahatlardan çox asılıdır. Bu fəaliyyət bu gün Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu islahatlar hər sahədə davamlı olaraq həyata keçirilir. Dövlət başçısı qeyd etmişdir ki, Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri vardır. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərindən sonra ölkəmizdə həyata keçirilən islahatlar daha intensiv bir mərhələyə qədəm qoyib və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların rolu böyükdür.

Azərbaycanın iqtisadi potensialı daim artmaqda davam edir. Bu illər ərzində Azərbaycana heç kim kömək etməyib. Bizim ölkə hər şeyi öz hesabına əldə edib. Ermənistan isə kənardan olan köməkliklər hesabına mövcudluğunu qoruyub saxlamağa çalışıb. Çünki heç bir iqtisadi potensiala malik deyil. Bu gün istənilən meyar, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik - istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından;

İqtisadiyatın inkişafını təmin edən əsas amillərdən biri daxili sabitlikdir. Bu bizdə tam təmin olunduğundan ölkəmizə gələn investisiyalar dayanmadan artır. ““Doing Business” proqramında biz yaxşı yerlərdəyik. Cari ildə təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpa olunan enerji növlərinə gətirməyə müvəffəq olmuşuq.”

Müstəqilliyin ilk illərini xatırladan İlham Əliyev bildirir ki, o illər Azərbaycanda baş verən hərbi məğlubiyyəti, daxili böhranı, ölkə daxilində gedən xoşagəlməz proseslərı, siyasi çəkişmələrı, hakimiyyət uğrunda mübarizəni, nəhayət ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına düşməsini təsəvvür etmək üçün bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Həmin dövrdə Azərbaycanda baş verənlər bu gün Ermənistanda yaşanır.

Müstəqilliyin ilk illərində ölkədə vəziyyət çox acınacaqlı idi. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bu idi o vaxt gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsi.

Həmçinin müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi.

Bütün bunlara nəhayət ki, 30 ildən sonra Böyük Qələbə ilə son qoyuldu. Düz 30 il idi ki, Azərbaycan xalqı torpaq həsrəti ilə yaşayırdı. Bu bir an belə insanlarımızın yaddaşından çıxmamıçdır. Hər an dövlətin apardığı siyasətə inanır nə vaxtsa torpaqların işğaldan azad olunacağı gözləyirdik. Bu səbədən də mənəvi üstünlük Azərbaycanın tərəfindədir. Mənəvi amil isə Azərbaycanın qələbəsində həlledici rol oynadı. Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Çünki, biz haqlı idik. Ona görə ki, bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması!

Xalqımızın bu inamını və həsrətini xatırlayaraq dövlət başçısı deyir: Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.

Ən önəmlisi isə odur ki, bu müddətdə Azərbaycanda vətənpərvər gənc nəsil yetişib. Məhz Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

Hər zaman milli maraqlar beynəlxalq məsələlərdə dövlətin əsas prioritetidir. Bunu əsas götürən Azərbaycan son hadisələrlə bölgədə köklü surətdə vəziyyəti dəyişdirə bildi. Prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Bu gün bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. Çıxışı zamanı bunları deyən dövlət başçısı və iqtidar partiyasını sədri onu da bildirdi ki, bu inamlı fəaliyyətimiz beynəlxalq müstəvidə Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Qoşulmama Hərəkatına üzv ölkələr bizi müdafiə etdilər. Bizim bu təşkilata rəhbərlik etməyimiz formal rəhbərlik deyil. Biz bu təşkilat üzvlərini müdafiə edirik, biz onlara kömək göstəririk, biz COVID-lə bağlı onlara yardım etmişik, biz heç kimdən çəkinmədən onların haqq səsini müdafiə edirik. Onlar da bizi müdafiə etdilər

Dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri də siyasi dialoqun inkişafıdır. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Bu gün ölkəmizdə siyasi dialoq aparılır. Bu, çox təqdirəlayiqdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.

Müharibə hərbi sahədə Azərbaycanın şanlı səhifəsidir. Amma, eyni zamanda, təcrübədir. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq. Azərbaycan daha müasir ordu yaradacaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan və Yeni Azərbaycan Partiyasının sədri kimi cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışından bir daha əmin olduq ki, Azərbaycan iqtidarı verdiyi vədlərə sadiqdir, dövlət başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Son Prezident seçkilərindən sonra qarşıya qoyulan əsas hədəf ərazi bütövlüyümüzün bərpası edilməsi idi və Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bu hədəfə 44 gün ərzində, Böyük Qələbə ilə nail oldu. 30 illik həsrətə son qoyuldu. Ədalət bərpa edildi və torpaqlarımız işğaldan azad olundu.

Pənah İmanov

YAP Xətai rayon Təşkilatının Siyasi Şurasının üzvü, ilk təşkilat sədri