Ceyhun Bayramov Tacikistanın Prezidenti ilə görüşüb - FOTO Siyasət

Ceyhun Bayramov Tacikistanın Prezidenti ilə görüşüb - FOTO

29 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Prezidenti cənab Emomali Rahmon tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasında mövcud olan ikitərəfli münasibətlərin hərtərəfli inkişafına dair məsələlər müzakirə olunub.

Tacikistan Prezidenti cənab Emomali Rahmon Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkənin son illər ərzində keçdiyi inkişaf yolunu xüsusi olaraq vurğuladı. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət etdi.

Tacikistan Prezidenti Azərbaycanın COVİD-19 ilə mübarizədə Tacikistana göstərdiyi yardımı yüksək qiymətləndirərək, pandemiya müddətində Azərbaycanın Tacikistan mallarının tranzit daşımaları üçün xüsusi şərait yaratdığını vurğuladı və bununla əlaqədar Azərbaycan tərəfinə təşəkkürünü bildirdi.

Nazir Ceyhun Bayramov qəbula görə Tacikistan Prezidentinə təşəkkürünü bildirdi və Azərbaycan Respublikası Prezidentinin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırdı. Nazir bölgədə olan cari vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş dağıntılar, Azərbaycanın tarixi və mədəni irsinə vurulmuş ziyan, habelə bu ərazilərin yenidən qurulması və bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verdi.