“Bəzi ailələrdə əlillik müavinətindən başqa heç bir gəlir yoxdur” Siyasət

“Bəzi ailələrdə əlillik müavinətindən başqa heç bir gəlir yoxdur”

Əli Məsimli: “Bunun cavabını kim verəcək?”

Milli Məclisin növbəti plenar iclası keçirilib. Millət vəkilləri cari msələlərin müakirəsindən sonra iclasın gündəliyində olan 9 məsələ ilə bağlı fikirlərini bölüşüblər.
Milli Məclisin sədri Sahibə Qafarova 15 iyun Qurtuluş günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Spiker bildirib ki 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması Azərbaycanı uçurumun bir addımlığından xilas edib: “Ümummilli liderimizin o dövrdəki fəaliyyətinin mahiyyəti böyükdür. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqın yolunda hər cür fədakarlığa hazır olmaq nümunəsidir. Müasir Azərbaycan Respublikası Heydər Əliyev dühasının məhsuludur. Ulu öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində 30 il işğaldan sonra ərazi bütövlüyümüz təmin edildi. Bu, Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu gün Azərbaycan böyük coğrafiyada söz sahibi olan dövlətdir. Milli Qurtuluş Günü münasibətilə bütün xalqımızı təbrik edirəm”.
Deputat Ceyhun Məmmədov deyib ki, erməni katalikosu II Qaregin erməni hərbçilərini Azərbaycan xalqına qarşı döyüşməyə çağırdı. O qeyd edib ki, katalikosun belə çıxışı erməni kilsəsinin sülh istəmədiyini, xalqı müharibə və təxribatlara istiqamətləndirməyə çalışdığını göstərir:
“Azərbaycan multikulturalizm mərkəzidir. Ermənistanda isə vəziyyət tamam fərqlidir. Erməni kilsəsinin bu fəaliyyəti dünyadakı dini mərkəzlər tərəfindən də pislənməlidir. Din xadiminin bir xalqa qarşı düşmənçiliyi təbliğ etməsi, Azərbaycan xalqının qətlə yetirilməsinə sevindiyini göstərməsi yolverilməzdir.
Beynəlxalq təşkilatlardan gözlədiyimiz kimi, beynəlxalq dini təşkilatlardan da erməni din xadiminin bu səfərini pisləməyi tələb edirik. Çünki bu addımlar pislənmədikdə ermənilər yeni iddialarla çıxış edirlər”.
Deputat Vahid Əhmədov 2020-ci ilin bir sıra hadisələrlə yadda qaldığını xatırladıb: "2020-ci ildə ölkəmiz çox ciddi uğurlara imza atdı. Ölkə başçısının qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edildi. Eyni zamanda, pandemiya ilə mübarizədə də Azərbaycan dövləti çox ciddi işlər gördü. Son günlər isə karantin rejimi ilə bağlı ciddi yumşalmalar gedir və ümid edirik ki, bu davam edəcək". Vahid Əhmədov Azərbaycan dövlətinin müstəqilliyinin bu il 30-cu ilinin tamam olduğunu qeyd edib: "Bütün dünyaya Azərbaycanin müstəqilliyini elan etmişik. Hesab edirəm ki, heç nəyə baxmayaraq 1918-ci ildə əldə etdiyimiz müstəqillik cəmi 23 ay yaşasa da, ikinci müstəqillik 30-cu ilə qədəm qoyur. Azərbaycan müstəqil dövlətdir və ciddi uğurlar əldə edib. Təklif edirəm ki, 30 illiklə bağlı yubiley tədbirləri keçirilsin".
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycanda fəaliyyət göstərən xarici investorları məşgulluq marafonuna qoşulmağa çağırıb. Deputat ötən gündən etibarən marafonun başladığını vurulayıb: “Marafonun məqsədi 44 günlük Vətən Müharibəsi qaziləri və şəhid ailələrinin məşğulluğunu təmin etməkdir. Hazırda Azərbaycanda büdcədən maliyyələşən 3700-dən çox təşkilat fəaliyyət göstərir. Bu müəssisələrdən hər biri ən azı 2-3 şəhid ailəsi üzvlərini və qaziləri işə götürərsə, biz bu missiyanı tamamlaya bilərik. Mən Azərbaycandakı sahibkarlara, Azərbaycan-Amerika ticarət palatasına, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinə, özəl şirkətlərə müraciət edirəm. Biz bu missiyanı həyata keçirsək, dünyaya da bəyan edəcəyik ki, Azərbaycan dövləti, vətəndaşı şəhidinin, qazisinin yanındadır”.
Deputat Elşad Mirbəşiroğlu isə azərbaycanlı sahibkarların müraciətini səsləndirilib. Deputat Azərbaycan “Eximbank”ının yaradılması istiqamətində fəaliyyətin başlamasını təklif edib: “Yeni ixrac siyasətinin dizayn edilməsində orta və uzunmüddətli ixrac kreditlərinin təqdim edilməsi ana sütunlardn birini təşkil etməlidir. Bu gün biz ixracatçı sahibkarlarımızı təşviq etmək üçün milli marka, brend krediti, ölkə xaricində satış şöbələri krediti, xarici sərgilərdə iştirak krediti, valyuta qazandırıcı xidmətlər krediti, beynəlxalq logistika marketinqi krediti və daha spesifik kreditləşmə alətlərini dövriyyəyə daxil etməliyik”.
Deputat Sahib Alıyev bildirib ki, son zamanlar Rusiya mediasında Azərbaycana qarşı düşmənçilik çağırışları yayılır. O bir müddət öncə Rusiyada qətlə yetirilən 19 yaşlı azərbaycanlının məsələsinə də toxunub:
“Bu hadisə fərqli yerlərə çəkilir. Rusiyalı siyasətçi Vladimir Jirinovski bu cinayətlə barışmaq istəməyən azərbaycanlıları Rusiyadan çıxıb getməyə səsləyir. Halbuki, Jirinovski Soçidə hayların törətdiyi cinayətdən fikir yayındırmağa çalışır. Hay terrorundan ən çox əziyyət çəkənlərdən biri də Rusiyadır. Moskva qatarında baş verən terror aktını, Çeçenistan qatarının partladılması hadisələrini xatırlamaq yetərlidir. Bu cür “stəkanda fırtına” siyasətinə “yetər” deyilməlidir”.
Daha sonra qanun layihələrinin müzakirəsinə başlanılıb. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı bir sıra millət vəkilləri öz narazılıqlarını ifadə ediblər.
Deputat Əli Məsimli deyib ki, əlillik haqqında qanuna dəyişikliklər ilk baxışda forma dəyişikliyi kimi görünsə də, bu model dəyişikliyidir: “Burada göstərilən 31-60 faiz heç də üçüncü, 61-80 faiz ikinci dərəcəyə, 81-100 faiz birinci dərəcə əlilliyə müvafiq deyil. Biz daha çox tibbi xarakter daşıyan modeldən, sosial xarakter daşıyan modelə yönəlməliyik”. O qeyd edib ki, əlilliyi olan şəxslərin müdafiəsi üçün qanundakı işləməyən maddələri hərəkətə gətirmək istiqamətində addımlar atılmalıdır: “Əlillərin işlə təmin edilməsi, xüsusilə - şəhid ailələri və qazilərin məsələsi istiqamətində addım atılmalıdır.
Saxta əlilliklə bağlı rəqəmlərin müxtəlif olması göstərir ki, nazirliyin özündə bu haqda konkret təsəvvür yoxdur. Saxta əlilliyi alanla saxta əlliyilliyi verən arasında uyğunsuzluq olması həmin maddənin də işləmədiyi anlamına gəlir.
Saxta əlilliklər ləğv olunan zaman xeyli əlilliyə haqqı olan insanın haqqı tapdanıb. Bəzi ailələrdə əlillik müavinətindən başqa heç bir gəlir yoxdur. Bunun cavabını kim verəcək?
Bu məsələni həll etmək üçün qanunda bir maddə var ki, ona istinad edə bilərik. Qanunun monitorinqlərə aid maddəsi işləsə, ictimaiyyətin itirakı ilə monitorinqlərin keçirilməsində hansı tərəfin haqlı, hansının haqsız olması istiqamətində ciddi işlər görülə bilər.
İndi fəaliyyətdə olan əlillik sisteminin maliyyə tutumu nə qədərdir, qəbul olunandan sonra nə qədər olacaq - rəqəmlər obyektiv verilsə, suallara aydınlıq gətiriləcək?”. Deputat deyib ki, haqları pozulmuş insanlara kompensasiya verilərsə, məsələ həllini tapar.
Deputat Sabir Rüstəmxanlı əlilliyin müəyyənləşdirilməsi ilə balı qanun layihəsinin müzakirəsində parlament üzvlərinin təkliflərinin nəzərə alınmamasına etiraz edib. S.Rüstəmxanlı bu barədə Milli Məclisin iclasında çıxış edib. O, Sosial siyasət komitəsinin sədri Musa Quliyevə iradını çatdırıb: “Mən hörmətli Musa Quliyevin çıxışından belə başa düşdüm ki, əlilliklə bağlı qanun layihəsinin ilk oxunuşunda deputatların səsləndirdiyi təkliflərin heç biri nəzərə alınmayıb. Sadəcə bu qanunların dünya standartlarına uyğun olduğu qeyd edildi. Biz hələ də bilmirik ki, bu qanundan nə qədər insan əziyyət çəkəcək. Əgər qanunun meyarlar izah edilməsə, aydınlaşdırılmasa mən qanunun lehinə səs verə bilməyəcəyəm”.
Deputat Aqil Abbas isə “deputatların hamısı əlillik haqqında qanun layihəsini tənqid edir, sonda isə deyirlər ki, çox mütərəqi layihədir”, - deyə bildirib. O layihəyə səs verməyəcəyini söyləyib:
“Birinci Qarabağ savaşının veteranları 28 ildir veteran kağızı ala bilmir. Vətən müharibəsi 7 aydır bitib, iştirakçılar elə bir deputat yoxdur ki, əlində sənədlə onun qapısını döyməsinlər. Buna niyə baxılmır?
Əlilliyin təyin olunması ilə bağlı mütəxəssislər var, dəvət edilsinlər. Layihəyə bir də baxsınlar”.
Deputat pensiya yaşının yüksək olması ilə əlaqədar narazılığa da toxunub: “Pensiya məsələsi ilk dəfə İngiltərədə tətbiq edilib və 65 yaş müəyyən edilib. Bunu lağa qoyurdular ki, “ölü pensiyası”dır. İndi lağ elədiyimiz özümüzə qayıdır. Mən səs verməyəcəyəm. Biz bu layihəyə niyə səs verək? Bu qədər tənqid edilirsə, otursunlar yenidən işləsinlər”.
Deputat Vahid Əhmədov bildirib ki, keçmiş nazir Səlim Müslümov pensiya ilə bağlı elə bir layihə təqdim etdi ki, bu günə qədər onun altından çıxa bilmirik. Deputat əllilliklə bağlı təklif də səsləndirib: "Bu qanun layihəsi paket şəklində verilməlidir. Təklif edirəm ki, bir komissiya yaradılsın. Əmək və Əhalinin sosial müdafiəsi naziri özü gəlib bu məsələni məruzə etsin. Burda faizlər haqqında danışdılar. Baxaq görək ki, faizləri müəyyən etməklə nəyə nail olduq?! Biz Avropa ilə müqayisə edirlər. Avropaya çatmağımıza hələ çox var. Bu qanun üzərində ciddi iş getməlidir".
Milli Məclisdə əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar ikinci oxunuşda təsdiq edilib. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.
Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.
Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ikinci oxunuşda 13 deputat əleyhinə səs verib.
Spiker Sahibə Qafarova əlilliklə bağlı qanun layihəsinin yenidən komitə iclasında müzakirə edilməsini təkif edib. Spiker bu barədə Milli Məclisin iclasında deputatların qanun layihəsinə narazılığına münasibət bildirərkən deyib.
Sahibə Qafarova Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə bildirib ki, üçüncü oxunuşdan öncə komitə iclası geniş formatda keçirilməlidir: “Çünki sual doğurur. Üçüncü oxunuşdan öncə geniş formatda müzakirə vacibdir”.
Deputat Musa Quliyev isə təklifin müvafiq olduğunu qeyd edib.
Digər qanun layihələri də müakirə olunduqdan sonra səsə qoyularaq qəbul edilib.

Əli Zülfüqaroğlu