AKP-nin “Ergenekon” revanşı Siyasət

AKP-nin “Ergenekon” revanşı

Azər Həsrət: "Suda boğulan saman çöpündən yapışar"
Elman Cəfərli: "Ərdoğan ergenekonçuları həbsdən azad etməklə milliyyətçi cameənin könlünü almağı bacarıb"
Ərəstun Baxşəliyev: "Bunun arxasında dövlətin nə dərəcədə yer alıb_almaması da hələ ki, sual olaraq qalmaqdadır"
Aqil Ələsgər: "AKP anladı ki, bu şəxslər Ərdoğana düşmən olsalar belə, vətən-dövlət naminə baş nazirlərini xarici dövlətlərə satmazlar"

Türkiyədə 2007-ci ildən başlayaraq davam edən və 400 tanınmış türk insanının həbsi ilə nəticələnən "Ergenekon" işi ilə bağlı atılan son addımlar Türkiyənin siyasi gündəmini dəyişib. "Ergenekon" məhbuslarının bir çoxu təxliyyə edilib. "Ergenekon" adlı təşkilatın rəhbəri olmaqda və müxtəlif cinayətlərdə suçlanaraq cəza evində illərlə saxlananlardan biri də Azərbaycan əsilli general Vəli Küçükdür. Türkiyədə son qanun dəyişikliklərindən yararlanaraq, məhkəməyə azadlığa buraxılması üçün ərizə verən general Vəli Küçükə digər məhkumlardan fərqli olaraq yox cavabı verilib. Onunla bərabər analoji ərizə verənlərdən Doğu Perincek isə azadlığa buraxılıb.
Qeyd edək ki, Doğu Perincək Türkiyə siyasi arenasında tanınmış və idealist fiqur kimi tanınır. Azadlıqda olduğu vaxt Avropa İnsan Haqları MəHkəməsi İsveçrədə uydurma "erməni soyqırımı"nı inkar etdiyi üçün bu ölkə məhkəməsi tərəfindən cəzalandırılan (cərimələnən) Türkiyə İşçi Partiyasının (İP) sədri Doğu Perinçəkin İsveçrə əleyhinə şikayətini haqlı sayıb. Doğu Perinçək 2007-ci ildə İsveçrədə toplantılarda "erməni soyqırımı"nın baş vermədiyini və ermənilərin bu yalandan Türkiyə əleyhinə istifadə etdiyini söylədikdən sonra İsveçrədəki ermənilərin şikayəti əsasında bu ölkədə məsuliyyətə cəlb olunub və cərimələnib.
Əvvəlcə İsveçrə hüquq sistemi daxilində bu qərara etiraz edən Perinçək son apellyasiya instansiyasının qərarından sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək İsveçrənin Avropa İnsan Haqları Konvensiyasının fikir azadlığı ilə bağlı 10-cu və qanuni əsas olmadan ittiham irəli sürülməyəcəyinə dair 7-ci maddəsini pozduğunu bildirib. Məhkəmə şikayəti qəbul edərək İsveçrədən müdafiə tələb edib, eyni zamanda Türkiyə hökumətinin də bu məsələyə münasibətini soruşub. Yekunda Perinçəkin şikayəti əsaslı sayılıb.
"Hürriyət"in yaydığı məlumata görə, akademik Yalçın Küçükdən sonra Ağır Cəza məhkəməsi Məhmət Əli Çələbi, Həsən İğsız, Şənər Eruygur, Mərdan Yaanardağ və Ələddin Sevimin azadlığa buraxılması barədə qərar qəbul edib.
Qeyd edək ki, bundan əvvəl Ergenekon işi əlaqədar Həbs edilmiş Tuncay Özkan, təqaüddə olan polkovnik Levent Göktaş və Sədat Pekerdən sonra vəkil Kamal Kerinçsiz, təqaüddə olan Dursun Çiçək, İbrahim Şahin və Alparslan Arslanın həbsdən azad edilməsi barədə qərar verilmişdi.
Bu arada, Ergenekon işi ilə əlaqədar həbsdən azad etmə qərarlarını verən İstanbul 20-ci Ağır Cəza Məhkəməsi Kamal Kerinçəsizə ölkə xaricinə çıxmaq barədə də qadağa qoyub. Sözü gedən şəxslərin Ergenekon prosesi ilə əlaqədar azad edilməsinə baxmayaraq, hakimlərə qarşı söyüş söydüyü əsas gətirilən Alparslan Arslan daha 4 il 2 ay həbsdə qalacaq.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ isə "Ərgenokon əməliyyatı" zamanı həbs edilənlərin azad olunmasını qanuna zidd hesab edib. Bu barədə AKP-dən olan millət vəkili Şamil Tayyar "Twitter" hesabına yazıb. Şamil Tayyar bildirib ki, ədliyyə naziri ona zəng edib, azad olunmaların qanundan qaynaqlanmadığını bildirib.
Qeyd edək ki, Şamil Tayyar ədliyyə nazirinin AKP-yə bununla bağlı açıqlama vermək borcunda olduğunu demişdi: "Ömürlük həbs cəzası almış ergenekonçuların azad olması hüquqi skandaldır. Belə yanaşsaq, ondan bütün həbs olunanların hamısı azad olunmalıdır".
AKP-dən olan millət vəkili hesab edir ki, İlkər Başbuğun azad olunması tələdir: "Nə olacağını yaxın zamanda dərdindən hiss edəcəyik. Neokon hirsi ağılımızı əlimizdən almamalıdır. Əgər Başbuğ bacarsaydı, AKP-ni bağlatdıracaqdı. Ergenokon da olmasaydı, 2008-ci il 28 iyulda AKP bağlanacaqdı. AKP bağlansaydı prezident və baş nazirimiz bu gün Mursi kimi həbsxanada olacaqdı, heç kim də dərd yaşamazdı. Ona görə də iki yanlışdan - Neokon və Ergenekon-bir doğru çıxmaz".
Bu hadisələrin pərdəarxası məqamları nədən ibarətdir? Orduya qarşı ən sərt tədbirləri həyata keçirən AKP hökuməti nədən hərbçilərin azad olunmasına çalışır?
"Burada elə də qaranlıq bir şey olduğunu sanmıram. AKP-nin bu əməlini sadəcə "suda boğulan saman çöpündən yapışar" deyimiylə də dəyərləndirmək olar",- deyən siyasi şərhçi Azər Həsrət bildirdi ki, bir zamanlar özünün həbsə atdığı adamları indi ard-arda həbsdən buraxması bir növ hər kəsə mesajdır ki, baxın, biz haqq, ədalət tərəfdarıyıq: "Zamanında Fətullah Gülənin dəstəyini alaraq hakimiyyətə gəlmiş və mövqelərini möhkəmləndirmiş Ərdoğan hakimiyyəti indi həmin dəstəkdən məhrum olduğu üçün yeni dəstək axtarır. Başqa bir yerdə dəstək tapa bilmədiyi üçün hərbçiləri, özü də "paralel" və ya "dərin dövlət" məsələlərində ittiham etdiyi insanları həbsdən buraxmaqla özünü ümidləndirir. Amma unudur ki, Türk milləti onun bu oyunlarından dünəndən xəbərdardır. Yəni düşünmürəm ki, həbsdən buraxılanlar və onların mənsub olduğu kəsim Ərdoğanı dəstəkləsin. Bunu Ərdoğan özü də anlayır. Ancaq dediyim kimi, "suda boğulan saman çöpündən yapışar".
Siyasi şərhçi Elman Cəfərli vurğuladı ki, Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələndə ilk işi hökumətləri müstəqil addım atamağa qoymayan, adını "dərin dövlət" qoymuş örgütləri ləğv etməyə yönəltdi: "Ergenekon" təşkilatı çökdürülüdü. Bu təşkilat AKP ideoloqlarının təqdim etdiyi kimi terrorçu deyildi, amma "türk millətinin mənafeyi üçün hər addımı atmağa" hazır təşkilat idi. Həqiqətən də bu cür təşkilatlar siyasi hakimiyyətlərə mane olurdu. Onları ayaqda saxlayan TC-nin dövlət quruluşu idi. Onlar Konsitusiyanın qarantı olan Silahlı Qüvvələrə güvənirdilər. Amma Ərdoğan Ordu ilə örgütləri bir-birindən ayırdı, hər ikisini təsirsiz hala gətirdi. 2014-cü ildə Türkiyənin səlahiyyətləri artırılmış prezidenti postunun tumağa çalışan Ərdoğanın qarşısında daha bir "dərin dövlət" çıxdı. Bu, Türkiyə dövləti daxilində rişə atmış, türk-müsəlman dövlətlərində güclü dayaqları olan Gülən camaatıdır. Eyni cameə olduqlarından Ərdoğan Güləni məğlub etməyi bacaracaq. Çünki hiyləgər siyasətçi olan Ərdoğan artıq Güləni islam dünyasında düşmən kimi qarşılanan İsrailin yandaşı kimi təqdim edə bilib. Keçmiş Ergenekonçuları, yüksək rütbəli hərbçiləri də Gülən camaatına qarşı müttəfiq qazanmaq üçün buraxdırır. Seçki ərəfəsində bu ağıllı taktika sayıla bilər. MHP liderinin çıxışlarında tez-tez "biz iğtişaş istəmirik" deyə təkrarlaması göstərir ki, bu seçkidə də AKP ilə MHP-nin gizli anlaşması var. Bu onu göstərir ki, Ərdoğan ergenekonçuları həbsdən azad etməklə milliyyətçi cameənin könlünü almağı bacarıb".
Politoloq Ərəstun Baxşəliyev "Bu axıra qədər belə gedəcəkmi? Çevrilişdə ittiham olunan hərbiçilər neytrallaşdırılıbmı? Bunlar sual olaraq qalır",- deyə bildirdi: "Bunların azadlığa buraxılmasının pərdə arxasında o zaman nə dayanır?
Əslində hər ortaya qoyulan sual, bir yeni sualların meydana gəlməsinə daha çox vəsilə olur. Sualların cavablandırılmasına gəlincə isə, bu o qədər də asan deyil. Bilmədiyimiz, müəmma olaraq qalan bir çox məsələlər var.
Bu gün Türkiyədə vəziyyət olduqca gərgindir və AKP hakimiyyətinə qarşı kompramantların ardı-arası bitib tükənmək bilmir. Məqsəd isə aydındır. İstər Gəzi Parkı olayları, İstər Avropa Parlamentində Ərdoğan Hakimiyyətinin açıqdan-açığa istənilməməsi, digər tərəfdən isə Qərb mediasının Ərdoğan hakimiyyəti üzərinə getməsi, əvvəl-axır Ərdoğona qarşı yeni bir kompramantlar dalğasına start verilə biləcyi ehtimalını da mütəmadi olaraq gündəmdə saxlayıb.
Ehtimal olaraq söyləmək olar ki, Türkiyə son dövrlərdə ona qarşı baş qaldıran bu cür komprantlardan qismən də olsa yayınmaq üçün məhz bu yola üstünlük verib. Maraqlıdır ki, bunun arxasında dövlətin nə dərəcədə yer alıb almaması da hələ ki, sual olaraq qalmaqdadır. Son olaraq söyləyim ki, Ərdoğan hakimiyyəti bu cür kompramantlara tab gətirərək hakimiyyətini qoruyarsa o zaman yaxın gələcəkdə Türkiyənin regional və qlobal güc olaraq formalaşmasının çox yəqin ki, bizlər də şahidi olacağıq".
Araşdırmaçı jurnalist Aqil Ələsgər dedi ki, bəzən məhkəmələrin qərarını millət rədd edir: "İstər İlkər Başbuğun, istərsə də Türkiyədə və dünyada erməni və digər türk düşmənlərinə qarşı mübarizə aparanların qondarma dəlillərlə həbs olunmasına xalqın münasibəti mənfi idi. Düzdür həbs olunanların hamısının günahsız olduğunu demək, sadəlöhvlük olardı, ancaq əksəriyyət sırf absurd səbəblərlə içəri salınmışdı. AKP sonunda səhvini anladı. Anladı ki, bu şəxslər Ərdoğana düşmən olsalar belə, vətən-dövlət naminə baş nazirlərini xarici dövlətlərə satmazlar. Eyni zamanda burada son aylarda yaşananların da böyük payı var. Türkiyədə yeni düzən qurulur və köhnə ortaqlar artıq düşmən olublar. Hər iki tərəf əlini gücləndirir. Məsələn, Mehmet Haberalın azad olmasında camaatın böyük rolu vardı, Ərdoğan da Haberala qarşı İlkər Başbuğa oynadı. Yəni, maraqlı şahmat oyunu davam edir".

Əli