Bahar Muradovadan nurçularla bağlı açıqlama Siyasət

Bahar Muradovadan nurçularla bağlı açıqlama

Vitse-spiker: "Müvafiq qurumlarımız istənilən halda bütün prosesləri nəzarətdə saxlayır"
Sərdar Cəlaloğlu: "Azərbaycanda dinin təşkilatlanmasına konseptual olaraq yenidən yanaşmalıyıq"

"Nurçular dünya ağalığına nail olmaq istəyir. Amma Azərbaycanda nurçu təriqətinin fəaliyyət göstərməsi üçün münbit şəraitin olması da göz qabağındadır". Bunu Modern.az-a ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda Fətullah Gülənə məxsus nurçu camaatının fəaliyyətini şərh edərkən deyib. O bildirib ki, nurçuların cəmiyyətin müxtəlif təbəqələrinə, dövlət strukturlarına nüfuz etməsinin səbəblərindən biri də Azərbaycanda ənənəvi təriqətləri təmsil edənlərin fəaliyyətsizliyidir.
ADP sədrinin sözlərinə görə, ölkəmiz 20 ildən çoxdur müstəqillik əldə etməsinə baxmayaraq normal din xadimi ortaya çıxmayıb: "Yaxud, din xadimləri o dərəcədə siyasiləşib ki, onlar hakimiyyətin sifarişlərini yerinə yetirməkdən uzağa gedə bilmirlər. Buna görə də həmin din xadimləri xalqdan ayrı düşürlər, xalq isə başqa-başqa təriqətlərin təsiri altına düşür".
Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycanda nurçular heç də özlərinin dedikləri kimi dini təbliğatla məşğul deyillər: "Fəthullah Gülən şəbəkəsinə aid qruplar yalnız təhsil sahəsində aktiv deyillər",
Cəlaloğlunun sözlərinə görə, nurçuluqla müqayisədə Azərbaycandakı digər ənənəvi din mühitinin təbliğatçıları normal fəaliyyət göstərmir: "Ona görə də nurçuluq, vəhhabilik və xristian təriqətləri Azərbaycanda yaxşı inkişaf edib. Azərbaycanda dinin təşkilatlanmasına konseptual olaraq yenidən yanaşmalıyıq".
O, Qafqaz Müsəlmanları İdarəsini də işin öhdəsindən gəlməməkdə ittiham edib. Onun fikrincə, nurçuların əsas hədəfləri elitar siyasətə hesablanıb: "Nurçuluq mason tipli bir təriqətdir. Türkiyədə olduğu kimi Azərbaycanda da eynilə yazıçılar, sənət adamları, siyasətçilər, deputatlar, nazirlər arasında nurçular var. Bir də görürsən ki, elə də siyasi çəkisi olmayan bir adam gəlib deputat, nazir müavini olur.
Araşdıranda görmək olar ki, belə adamların Azərbaycan şərtlərində ölkəyə gəlməsi kənar təsir olmadan mümkün deyil. Azərbaycan hökumətinin bu gün nurçulara qarşı apardığı mübarizə Türkiyədə AKP hakimiyyətinin yürütdüyü siyasətin surətidir. Azərbaycan müstəqil şəkildə nurçuluğa qarşı mübarizə aparmır. Çünki Türkiyədə nurçuluğun yaratdığı təhlükənin Azərbaycanda gerçəkləşməsi real görünmür. Nurçular əsasən Türkiyədə yaratmaq istədikləri şəriət dövlətinə Azərbaycandakı nümayəndələrinin necə dəstək verəcəyini düşünürlər".
S.Cəlaloğlu nurçu camaatın Azərbaycan müxalifətində olması ehtimalından danışıb. O bildirib ki, belə bir hal istisna deyil: "Onlar üçün kimin müxalifətdə, kimin iqtidarda olmasının önəmi yoxdur. Əlimdə konkret fakt yoxdur. Amma nurçuların Azərbaycan müxalifətində bəzi adamlara dəstək verməsi ehtimalı güclüdür".
"Kimlərinsə vəzifə səlahiyyətindən bu kimi məqsədlər üçün istifadə etməsi fikrini bölüşsəm də, arxayınam ki, müvafiq qurumlarımız istənilən halda bütün prosesləri nəzarətdə saxlayır". Bunu isə AzNews.az açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova bəzi vəzifəli şəxslərin, millət vəkillərinin radikal dini cərəyanlarla əməkdaşlıq etməsi ilə bağlı mediada gedən xəbərlərə münasibət bildirərkən deyib.
B. Muradova bildirib ki, Azərbaycanda etiqad azadlığı mövcuddur, ölkə qanunvericiliyi, o cümlədən də xalqın düşüncə tərzi tolerant əsaslar üzərində qurulub: "Hər kəsin inancı və etiqadı azadlığı var. Bu da qanunla qorunur. Yox, əgər hansısa bir şəxs din pərdəsi altında hüquqa zidd hərəkətlər edərsə və bununla da digərlərini çaşdıraraq, başqa istiqamətə yönəldərsə, ölkənin müvafiq hüquq-mühafizə orqanları buna reaksiya verirlər. Bununla bağlı onlarla fakt göstərmək olar. İnanıram ki, indi gündəmə gələn məsələ də bu şəkildə həll olunacaq".