Milli Məclisdə Andronik söhbəti Siyasət

Milli Məclisdə Andronik söhbəti

Oqtay Əsədov: "Əgər qaçıb gələnlərə qaçqın statusu versək, Ermənistanda adam qalmaz"

Zahid Oruc: "Biz Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə qarşı ayrı siyasət yürütməliyik"

Dünən Milli Məclisinin növbəti plenar iclası keçirilib. İclası açıq elan edən sədr Oqtay Əsədov cari məsələlər üçün vaxt ayırıb. Xatırladaq ki, iclasın gündəliyinə 23 məsələ, bundan başqa, İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı daxil edilmişdi.
Cari məsələlərin müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı bildirib ki, Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı şər-böhtan kampaniyası artıb: "Amma bunlar Azərbaycanda keçiriləcək həmin möhtəşəm tədbirə təsir etmək gücündə deyil".
O qeyd edib ki, vaxtilə Azərbaycanda keçirilən "Eurovision" yarışmasında da belə bir kampaniya başladılmışdı:
"Məlum qüvvələr tərəfindən başladılan kampaniyanın qarşısı da o zaman Azərbaycan dövləti tərəfindən vaxtında və zamanında alınıb. Bu baxımdan hesab edirəm ki, bu növbəti tədbiri də Azərbaycan dövləti uğurla həyata keçirəcək, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək. Mən buradan millət vəkillərinə, KİV-ə müraciət edərək bildirirəm ki, Azərbaycana qarşı yönəlmiş halların qarşısının alınmasında həmrəylik nümayiş etdirsinlər".
Deputat Zahid Oruc isə deyib Dağlıq Qarabağda Andranik Qriqoryan kimi ağ bayraq qaldıran ermənilərin bu cür meylləri artmaqdadır: "Biz Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə qarşı ayrı siyasət yürütməliyik".
O, "biz sabah ağ bayraq qaldıran erməniləri qəbul etməyə hazırıqmı" sualı ərafında mühakimə yürüdüb: "Bu sual üzərində düşünməkdən daha çox, müharibəyə köklənmişik. Buna da səbəb Ermənistanın yürütdüyü siyasətdir".
Deputatın fikrincə, Dağlıq Qarabağ ermənilərini Ermənistan dövlətinin avantürist siyasətindən azad etmək lazımdır.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə də bu məsələyə münasibət bildirib.
O qeyd edib ki, həmin ermənilərə Azərbaycan pasportu verilməlidir: "Dağlıq Qarabağdakı ermənilər bizim torpaqlarda anadan olub. Onların Azərbaycan tərəfindən bağışlanması üçün aiddiyyəti orqanlar qərar qəbul etməlidir. Dağlıq Qarabağdakı ermənilərə Azərbaycan tərəfindən qaçqın statusu verilə bilər".
İqbal Ağazadənin bu təklifinə spiker Oqtay Əsədov münasibət bildirib. Onun fikrincə, əgər onlara qaçqın statusu verilsə, Ermənistanda adam qalmaz.
Deputat Elmira Axundova isə çıxışında "Bakcell" şirkətini məhkəməyə verməyə hazırlaşdığını deyib. O, telefonuna çoxlu sayda reklam xarakterli mesajların gəldiyini bildirib.
Onun sözlərinə görə, mesajların əksəriyyəti aldadıcı xarakterlidir və insanların cibini soymaq məqsədi güdür: "Biz dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışıq. Mobil operatorlara bu barədə məlumat vermişik. Amma onlar tərəfindən heç bir tədbir görülmür. Təkcə mən yox, bütün abunəçilər bundan narazılıq edirlər. Mən bu gün "Bakcell"dən əvvəlcə xahiş, sonra isə tələb edirəm ki, bu cür aldadıcı və insanların cibini soymağa yönələn mesajların yayılmasına son qoysunlar. Əks halda, həmin abunəçilərin müdafiəçisi kimi, "Bakcell"i məhkəməyə verəcəm".
Sonra Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında məsələyə baxılıb. Müzakirələr zamanı deputatlar və parlament rəhbərliyi Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin sədri kimi fəaliyyətini yüksək qiymətləndiriblər.
Millət vəkilləri səs çoxluğu ilə E. Rüstəmov və X. Abdullayevi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edib.
Qeyd edək ki, Elman Rüstəmov artıq dördüncü beşillikdir ki, bu strateji dövlət qurumuna rəhbərlik edir. O, ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib. Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub.
2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib.