Kasetli silahlardan 360 nəfərin zərər çəkdiyi qeydə alınıb Siyasət

Kasetli silahlardan 360 nəfərin zərər çəkdiyi qeydə alınıb

Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli silahlara qarşı Koalisiya təşkilatı bu Konvensiyanın icra olunmasına dair 11-cu illik hesabatı (Cluster Munition Monitor Report) ictimaiyyətə təqdim edib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov xalqcəbhəsi.az-a bildirib ki, 2010-cu il avqustun 1-də qüvvəyə minmiş bu Konvensiyanı hal-hazırda 123 ölkə imzalayıb ki, onlardan da 110 ölkə ratifikasiya prosesini başa çatdırıb. Konvensiyaya üzv dövlətlər 10 il ərzində nəzarətində olan ərazidəki bu silahların təmizlənməsini başa çatdırmalı, 8 il ərzində isə anbarlarındakı ehtiyatları məhv etməlidir.

Bu Konvensiya qüvvəyə mindikdən sonra 17 dövlət kasetli silahlar istehsal etməkdən imtina edib. Onlarla dövlət bu silahların istehsalına investisiyalar qoymaqdan imtina edib. Yalnız Çin və Rusiya yeni kasetli silah növləri yaratmaq üzərində işləyir.

Hesabat dövründə (avqust 2020 – iyul 2021) yalnız 2 dövlətin ərazisində Suriya və Azərbaycanın ərazisində kasetli silahlardan istifadə edilməsi faktı qeydə alınıb.

Konvensiyaya üzv ölkələr ehtiyatlarında olan kasetli silahların 99% məhv etmişlər. Konvensiya qüvvəyə mindikdən sonra dövlətlərin ehtiyatında olan 1.5 milyon kasetli silahların 178 milyon subsursatı məhv edilmişdir. 63.4 km2 ərazisi təmizlənib.

Son hesabat dövründə kasetli silahlardan 360 nəfərin zərər çəkdiyi rəsmi qeydə alınıb. Zərərçəkənlərin hamısı mülki şəxslərdir ki, onların da 44%-ni uşaqlar təşkil edir. Ən çox qurbanlar Suriyada qeydə alınıb (182 nəfər), və Azərbaycanda (107 nəfər) qeydə alınıb.

Azərbaycanın kasetli silahların qadağan olunmasına dair Konvensiyaya qoşulmamasının səbəbi:

Hesabatda bildirilir ki, Ermənistanla olan münaqişə səbəbindən Azərbaycan bu konvensiyaya qoşula bilmir. Konvensiyaya üzv dövlətlərin 2-ci İcmal Konfransında Azərbaycan rəsmi şəkildə bildirmişdir ki, Dağlıq Qarabağda kasetli silahlardan istifadə etməyib və “ən qəti şəkildə kasetli silahlardan istifadə olunmasını qınayır”. 2015-ci ildən başlayaraq hər il Azərbaycan BMT Baş Assambleyasının bu Konvensiyaya aid qətnaməsinə müsbət səs verir. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.

Hesabatda bildirilir ki, 2020-ci ilin payızında baş vermiş döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələri Rusiya istehsalı olan “Smerç” reaktiv yaylım atəş sistemindən atılan kasetli mərmilərdən istifadə edib. 28 Oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinə atılmış mərmi 9N235 tipli subsursatla təmin edilmiş kasetli raket olub ki, bunun da nəticəsində 21 nəfər həlak olub və 70 nəfər yaralanıb. Bundan başqa Ermənistan tərəfindən Azərbaycanın Qızılhacılı (3 oktyabr 2020), Tapqaraqoyunlu (23 oktyabr 2020), Kəbirli (24 oktyabr 2020) və Qarayusifli (27 oktyabr 2020) kəndlərinə də kasetli mərmilərin atılması sübut olunub.

Bütün bu hücumlar nəticəsində ilkin məlumatlara görə 107 nəfər həlak olub və yaralanıb.

Birləşmiş Millətlər Təşkilatının “Kasetli Silahlara dair Konvensiya”sı 3 Dekabr 2008-ci il tarixdə Oslo şəhərində imzalanıb.

Əli