“Ümid edirəm ki, ABŞ öz müraciətində soyqırımı sözünü işlətməyəcək” Siyasət

“Ümid edirəm ki, ABŞ öz müraciətində  soyqırımı sözünü işlətməyəcək”

Qabil Hüseynli: "Əgər belə olmasa, bu böyük gərginliyə gətirib çıxara bilər"

ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills bildirib ki, Prezident Barak Obama erməni soyqırımının 100 illiyində iştirak etmək üçün Ermənistana göndəriləcək nümayəndə heyətinin təşkilində şəxsən iştirak edəcək. Və tezliklə nümayəndə heyətinin tərkibi elan ediləcək. ABŞ səfirinin açıqlaması ilə bağlı münasibət bildirən politoloq Qabil Hüseynli qeyd edib ki, Barak Obama sabitqədəm insan deyil və Türkiyə ilə münasibətlərdə müəyyən qədər soyuqdur: "Burada Türkiyənin də müəyyən təqsirlərini qeyd etmək lazım gəlir, xüsusilə prezident Ərdoğanın bəzi yanlış addımlarını. Amma istənilən halda bütün bunlar dövlətlərarası düşmənçiliyə, heyf almaq səviyyəsinə gətirib çıxarmamalıdır".
Politoloq Obamanın 24 apreldə İrəvana göndərəcəyi nümayəndə heyətini ehtiyatlı çıxış etməyə çağıracağına ümidini ifadə edib: "Ümid edirəm ki, ABŞ öz müraciətində soyqırımı sözünü işlətməyəcək. Əgər belə olmasa, bu böyük gərginliyə gətirib çıxara bilər".
Q.Hüseynli sonda qeyd edib ki, həm Çanaqqala zəfəri, həm "erməni soyqırımı"nın 100 illiyinin qeyd edilməsi dünya tərəfindən fərqli rakursda qəbul ediləcək və dəyərləndiriləcək: "Hesab edirəm ki, Çanaqqala zəfəri uydurma soyqırımdan daha üstün, daha diqqətəlayiq hadisədir".

Əli