“Azərbaycan Prezidentinin müstəqil siyasətini həzm edə bilmirlər”-Nəsib Məhəməliyev Siyasət

“Azərbaycan Prezidentinin müstəqil siyasətini həzm edə bilmirlər”-Nəsib Məhəməliyev

“Qərbin anti-Azərbaycan dairələrinin növbəti dəfə ölkəmiz əleyhinə başlatdığı kampaniya yeni bir şey deyil, köhnə xəstəlikdir. Əvvəllər də Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşan məlum dairələr qara piar kampaniyası təşkil edirdilər”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. O, diqqətə çatdırıb ki, konkret olaraq, “Avroviziya” musiqi festivalını, 1-ci Avropa oyunlarını, İslam oyunlarını və müxtəlif beynəlxalq forumlar ərəfəsində aparılan total əks-təbliğatın şahidi olmuşuq: “Hal-hazırda gedən proseslər isə, bilavasitə torpaqlarımızın azad olunması, cəmi 44 gün ərzində “məğlubedilməz” erməni ordusunun, Müzəffər Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsi ilə bağlıdır. Qlobal güclər tərəfindən süni şəkildə yaradılmış, erməni mifinin fiaskoya uğraması ilə barışa bilmir, Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə apardığı müstəqil siyasəti, qələbələrini həzm edə bilmirlər”.
Millət vəkili əlavə edib ki, post-sovet ölkələrində mövcud olan qaynar nöqtələrin ən mürəkkəbi Qarabağ problemi hesab olunurdu: “Analoji problemlərlə müqayisədə, beynəlxalq birlik tərəfindən məhz ermənistan-Azərbaycan-Dağlıq Qarabağ probleminə qarşı ikili standartlar tətbiq olunur, həlli istiqamətində heç bir addım atılmırdı. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev, mövcud geosoyasi çətinlikləri, regionda maraqları olan supergüclərin imkanlarını, hərbi-siyasi vəziyyəti zərgər dəqiqliyi ilə hesabladı və maksimum az itkilərlə tarixi Qələbəni əldə etdi. Belə bir fantastik nəticə bir çoxlarını şoka saldı.
Heç kimə sirr deyil ki, dünyada sivilizasiyalararası mübarizə gedir. Xristian təəssübkeşliyi, geosiyasi maraqlar milyonlarla insanın faciəsinə səbəb olur. Yeganə çıxış yolu daxili sabitliyimizin qorunması, ən kritik məqamlarda ölkəmizi xarici və daxili təhdidlərdən qorumağı bacaran, sınanmış Lider İlham Əliyevin ətrafında sıx birləşməkdən ibarətdir.
Cəmiyyət olaraq, istənilən piar-kompaniyaya hazır olmalı, ictimai-siyasi sabitliyə təsir etməsinə imkan verməməliyik”.

Əli Zülüfqaroğlu