Ermənilər dünya müsəlmanlarına qarşı vandallıq ediblər Siyasət

Ermənilər dünya müsəlmanlarına qarşı vandallıq ediblər

"Ermənistan 30 il ərzində Azərbaycana qarşı törətdiyi vandalizm, hərbi cinayət, terror aktlarının bədəlini ödəməlidir" .

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətinə münasibətində politoloq Mirsamir Məmmədov bildirib.

Politoloq qeyd edib ki, ermənilər mədəni, dini, tarixi abidələrimizi dağıtmaqla təkcə Azərbaycana yox, bütün dünya müsəlmanlarına qarşı vandallıq ediblər. O, qeyd edib ki, ATƏT-in Minsk Qrupu, eləcə də digər təşkilatlar 30 il ərzində ermənilərin hərbi cinayətlərinə heç bir siyasi, hüquqi qiymət verməyiblər, əksinə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyiblər.
Ermənistan 30 il ərzində Azərbaycanın 20 faiz torpağını işğal etməklə on minlərlə dinc əhalini öldürüb, bu ərazilərdə olan milli mədəniyyət abidələrini, şəhərlər və kəndləri məhv edib. Erməni vandalizmi nəticəsində işğal olunmuş ərazilərdə yerləşən ilk insan məskənləri olmuş Azıx və Tağlar mağaraları, Qara köpək, Üzərlik təpə kurqanları məhv edilib, hərbi məqsədlər üçün istifadə edilib.

Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Füzulu rayonlarının ərazilərindəki qəbirstanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, Qafqaz Albaniyasına məxsus abidələr, azərbaycanlıların o torpaqlarda mövcudluğunu sübut edən milli-mədəni dəyərlərimiz təcavüzə məruz qalıb.

İşğalçılar genişmiqyaslı arxeoloji qazıntı işləri aparıb, kurqanları dağıdıb, qızıl yataqlarımız talayıb, qarət etdikləri tapıntıları Ermənistana daşıyıblar.

O da vurğulanıb ki, işğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşnalığı, tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, 1992-ci Avropa Konvensiyasına, UNESCO-nun 1972-ci il Konvesiyasına ziddir.


Cavid