“Qərbdə bir islamafobiya olduğu kimi antitürkçülük də hökm sürür” Siyasət

“Qərbdə bir islamafobiya olduğu kimi antitürkçülük də hökm sürür”

Ramiz Alıyev: "Bu proses əsirlər boyu olub və bu gün də davam edir"

Dünyada xalqlar arasında baş verən qarşıdurmalar çox vaxt böyük itkilərə və sərhədlərin dəyişməsinə gətirib çıxarır. Eləcə də, hər bir müharibədə təcavüzkar və təcavüzə məruz qalan tərəflər var və böyük güclərin bu münaqişələrə birmənalı yanaşmaması haqlı olaraq narazılıq doğurur. Necə ki, Dağlıq Qarabağ münaqişəsi məsələsində iyirmi ildən çoxdur ki, buna şahidik. Roma Papası I Fransiskin qondarma erməni "soyqırımı" ilə bağlı çıxışı isə bir mövzunu da gündəmə gətirmiş oldu. Münaqişələrə, problemlərə münasibətdə xristian həmrəyliyi varmı? Konfliktlərdə din faktorundan kimlər istifadə edir?
Məsələyə münasibət bildirən politoloq Ramiz Alıyev deyib ki, bütün dönəmlərdə xristian həmrəyliyi siyasətdə özünü qabarıq şəkildə göstərib: "Görürük ki, müharibə olan yerlərin böyük əksəriyyəti İslam dininə mənsub olan ölkələrdədir. Sanki elə başa düşülür ki, müsəlman ölkələrinin nə zamansa birləşəcəyindən qorxub, bacardıqları qədər bu dövlətlərdə münaqişə ocaqları yaradılır, müharibələrə cəlb edilirlər. Dünyada terrorun İslamla da bağlanması təsadüfi deyil. "Antiterror əməliyyatları" adı altında həyata keçirilən əməliyyatlar və münaqişələr imperializm tərəfdarı ölkələri tərəfindən müsəlman dövlətlərinin vassal halına salınaraq təbii sərvətlərini mənimsənilməsinə xidmət edir. Müqəddəs Qurani-Kərimdə insanları qətl etmək, vəhşilik və bu kimi amillər pislənilir. İslam insanlara qardaşlıq və sülh şəraitində yaşamaq kimi ülvi hislər aşılayır. Amma bütün terror təşkilatlarının arxasında dayanan və ya məsləhət verənlər, demək olar ki, imperialist ölkələrin özləridir. Və bu cür terror təşkilatlarından öz çirkin əməlləri üçün istifadə edirlər. Müasir imperializm daha çox ölkələrin milli sərvətlərinin mənimsənilməsi ilə səciyyələnir. "Sülh mələkləri" adı ilə ölkələrə daxil olur, orada "demokratiya" yaradacaqları ilə bağlı bəyanatlar verərək, ölkə rəhbərliyinə özlərindən asılı şəxsləri gətirərək, həmin dövlətin təbii sərvətlərini asanlıqla mənimsəyirlər.
Təəssüflər olsun ki, bu imperializm siyasətinin həyata keçirilməsinə nüfuzlu xristian din xadimləri də dəstək verir. Xristian din xadimləri bir çox hallarda onlara xas olmayan sahələrlə məşğul olurlar. Bu da aydın şəkildə hər kəs tərəfdən hiss olunur".
Qərbin və Avropanın türk millətindən ehtiyat etdiyini diqqətə çatdıran R.Alıyev deyib ki, hətta türkdilli dövlətlərin birləşməsindən qorxan ölkələr də az deyil: "Tarixdə türk millətinə mənsub olan qüdrətli dövlətlərin olması və hətta xristian dövlətlərinin də daxil olduğu böyük bir əraziyə sahib olması, öz ərazisində yaşayan xalqların rəğbətini qazanması xristian din xadimləri də daxil olmaqla, bütün imperialist düşərgəni narahat edir. Belə ki, türk liderlərinin rəhbərlik etdiyi dövlətlərdə hər zaman humanizm, tolerantlıq, insanların rifah halında yaşaması üçün yaxşı şərait hökm sürüb.
Bu gün qardaş Türkiyənin, eləcə də Azərbaycanın dünyada artan nüfuzu həm Qərbi, həm də digər xristian dövlətlərini narahat edir. Ona görə də zaman-zaman həmin dövlətlər tərəfindən bu iki qardaş ölkəyə ikili standartlarla yanaşıblar. Ermənistanda bu dövlətlər tərəfindən xüsusi olaraq bu bölgədə alət olaraq yaradılmış bir ölkədir. Həmin ölkələr lazım gəldikdə Ermənistandan istədikləri formada məharətlə istifadə edirlər. Ümumilikdə, Qərbdə bir islamafobiya olduğu kimi antitürkçülük də hökm sürməkdədir. Bu proses əsirlər boyu olub və bu gün də davam edir.
Görürük ki, Azərbaycanın haqlı olduğu məqamlarda haqq səsi necə boğulur. BMT-nin çıxardığı qətnamələr icra olunmur. Bütün bu kimi haqsızlıqları saymaqla bitməyəcək. Bu haqsızlıqlar hər zaman olub, yenə də davam edəcəyi məlumdur. Amma əminəm ki, Türkiyə-Azərbaycan qardaşlığı möhkəmləndikcə, böyük layihələrə birgə imza atdıqca, Qərb və digər xristian təəssübkeşliyi ilə ədalətdən uzaq mövqe sərgiləyən dövlətlər qüdrətimizin qarşısını ala bilməyəcək".

Əli