“ Yeni bir idman yarışlarının bünövrəsi məhz Bakıda qoyulur” Siyasət

“ Yeni bir idman yarışlarının bünövrəsi məhz Bakıda qoyulur”

Bahar Muradova:"Azərbaycan bütün mənalarda belə oyunları keçirməyə qadir və buna imkanları olan ölkədir"

Azərbaycan ilk Avropa Oyunları vasitəsilə ötən illər ərzində əldə etdiyi bütün nailiyyətləri bir daha dünyaya nümayiş etdirmək imkanı qazanır.
Bunu mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bildirib.
O, mətbuata açıqlamasında deyib ki, eyni zamanda, Azərbaycan dünya xalqlarını və dövlətlərini bir araya gətirərək sülh, barış, əməkdaşlıq şəraitində yaşamaq mesajlarını təqdim edir:"Bu, onu göstərir ki, Azərbaycan bütün mənalarda belə oyunları keçirməyə qadir və buna imkanları olan ölkədir. Çox cəsarətlə bu yükün altına girib. Onun da öhdəsindən çox ləyaqətlə və məharətlə gəlir.
Dünyaya da bu cür tədbilərin keçirilməsinin yeni nümunəsini, yeni standartını ortaya qoyur. Yeni bir idman yarışlarının bünövrəsi məhz Bakıda qoyulur".
Vitse-spiker hesab edir ki, birinci Avropa Oyunları yüksək səviyyədə keçəcək. Bu, sağlam düşüncəli insanları çox sevindirəcək, bundan narahat olan, onu istəməyən qüvvələrin isə narahatlığını daha da artıracaq:"Amma bu, bizi narahat etmir. Çünki biz işimizin haqq işi olduğuna əminik. Ona da əminik ki, dünyanı sülh, ədalət xilas edəcək. Azərbaycanın təsadüfi deyil ki, həm ölkə içində, həm də xaricdə daim qarşıya hədəf kimi qoyduğu məsələ də sülhün, təhlükəsizliyin, ədalətin və əminamanlığın qorunmasıdır.
Hesab edirəm ki, Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə, həm öz xalqımıza, dövlətimizə töhfə vermiş oluruq, həm də, dünya miqyasında bu dəyərlərin bərqərar olması işinə çox ciddi töhfə veririk".