Şuşa Bəyannaməsi - əməkdaşlıqdan müttəfiqliyə doğru atılan böyük addım Siyasət

Şuşa Bəyannaməsi - əməkdaşlıqdan müttəfiqliyə doğru atılan böyük addım

15 iyin 2021-ci ildə Türkiyə və Azərbaycanın tarixində çox önəmli bir hadisə yaşandı. Ermənistanın 30 illik işğalından 7 ay əvvəl azad edilmiş Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şuşa Bəyannaməsi imzalandı. Azərbaycanın müstəqillik qazandığı illərin ilk hadisəsi baş verirdi, Prezidentimiz qardaş Türkiyənin dövlət başçısını Qarabağda qarşılayırdı, həm də tərəflər üçün ən mühüm sənəd imzalanırdı. İmza törəninin vaxtı da təsadüfən seçilməmişdi. Qars müqaviləsinin 100 illiyi və Qurtuluş günü. Qars müqaviləsinin 100 illiyi günündə Şuşa Bəyannaməsinin imzalanması həm də beynəlxalq auditoriyaya bir icmarıc idi. Prezident İlham Əliyevin “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır”, fikirləri Türkiyə ilə Azərbaycanın müttəfiqliyinin 100 il bundan əvvələ söykəndiyini bildirməklə yanaşı xalqlarımız arasında əlaqələrin min illərə gedib çatdığını ifadə edir.

Şuşa Bəyannaməsinin imzalanma mərasimində Prezident İlham Əliyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarını xatırlatması isə iki qardaş ölkələrin qurucularının da ortaq fikirdə olduqlarına bir işarə vurulur. Zaman keçsə də xalqlarımızın bir-birinə olan sevgisi heç vaxt azalmayıb, əksinə getdikcə daha da artıb, dar gündə də, şad gündə də bir birinin yanında olublar. Azərbaycanın müstəqillik illərində isə Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.

Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın birgə maraqlarının qorunması üçün hər iki ölkənin bütün imkanlarından istifadə etməyə imkan verən rəsmi sənəddir. İstər Türkiyəyə qarşı, istərsə də Azərbaycana qarşı üçüncü ölkə və yaxud ölkələr tərəfindən təhdidlər və yaxud birbaşa hücum olarsa iki ölkənin bütün imkanları səfərbər ediləcək və işğalçıya qarşı birgə mübarizə aparacaqlar. Azərbaycanın 30 il Ermənistanın təcavüzkar, işğalçı siyasəti nəticəsində Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması, 1 milyondan artıq vətəndaşını öz doğma yurdundan, isti ocağından didərgin salmasını və bu işğala məhz qardaş Türkiyənin dəstəyi ilə son qoyulduğunu nəzərə alsaq bu bəyannamənin önəmi bir daha bəlli olar. Ermənistan məhz xarici dəstək vasitəsilə Azərbaycan torpaqlarını işğal etmişdi, məhz bəzi beynəlxalq qurumların dəstəyi ilə işğal faktının ömrünü uzada bilmişdi. Münaqişənin həll edilməsinə vəkalət almış ATƏT-in Minsk qrupu da birbaşa Ermənistanın maraqlarından çıxış edirdi, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etməsinə baxmayaraq imza atdığı sənədə hörmətsizlik edirdi. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü həm də Minsk qrupunun həmsədri idi, buna baxmayaraq Azərbaycanın beynəlxalq sənədlərdə təsdiq olunmuş suveren ərazisinə müdaxilə etmiş, işğal aktına imza atmış, vandallıq etmiş, soyqırımı törətmiş Ermənistanı durdurmağı ağıllarına belə gətirməyiblər. Onların regiona hər dəfə etdikləri səfərdə məqsədləri Azərbaycanı reallıqla barığmağa məcbur etmək olub. Həmsədr ölkələr heç özlərinin imzaladığı sənədə hörmət etməyiblər. Ona görə də Türkiyə kimi inkişaf etmiş ölkənin yanımızda olması, haqq işimizə dəstək verməsi beynəlxalq münasibətlər nöqteyi-nəzərindən çox önəmlidir və vacibdir. Türkiyə də Azərbaycanın imkanlarına bələddir, beynəlxalq tribunalardan dəfələrlə rəsmi Bakının Ankaranın mövqeyini dəstəkləməsi unudulmayıb. Hər iki xalqın keçmişini, tarixini xatırlatmaq yerinə düşər, çünki biz eyni kökdənik. Türkiyə ilə Azərbaycanın sərhədləri də simvolikdir, ürəkləri bir döyünən xalqları heç bir sərhəd ayıra bilməz.

Şuşa Bəyannaməsinin önəmi həm də ondan ibarətdir ki, bu sənəd heç bir ölkəyə qarşı deyil, əksinə regionda daimi sülhün, sabitliyin bərqərar olmasına yönəldilib. Sənəddə də göstərildiyi kimi, yalnız hər iki ölkəyə qarşı xaricdən müdaxilələr olacağı təqdirdə birgə əməliyyatlar keçiriləcək, bir-birinə hər cür dəstək verəcəklər. Bu, həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına uyğundur. Şuşa Bəyannaməsinin imzalanmasından keçən müddət ərzində Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün kifayət qədər işlər görülüb. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı meqalayihələrə start verilib. Region dövlətləri arasında münasibətlərin normallaşdırılması istiqamətində Türkiyə və Azərbaycanın birgə təşəbbüsləri deyilənlərə ən parlaq nümunədir. Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətə başlaması da bu qəbildəndir. Rusiyanın da bu prosesə daxil edilməsi isə regionda sülhün bərqərar olunmasının təsir mexanizmini artırmağa hesablanıb.

Bəli, Şuşa bəyannaməsinin sülhyönümlü olması mübaliğəsizdir. İki qardaş ölkə arasında müttəfiqliyin bu sənəd vasitəsilə bir daha təsdiqlənməsi qonşularının da xeyrinədir. Çünki, nə Türkiyə, nə də Azərbaycan təcavüzkardır, hər iki ölkə BMT tərəfindən tanınmış və bütün beynəlxalq sənədlərdə təsdiq olunmuş sərhədlərinə sahib olmaq və qonşularının da ərazi bütövlüyünə hörmətlə yanaşmaq, mehriban qonşuluq şəraitində yaşamaq istəyindədir. 30 il idi ki, beynəlxalq güclər Cənubi Qafqaz regionunu özlərinin haqq-hesab poliqonuna çevirmişdilər. Məhz Türkiyə ilə Azərbaycanın birgə səyi ilə regionda faşizmin kökü kəsildi, uzun illər erməniləri də normal yaşayışdan məhrum etmiş rejim tarixin arxivinə atıldı. Sülhə məcburetmə nümunəsi Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədə özünü tam olaraq təsdiq etdi. Azərbaycan Ermənistandakı faşist rejimi məğlub etmədi, həm də regiona uzunmüddətli sülh gətirdi. Halbuki, dünyada mövcud olan güc mərkəzləri sülhü qısa müddət ərzində gətirə, ədaləti bərpa edə bilərdilər. Amma onlar bu şansı əldən verdilər.

Şuşa Bəyannaməsi tərəflərə nə verdi?

Bu sualın ilkin cavabı budur ki, Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı təmin edəcək. Həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi də nəzərdə tutulub.

Milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylər artırılacaq, müxtəlif çeşidli malların sərbəst hərəkəti təşkil olunacaq, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması səylərinin əlaqələndirilmiş şəkildə davam etdirilməsi təmin olunacaq və bu zaman beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialı daha da inkişaf edəcək, iki ölkəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə regionda nəqliyyat-kommunikasiya əlaqələri bərpa olunacaq.

Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan Türkiyəyə və əksinə yüklərin daşınması mümkün olacaq, üstəlik Rusiya, İran və Ermənistanın da bu dəhlizdən istifadəsi Azərbaycana əlavə gəlirlər əldə etmək imkanı yaradacaq.

Media Platforması çərçivəsində Azərbaycan və Türkiyənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlıq gücləndiriləcək, türk həmrəyliyinin daha da möhkəmləndiriləcək və bu məqsədilə TDƏŞ və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan veriləcək.

Sənəddə digər məsələlər - parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi və bu istiqamətdə qarşılıqlı fəaliyyətin artırılması nəzərdə tutulub. Eyni zamanda tərəflər hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcək, Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər.

Şuşa bəyannaməsi regionda yeni reallıqlar yaratdı, Azərbaycana və Türkiyəyə düşmən gözü ilə baxanlara ən sonuncu rəsmi mesaj oldu. Regionda müharibələrin başvermə riskini azaldı, işğalçı ritorikası ilə danışanların arzusu gözündə qaldı, uzun illər kəsilmiş yollar açıldı, yeni tranzit xətləri yarandı və ən əsası ədalət gec də olsa bərpa edildi. Bu gün Azərbaycan Böyük Qayıdış astanasındadır. 30 il əvvər yurd-yuvasından qovulmuş insanlar isti ocaqlarına dönmək üzrədirlər. Bunun üçün dövlətimiz bütün imkanlarını səfərbər edib. Yeni kommunikasi xətləri çəkilir, nəqliyyat infrastrukturu inşa edilir, kənd və qəsəbələr salınır. Həm də nəzərdə tutulmuş meqalayihələr beynəlxalq standartlar uyğun aparılır. Buna dünyada az tətbiq edilən “ağıllı kənd”, “ağıllı qəsəbə” layihəsini göstərə bilərik. Bəli 30 il Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılan, viran qoyulan Qarabağımıza, Şərqi Zəngəzurumuza yeni nəfəs gəlir. Bu ab havanı yaradan, xalqımıza xoşbəxt günləri yaşadan isə birmənalı olaraq Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevdir!

Aydın Hüseynov, Milli Məclisin deputatı