Azərbaycan qadınını azadlığa səsləyən nəşrlər Layihə

Azərbaycan qadınını azadlığa səsləyən nəşrlər

"İşıq", "Zaqafqaziya zəhmətkeş qadını", "Şərq qadını" bu yöndə fəaliyyət göstəriblər
"Azərbaycan qadını" jurnalını qadınlarımızın həyatındakı uğurlu və çətin günlərin salnaməsi adlandırmaq olar


Düz yüz il əvvəl müsəlman aləmində tanınmış milyonçu, xeyriyyəçi, qızlar gimnaziyasının yaradıcısı Hacı Zeynalabdin Tağıyev "İşıq" adlı ilk qadın qəzetini təsis etdi. Onun ilk nömrəsi 1911-ci il yanvarın 22-də çapdan çıxdı. Qəzetin 1911-ci ilin yanvarından 1912-ci ilin dekabrına qədər 64 (bəzi mənbələrə görə 68) sayı işıq üzü görüb. Məcmuənin redaktoru Azərbaycanın ziyalı qadınlarından olan, ictimai, mədəni həyatda fəal iştirak edən, qadın xeyriyyə cəmiyyətlərinin yaradılmasının təşəbbüskarlarından biri həkim Xədicə Əlibəyova idi. Qəzetin naşiri isə həyat yoldaşı Mustafa Əlibəyov oldu. Hüquqşünas, vəkil, jurnalist, yazıçı Mustafa bəy insan hüquqlarının, xüsusilə qadın hüquqlarının müdafiəçisi kimi də tanınırdı.
"İşıq" həftədə bir dəfə, şənbə günü nəşr olunan elmi-pedaqoji, ədəbi, təbabət və evdarlığa dair qadın məcmuəsi idi. Burada uşaq tərbiyəsi, ədəbiyyat, təbabət və evdarlıqla yanaşı, hüquqa, mədəniyyətə, şəriət qaydalarına, dünya xəbərlərinə aid müxtəlif guşələr vardı.
Qəzet o zaman müsəlman həyatının ən ağrılı bir sahəsi, qızların təhsilə cəlb olunmasına səy göstərilməsi, qadınların öz hüquqlarını dərk etməsi, anaların övladının tərbiyəsilə ciddi məşğul olması məqsədindən yaranmışdı. Çünki həmin dövrdə Azərbaycan qadınlarının şəxsi taleyində, ictimai həyatında başlıca problem məhz bunlar idi. Həmin vaxtda qız qardaşlarının fədakarlığını alqışlayan Hüseyn Cavid, Əhməd Cavad, Məhəmməd Hadi kimi şairlər, o zaman Peterburq, Kiyev, Odessa şəhərlərində təhsil alan azərbaycanlı gənclər də "İşıq"ın nəşrə başlaması ilə əlaqədar öz çıxışlarında sevinc və razılıqlarını ifadə edir, qadınlara məxsus bir qəzetin meydana çıxmasının onların maariflənməsinə böyük təsir göstərəcəyini ifadə edən məktubları ilə orada çıxış edirdilər. Cəmi 68 sayı nəşr olunan "İşıq"ın yaşadığı şərəfli həyat yolu cəhalət girdabında yaşayan savadsız qadınların həyatında əhəmiyyətli dəyişikliklərin yaranmasına səbəb oldu. Cəmi iki il fəaliyyətdə olsa da o nəinki XX əsrin əvvəllərində Azərbaycan qadınlarının gözlərinə işıq, zəkalarına nur oldu, islam dünyasının qanunları ilə ömür sürən qadınların şüarlarını silkələdi, o həm də Azərbaycan mətbuatı tarixində qadın mətbuatının bünövrəsini, ənənəsini yaratdı, qadın problemlərinin mətbuatda həllinin zəmini oldu. Qəzetin tədqiqatçısı, tarix elmləri namizədi Amaliya Qasımovanın sözlərinə görə, "İşığ"ın ilk nömrəsi çapa gedəndə bu, cəmiyyətdə böyük səs-küy doğurmuşdu. Onun xarakterik cəhəti fikir müxtəlifliyində idi. Qəzet Azərbaycan qadınını azadlığa səsləyirdi. Qeyd edək ki, Xədicə xanım Əlibəyova Azərbaycanda ilk qadın redaktor kimi tarixə düşüb.
Şəhrəbanu xanım Şabanzadə "Oxumaq lazımdır" ("İşıq" 1911, H 1) məqaləsində yazırdı: "Əvət, qadınlar bəşəriyyətin anası, insaniyyətin ruhu olduqları üçün hər kəsdən əvvəl təhsili-elm etməlidirlər. Halbuki biz o qaydadan çıxıb millətimizin tənəzzülünə bais olmuşuz. İştə birinci olaraq bu bəlanı dəf və izalə etmək üçün biz də baisi-tərəqqi olan mətbuatımızın tərəqqisi üçün oxuyalım! Oxutduralım! Oxumağa çalışalım! Oxumaq lazımdır, oxumaq!!!"
Şəhrəbanu xanımın arzularının manifesti kimi səslənən bu çağırışı maarifpərvər ziyalının haqq səsi idi. Qəzetin müxbirləri Xədicə xanım Əlibəyova, Nabat Nərimanova, Sona Axundova, Şəhrəbanu Şabanzadə, Sara Vəzirova, Şəfiqə Əfəndizadə, Asiyə Axundzadə, Gövhər Şövqiyə, Xuraman Rəhimbəyova, Xavər Tahirova, Həyat Çayqıraqlı kimi aydınlar idi.
1912-ci ildə müəllimə Kamilə xanım Sübhanquluyeva hər bir zinətdən, ləl-cavahiratdan dəyərli olan övlad tərbiyəsinin zəruriliyindən bəhs etdiyi yazısında fransızların kübar cəmiyyətindən aldığı ibrətamiz bir əhvalatı nəql etməklə fikrini çox yığcam formada açıqlayır: "Həzərat! Mənim malım, mülküm, daş-qaşım, zər-zivərim ciyərparəm olan bu iki övladımdır... Daş-qaş və zər-zivər insan üçün bəzək deyildir. Bəlkə tərbiyəli övladları onun həmişəlik bəzəyidir!.."
Qəzetdə bəzi yazılar rus dilinə də tərcümə olunurdu. Cəhalət daşıyıcılarının qurbanı oan "İşıq" maliyyə çətinliyi ucbatından da uzun müddət yaşaya bilmədi.
1918-20-ci illərdə ADR hökuməti qadın hərəkatının geniş vüsət almasını nəzərə alaraq bu hərəkatı istiqamətləndirmək niyyətilə qadınlar üçün ayrı-ayrı səhifələr, sonra "Zəhmətkeş qadınların yolu" və "Qafqaziya zəhmətkeş qadınların yolu" adlı bir saylı qəzetlər nəşr etdi.
Daha sonra 1922-ci ildə "Zaqafqaziya zəhmətkeş qadını" adlı jurnal çap olundu. Tiflisdə çıxan bu jurnal Azərbaycan, gürcü və erməni qadınlarına onların hüquqları barədə anlayış verməyə cəhd edir, onları azadlığa çağırırdı. Amma bu, Azərbaycan qadınlarının öz mətbuatına olan tələbatını ödəmirdi.
Beləliklə, 1923-cü ildə Azərbaycan Qadınlar Şurasının orqanı olan "Şərq qadını" jurnalı işıq üzü gördü. Onun ilk sayı həmin ilin noyabrında çap olundu. Jurnalın ilk redaktoru Ayna Sultanova idi. 20-ci illərdə ərəb əlifbası ilə çap olunan "Şərq qadını" qadınlara azadlıq, bərabərlik ideyaları aşılayır, maarif və mədəniyyətdən yazırdı. Amma bütün bunların hamısı kommunizm ideologiyasının süzgəcindən keçirilib oxuculara təqdim olunurdu.
"Şərq qadını" tərəqqipərvər müəllimlərin və ictimai xadimlərin qüvvəsinə arxalanaraq qadın təhsilinin, məktəbəqədər tərbiyənin mühüm problemlərinin həllində görkəmli rol oynayırdı. Azərbaycanda qadınların, qızların təhsili, qız məktəblərinin, kursların təşkili, burada aparılan təlim-tərbiyə işi məsələlərinə jurnal səhifələrində müntəzəm yer verilirdi. Bu jurnal "İşıq"ın davamçısı oldu və üzərinə düşən missiyanı uzun illər boyu yerinə yetirdi.
Azərbaycanın qadın mətbuatını araşdıranların qənaətincə, "Şərq qadını"nın bir tarixi rolu da odur ki, ətrafında Azərbaycanın bütün savadlı, oxumuş, mübariz qadınları toplaşmışdı. Jurnal qadın publisistlərin, şair və yazıçıların yetişməsi üçün bir məktəb rolunu oynayıb. Elmə, mədəniyyətə, incəsənətə, təbabətə marağı olan qadınların, qızların ilk məqalələri jurnalın səhifələrində dərc edilib. Azərbaycanın ilk yazıçı və jurnalist qadınları ilə bərabər görkəmli bədii söz ustalarının C.Məmmədquluzadənin, S.S.Axundovun, A.Şaiqin, S.Hüseynin, Y.V.Çəmənzəminlinin, T.Şahbazinin, H.Cavidin, Qantəmirin, B.Talıblının, H.Nəzərlinin və başqa yazıçıların öz hüquqları uğrunda mübarizəyə qoşulan qadınlarımızın həyatlarına həsr etdikləri hekayə və şeirləri tez-tez çap olunurdu.
30-cu illərdə jurnal qadınlar arasında sənayeləşmənin, kooperativləşmənin təbliğinin tribunasına çevrildi, onun səhifələrində kolxoz, sovxoz quruculuğu, əmək fəallığı məsələləri xüsusi yer aldı. Jurnalın redaktoru, tanınmış ictimai xadim, publisist Gülarə Köylüqızı həbs olunub sürgünə göndəriləndən sonra, 1938-ci ilin fevralından etibarən "Şərq qadını"nın adı da dəyişdirildi və "Azərbaycan qadını" adı ilə nəşr olunmağa başladı. "Şərq qadını"nın həmin dövr tirajı 7750 nüsxə olub və jurnalın populyarlığı digər Şərq ölkələrində də oxşar nəşrlərin yaranmasına gətirib çıxarıb. Elə bu səbəbdən 1938-ci ildə "Şərq qadını" jurnalının adı dəyişdirilərək "Azərbaycan qadını" adlandırılıb və əsas diqqət respublika miqyaslı problemlərə verilib. O artıq Azərbaycan KP Mərkəzi Komitəsinin ictimai-siyasi və ədəbi-bədii aylıq jurnalı idi.
1937-40-cı illərdə jurnal bir neçə redaktor dəyişdi, onun müəllifləri, müxbirləri repressiya qurbanı oldu. Beləliklə, jurnalın tarixində böhranlı günlər başladı. 1941-ci ildə bir çox mətbuat orqanları kimi "Azərbaycan qadını" da fəaliyyətini dondurdu və bir də 10 il sonra, 1951-ci ilin martında açıldı. 50-ci illərdə jurnal qadınların elm, mədəniyyət, təsərrüfat, ictimai-sosial sahələrdə qazandıqları uğurlardan yazır, onların məişət və həyat şəraitinin yaxşılaşdırılması mövzularına daha çox yer verirdi. "Azərbaycan qadını" jurnalını Azərbaycan xalqının keşməkeşli taleyinin, onun həyatındakı uğurlu və çətin günlərin salnaməsi adlandırmaq olar.
60-cı illərdə onun səhifələrində partiya həyatı, pambıqçıların, zəhmətkeş qadınların hünərindən bəhs edən oçerklər, xalqlar dostluğu məsələləri xüsusi yer tutur, hüquqşünas məsləhəti, gənclərin yaradıcılığı öz əksini tapırdı. 1965-72-ci illərdə "Azərbaycan qadını"nın redaktoru Şəfiqə Ağayeva, 1972-96-cı illərdə isə Xalidə Hasilova olub. Bu illərdə jurnalın ideya-bədii səviyyəsinin yüksəlməsi qeyd olunur.
O dövrdə jurnalda "Gözəllik aləmində", "Mədəniyyət tariximizdən", "Açılmamış səhifələr", "Teatr", "İncəsənət", "Poeziya yarpaqları", "El sənətkarları" və s. yeni rubrikalarda Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri, yazıçıları çıxış ediblər. 80-ci illərdə jurnalın tirajı 30 mindən 320 minə qədər artıb. 1951-91-ci illərdə "Azərbaycan qadını" müntəzəm olaraq ayda bir dəfə nəşr olunub.
90-cı illəri Azərbaycan mətbuatında yeni mərhələ hesab etmək olar. Bu illərdə Azərbaycanda yeni nəşrlər gündəmə gəlməyə başlasa da, iqtisadi çətinliklər də özünü göstərməkdə idi.
Əsrin böyük bir hissəsi boyu Azərbaycanda yeganə qadın mətbu orqanı olan "Azərbaycan qadını" jurnalı da o dövrdə çətin günlərini yaşayırdı. Bunlar 1992-ci ildə jurnalın tirajının 5 minə düşməsinə və iki ayda bir dəfə çıxmasına səbəb oldu. Bu tendensiya 1993-cü ildə də davam etdi. 1994-cü ildə jurnalın cəmi 4, 1995-96-cı illərdə isə ikicə nömrəsi işıq üzü gördü...

Ülviyyə Tahirqızı