“Azərbaycan Avropanın enerji şaxələnməsini həyata keçirir” Layihə

“Azərbaycan Avropanın enerji şaxələnməsini həyata keçirir”

Züriyə Qarayeva: “Rusiyanın enerji ekspansiyası siyasətindən qitəni xilas edir”

“Vaşinqton proseslərin Bakının lehinə transformasiya olduğunu anlayır. Yetişən vəziyyətdən istifadə edərək, sadəcə pay sahibi olmaq istəyir. Coğrafi şərtlər və fokuslandığı digər problemlər nəticəsində bölgəyə təsir imkanları yox səviyyəsindədir. Tehran adıçəkilən istənilən platformada üstünlüyün olmasına qarşıdır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq Züriyə Qarayeva səsləndirib. O, həmçinin digər suallarımızı da cavablandırıb

-Prezident İlham Əliyevin son səfərləri fonunda Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf səviyyəsini necə qiymətləndirmək olar?

-Prezident İlham Əliyevin son aylarda etdiyi xarici səfərlər qonşu, regilon ölkələrlə, eləcə də qlobal güclərlə dinamik inkişaf əlaqələrimizin olduğunu göstərir. Bugün 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz günü-gündən güclənir, bölgənin aparıcı ölkəsinə çevrilir. Azərbaycan nəinki əlaqələrini gücləndirir, həmçinin milli maraqlarımızın təmin edilməsi istiqamətində də effektiv addımlar atır. Çoxsaylı görüşlər xarici siyasətimizin kifayət qədər uğurlu olduğunu göstərməklə yanaşı, Vətən müharibəsində qazanılan qələbəmizin Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsində də rol oynadığını isbatlayır. Hazırda enerji layihələrinin icraçısı və təşəbbüskarı Azərbaycandır. Ölkəmiz hazırki səfərlərdə əldə edilən qərarlarla Avropanın enerji şaxələnməsini həyata keçirir, Rusiyanın enerji ekspansiyası siyasətindən qitəni xilas edir. Ənənəvi enerjidən başqa, hazırda ölkəmiz dünyanın yeni çağırışı olan bərpaolunan enerjinin təminatı istiqamətində də ciddi işlər görür.

-Brüssel, Vaşinqton, Tehran və Moskvanın danışıqlar prosesində maraqları və mövqeləri bundan sonra necə olacaq?

-Hesab edirəm ki, hər birinin proseslə bağlı özünəxas maraqları var. Brüssel sülh müqaviləsinin imzalanmasına tələsir. Problemlərin hansı səviyyədə qüvvədə qalmasından aslı olmayaraq, Avropa İttifaqı müqaviləni tərəflərə imzalatmaqla, Qərb-Rusiya rəqabətində üstün olmaq, bundan əlavə, bölgədə maraqlı olduğu enerji layihələrini icra etməyə çalışır. Bu maraq da əslində Rusiyaya yönəlik maraqlardır. Çünki, sülh sazişi imzalanarsa enerji layihələri daha sürətlə həyata keçirilər ki, bu, həm də Qərbin Rusiyanın enerji tədarükündən sürətlə xilas olması deməkdir. Brüsselin kommunikasiya əlaqələri ilə bağlı mövqeyi də Rusiya ilə toqquşur. Çünki, Zəngəzur dəhlizinin açılması Rusiyanın maraqlarına xidmət edir və blokada vəziyyətindən çıxmasına şərait yaradır. Vaşinqton proseslərin Bakının lehinə transformasiya olduğunu anlayır. Yetişən vəziyyətdən istifadə edərək, sadəcə pay sahibi olmaq istəyir. Coğrafi şərtlər və fokuslandığı digər problemlər nəticəsində bölgəyə təsir imkanları yox səviyyəsindədir. Tehran adıçəkilən istənilən platformada üstünlüyün olmasına qarşıdır. Çünki, istənilən halda oyundan kənar vəziyyətdədir. Sərhəddə baş tutan təxribatlarda da rolu var. Bu minvalla Ermənistan üzərindən Azərbaycana hücum planını həyata keçirir. Üstəlik, görüntü yaradır ki, Ermənistanın təhlükəsizliyinin təmintaçısı Rusiya yox, məhz İrandır. Moskva proseslərin tam mərkəzindədir. Sülhməramlı missiyası adı altında proseslərə istədiyi kimi yön verməyi bacarır. Burada bir də Ermənistanın Rusiyadan asılılıq faktoru da böyük rol oynayır. Odur ki, görüşlərdə Bakının xeyrinə addım atmış kimi görünə bilər. Xüsusən, Brüsseldə keçən məhsuldar görüşün ardınca bu mənzərənin yaradılması Moskva üçün önəmlidir. Fəqət “avazının Quranla əlaqəli olması” əsas məsələdir.

-Paşinyaın son açıqlamaları fonunda sülh prosesinə nə qədər yaxınıq?

-Paşinyanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatı faktiki “Qarabağ Azərbaycandır” deməkdir. Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra belə Azərbaycana qarşı ərazi iddiaları vardı. Paşinyanın bu açıqlaması həm də Azərbaycana qarşı iddialarından əl çəkməsi deməkdir. Onu da bildirim ki, Qərbdə üçtərəfli görüşlərdən sonra Paşinyanın bu açıqlaması Qərb-Rusiya qarşıdurmasına və tərəflər arasında vəziyyəti daha da gərginləşdirməyə hesablanıb. Paralel olaraq, Nikol Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi məsələsinin Bakı-Xankəndi arasında müzakirə edilməsini deməklə məsuliyyəti öz üzərindən atmaq istəyir. Onun bu açıqlaması Azərbaycanın qəbul etmədiyi Bakı-Xankəndi formatının yaradılması üçün cəhddir. Moskva görüşü öncəsi Paşinya sülh danışıqları prosesinin dalana dirənməsini istəyir və bununla da zaman qazanmağa çalışır. Çünki, Bakı delimitasiya məsələsinin Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri daxilində həllinin tərəfdarıdır. Paşinyan bu şərtlər daxilində sülh müqaviləsinə imza atarsa, nəinki hakimiyyətini, hətta həyatını itirə bilər.

-Sadaladığınız faktorları nəzərə alsaq, Rusiya təxribatlara əl ata bilərmi?

-Rusiya baş verən təxribatlarda çox zaman vasitəçi tərəfdir. Təxribatların davam etməsi onun hərbi varlığına ehtitac yaradır. Üstəlik bu aktların törədilməsi ilə Ermənistanı da təsir dairəsində saxlamağa çalışır. Ancaq digər tərəfdən də bu ritorikanın davam etdirilməsi eyni zamanda beynəlxalq müşahidəçilərin bölgəyə gətirilməsi ehtimalını artırır.

-İranın da narahatlıqları var, cənubdan təhdidlər olacaqmı?

-İranın narahatlıqları müharibə başladığı gündən ortaya çıxıb. Ölkəmiz gücləndikcə bu narahatlıq da düz mütənasib formada yüksəlir. Tehran həm siyasi, həm iqtisadi, həm strateji məqsədlərdən dolayı Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini qəbul edə bilmir. Şovinist ideologiyalı bu dövlət özünə alternativ gücün formalaşmasından nigarandır. Üstəlik, işğalda olduğu zaman Qarabağdan boz zona olaraq istifadə edib, qeyri-qanuni tranzit fəaliyyətini icra edib. İstifadə etdiyi yollara məhdudiyyətlər qoyulub, əlavə gömrük rüsumu tərəfimizdən tətbiq edilib. Həmçinin, bölgədə güclənən Türkiyə amili də İslam Respublikasını narahat edir. Odur ki, İrəvana dəstək məqsədli hər əmələ əl ata bilir. Təxribatlar zamanı İrana xas dronların havaya qalxması da bu dəstəyin tərkib hissəsidir.

-Belə dvam edərsə antiterror əməliyyatları mümkündürmü?

-Azərbaycan tərəfi ordudan istifadəni maksimum səviyyədə məhdudlaşdırmağa çalışır. Problemlərin masa arxasında həllinə cəhd edir. Diplomatik cinahda uğurlu addımlar atılaraq Ermənistan dalan vəziyyətinə salınır və sabotaj ritorikasından əl çəkməyə vadar edilir. Lakin İrəvan nəticələrdən yenə də dərs çıxarmazsa, anti-terror əməliyyatları həyata keçirilə bilər.

Əli