Urmiya gölünün qurudulması ekoloji terrordur Layihə

Urmiya gölünün qurudulması ekoloji terrordur

Bu, böyük bir demoqrafik böhrana səbəb olacaq

Tehran rejimi Güney Azərbaycanın ekologiyasına və təbiətinin qorunmasına da laqeyd yanaşır. Rejimin atom-nüvə proqramında istifadə etdiyi radioaktiv maddə tullantılarını Güney Azərbaycan ərazisində qazdığı quyularda basdırdığına dair məlumatlar mövcuddur. Bu səbəbdən həmin bölgələrdə xərçəng xəstələrinin sayının çoxaldığı da qeydə alınıb. Terrora məruz qalan təbii sərvətlərdın biri də Urmiya gölüdür.

Qurumazdan əvvəl Urmiya gölünün uzunluğu 140 km, eni 55 km, ümumi sahəsi 5822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 iri və çoxlu sayda kiçik çay tökülürdü. Bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Nadir heyvanlar və bitkilər var idi. Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini, Güney Azərbaycanın torpaqlarının beşdə birini əhatə edirdi.

Urmiya gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potaş, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir. Urmu gölü öz gözəl təbiəti və zığının müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə səbəb olur. Sərnişin və yükdaşıma üçün gölün 6 limanı vardı.

Göl və onun çevrəsində 2014-2016-cı il biomüxtəlifliyin son siyahıları əsasən (adalarda yerləşən çayları ilə birlikdə) 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ suda-quruda yaşayan, 5 növ molyusk və 26 növ balıq yaşayırdı. Bu canlıların varlığı və çeşidliyi Urmu gölünün UNESCO tərəfindən biosfer qoruğu elan edilməsinə səbəb olmuşdur. Lakin İran hakimiyyətinin məsələyə savadsız və biganə yanaşması Urmiya gölünün quruması ilə nəticələnib. Artıq o ərazidə Urmiya duzluğu, Urmiya şoranlığı yaranıb. Gölün əhatəsindəki əkinçilik üçün yararlı olan minlərlə hektar torpaq sahəsi şoranlaşıb. Sakinlər həmin ərazidən köçməyə üstünlük verir. Duz tozları küləklə gölün sahilindəki şəhərlərə də yayılır. Bu, bütövlükdə Güney Azərbaycanın böyük bir hissəsində ekoloji fəlakətin yaranmasına səbəb olub. Tehran hakimiyyəti bununla Güney Azərbaycanda ekoloji terror törədib.

“Cümhuriyət” qəzetinin baş redaktoru və Cebheinfo.az saytının direktoru Rəfail Becanov deyib ki, Urmu gölünün qurudulması ekoloji terrordur: “Urmiya gölü ətrafında baş verən ekoloji terror İran hakimiyyətinin məqsədli şəkildə həyata keçirdiyi siyasi projedir. Çünki Urmiya gölü regionda ekosistemə təsir edəcək bir səviyyədədir. Göl ətrafında baş verənləri bəzən iqlimlə, corğafi ərazi ilə və ya relyeflə əlaqələndirirlər. Amma bu göl Van gölü ilə təxminən eyni coğrafi mövqedədir. Amma bu hadisələr Van gölündə baş vermir. Bunun əsas səbəbi İran rejiminin apardığı ekoloji bir prosesdir. Bunu məqsədli şəkildə həyata keçirirlər. Çünki Urmiya gölünə axan 13 təbii təbii su mənbəyi var idi ki, bunun üzərində tikilən SES-lər, nasos quraşdırma işləri gölə mənfi təsir etdi. Nəticədə gölün su səviyyəsi 31 milyard kubmetrdən hazırda 2.9-3 milyard kubmetr səviyyəsindədir. Bu da bölgədə ciddi problem yaradır. Göl ətrafında şoranlaşma, duzlaq sahələri yaranır. Bu da Güney Azərbaycana çox ciddi mənfi təsir göstərir”.

Rəfail Becanovun fikrincə, Urmiya gölü qurusa, bu, böyük bir demoqrafik böhrana səbəb olacaq: “Urmiya gölünün ətrafında bizim 7-8 böyük şəhərimiz yerləşir. Buradan əhalinin köçü davam edəcəksə, bu, təqribən 6 milyon insanı əhatə edəcək. Demoqrafik bir proses baş verəcək. Əslində İran rejiminin göl ətrafında apardığı siyasətdən biri də budur. Yəni demoqrafik bir proses baş versin, oradan azərbaycanlıları uzaqlaşdırsınlar. Bunun da başqa bir səbəbi Azərbaycan üçün gələcəkdə Urmiya regionu ilə bağlı mübahisə predmeti yaratmaqdır.

Milli zəmində bir problem yaratmaqdır. Bu baxımdan bu, bizim üçün milli bir məsələ olmalıdır. Nəzərə almaq lazımdır ki, Urmiya gölü UNESKO tərəfindən qoruq elan edilib. İran rejimi hətta bu məsələdə belə beynəlxalq standartlara əməl etmir. Özünə aid olmayan digər məsələləri isə özü üçün problemə çevirir. Siyasi məsələlərdə hər şeydə özünü qabağa verir, özünə etiraz nöqtəsi düzəldir.

İran hökuməti bu məsələdə ekoloji sistemin pozulmamasına cavabdehdir. Amma buna heç bir reaksiya göstərmir. Dediyim kimi bu, məqsədlidir. Buna azərbaycanlılara qarşı ekoloji soyqırımı da demək olar. Çünki bu, 6 milyon əhalinin deportasiyası ilə nəticələnəcək bir prosesdir.

Siyasi şərhçi Sadiq İsabəyli Amerikanın Səsinə müsahibədə Urmiya gölündə yaşanan ekoloji fəlakətlə bağlı İran Azərbaycanı və xaricdə yaşayan milli fəalların təşkil etdiyi etirazlar və maarifləndirmə kampaniyalarını şərh edib.

Sadiq İsabəyli: Urmiyə gölü kampaniyalarında ölkə daxilindəki milli fəalların şəraiti nəzərə alınmalıdır

"Zaman-zaman ciddi etirazlar olub. Bilgilər yayılıb. İnsanları maarifləndirmək üçün işlər görülüb. Etiraz kampaniyaları olub. Bir çox milli fəalımız, ətraf mühitlə bağlı fəaliyyət göstərənlər, tanınmış şəxsiyyətlərimiz sırf Urmiya gölü ilə bağlı fəaliyyət göstərdikləri üçün təhdid olunub, həbs olunublar," İsabəyli deyib.

O, keçən günlər İran Azərbaycanının fərqli şəhərlərində siyasi və ictimai fəalların kəşfiyyat şöbələrinə çağırılmasına diqqət çəkərək deyib ki, "Urmiya gölü məsələsi siyasi anlam daşımamalıdır. Təhlükəsizlik anlamı daşımamalıdır. Amma buna rəğmən milli fəal yoxdur ki, təhdid telefonu almasın. Elə bu günlərdə görürük ki, kəşfiyyat idarəsi milli fəallara zəng edir. Baxmayaraq ki, əlində qərar olmadan onların haqqı yoxdur ki, zəng edib fəallardan tələb etsinlər ki, sən Urmu gölü ilə bağlı etiraza çıxmısan və ya hər hansı bir məsələni Urmiyə gölü ilə bağlı sosial mediada yaymısan, ona görə də gəlib kəşfiyyat idarəsində cavam verməlisən."

Sadiq İsabəyli Urmiya gölü ilə bağlı fəaliyyətlərdə davamlılığın önəmli olduğunu vurğulayır. O hesab edir ki, davamlılığın təmin olunması üçün xaricdə fəaliyyət göstərən siyasi qüvvələr daxildəki fəallar ilə koordinasiyalı bir şəkildə çalışmalıdırlar.

"Siyasi təşkilatların fəliyyətləri və çağırışları içəridəki şəraitə uyğun olmalıdır. Proseslərdə içəridə olan milli fəalların qərarları nəzərə alınmalıdır. Orada rejimin və ya rejimin əli altında olan bəzi qüvvələrin o proseslərə girməsi əngəllənməlidir. Bu proseslər düzgün şəkildə aparılmayanda bir sıra təşkilatlar öz təşkilat maraqları üçün bir çağırış verirlər... İçəridə normal və açıq təşkilatlanma prosesinin getməsinə imkan verilmir. Buna görə, xaricdə fəaliyyət göstərən bəzi təşkilatlarımız içəridəki proseslə koordinasiya etmədən çağırışlar versələr, bunun bədəlini içəriyə ödədirlər. Digər tərəfdən də biz görürük ki, millət o prosesin davamlılığını təmin etməkdə problemlər ilə qarşı-qarşıya gəlir", siyasi fəal bildirib.

O əlavə edib ki, "hər hansı bir təşkilat sadəcə siyasi dividentlər və siyasi-maddi imtiyazlar və ya kimsələrəsə xoş olsun deyə bir işə girərlərsə və bunu koordinasiya etmədən edərlərsə bunun ziyanı xeyrindən qat-qat çox olar və bədəlini də içəri ödəyər".

Sadiq İsabəylu Urmiya gölü ilə bağlı kampaniyalarda maarifləndirmə fəaliyyətlərinin xüsusi önəm daşıdığını önə çəkir. Onun sözlərinə görə, "bunun davamlılığı üçün dərin maarifləndirmə fəaliyyəti lazimdir. Bu, asan deyil, çünki, bir çox maneələr ilə qarşılaşır. Amma biz görürük ki, bizim milli fəallarımız son aylarda hər tərəfli çalışırlar. Məsələn, Urmiyə gölü ilə bağlı sənətkarlarımız musiqi ilə, rəsm ilə, milli fəallarımız şüarları ilə, şairlərimiz şeirləri ilə özlərini ifadə edirlər".

Yeri gəlmişkən, İsveçrədə yaşayan azərbaycanlılar Urmiya gölü ətrafında baş verən ekoloji fəlakətə diqqət çəkmək məqsədilə Bern şəhərində aksiya keçirəcəklər.

İsveçrədə yaşayan güneyli fəalların verdiyi məlumata görə, aksiya avqustun 29-da yerli vaxtla saat 17:00-dan 18:30-a kimi Bern şəhərinin Kasino Platez meydanında keçiriləcək.

Cavid