Zəngəzur (Laçın) ərazisindəki toponimlər və yer adları Layihə

Zəngəzur (Laçın) ərazisindəki toponimlər və yer adları

Qafan şəhəri və onun digər yaşayış məntəqələrindən XX əsrin 90-cı illərinə qədər 70 minə yaxın azərbaycanlı deportasiya edilərək öz doğma ocaqlarından qovuldular. Hal-hazırda Qafan şəhərində 30 minə yaxın xaricdən gətirilib məskunlaşdırılan erməni yaşayır


2-ci yazı

Bu gün Ermənistan özünü dünyaya "humanist" olaraq təqdim etsə də, havadarlarının əliylə Azərbaycanın tarixi torpaqlarını işğal etməsi faktı ortadadır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov tədqiqatında ermənilərin 1980-ci illərin sonlarından SSRİ-nin süqutundan fürsət taparaq torpaqlarımızın işğalı üçün min bir planlar qurmasından, açıq şəkildə dövlət səviyyəsində terror yoluyla istəklərini gerçəkləşdirməsindən danışılır. Faktlardan aydın görünür ki, erməni məkrində həmişə çox fəal amansızlıq nümayiş etdirib: "Böyük şirin su ehtiyatına malik daha bir ərazi, Qaragöldən şimal-şərqə tərəf məhşur Alagöllər yaylağına birləşən ətrafı qalın çınqıllarla əhatə olunan Qızılboğaz su hövzəsi Azərbaycanın erməni işğalı altında olan çox əhəmiyyətli mineral ehtiyatıdır. Qızılboğazdan 5 kilometr cənub-şərq tərəfə isə ermənilər tərəfindən uçurdulmuş və dağıdılmış Qızıltəpənin məzlum görkəmi diqqəti cəlb edir. Qızıltəpə ilə üzbəüz 7 kilometr cənub istiqamətində isə Böyük İşıqlı dağının əzəmətli görkəmi dayanır. İşıqlıdan 2 kilometr şimal-şərqə isə Qaragöl yaylağıdır.
Zəngəzur silsiləsinin bütün zirvə hissəsi qalın otlaqlı yaylaqlardan və böyük çınqıllıqlardan, silsilənin ətəkləri isə enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir. Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər var. Təsadüfi deyil ki, Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini buradan götürür. Bir çox nağıl və əfsanələrin epizoduna çevrilən Arpaçay çayı isə öz mənbəyini dəniz səviyyəsindən 3000-4000 metr yüksəklikdən çox güman ki, Alagöllərin qrunt sularından alır".
Öz mənbəyini Zəngəzurdan götürən dağların sərt döngələri ilə sürətlə axan Arpaçay Basarkeçər və Zəngəzur ərazilərini ikiyə bölür. Çayın iki qolunun mənbəyi Keçəltəpə yaylağına qədər uzanır. Bu qolların hər birinin uzunluğu təqribən 12 km-dir. Bu ərazinin cənub-qərb istiqamətindən 40-45 km aralıdan Səlim keçidi başlayır.
Qədim zamanlarda Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu (İpək yolu) məhz buradan yəni Zəngəzurun Səlim keçidi adlanan yerdən keçərək, Azərbaycanın qədim Təbriz şəhərinə oradan da Asiya ölkələrinə və Çinə qədər uzanıb gedirdi. Ona görə də səyyahların istirahətini təmin etmək üçün Səlim keçidində Elxani dövründə tikilən Səlim karvansarası dövrümüzə qədər gəlib çıxıb. Maraqlıdır ki, İpək yolu üzərində Zəngilanın Məmmədbəyli kəndində Yəhya İbn Məhəmməd türbəsinin qapısı üzərində qoyulan kitabə ölçüsü, bədii forması, həkk olunan texnikasına görə, Səlim karvansara kitabəsinin eynidir. Belə kitabənin üçüncüsünə hələlik Azərbaycanın digər tarixi ərazilərində hələ rast gəlinməyib.
Qeyd olunan kitabədə XIV əsrdə bu İpək yolu üzərindəki bütün abidələrin memarı olmuş memar Əli Məcdəddinin adı yazılıb. Son dövrlər bu abidənin də daxili divarları üzərindəki bir daşı çıxararaq oraya erməni dilində bir yazılı lövhə yerləşdiriblər. Ermənilərin abidə üzərinə yerləşdirdikləri bu divar yazısı abidənin inşa tarixinə aid olan karvansaranın qapısı üzərindəki hələlik mövcud olan yazı ilə də heç cürə uzlaşmır, yəni uyğun gəlmir. Yəni bu lövhə abidənin tarixini saxtalaşdırır".
Zəngəzurun çox əsrarəngiz yüksəkliklərindən biri də Mehri yüksəkliyidir: "Mehri ərazisi qiymətli şirin su hövzəsinə və böyük mis mədənlərinə malik bir ərazidir. Buradakı dağların ətəkləri ilə dolanıb gedən üç çay, cənub-qərbdə Mehriçay, şimaldan Oxçu(Boxçi) çayı və şərq istiqamətində Xaçınçıy çayı öz gözəlliyi ilə ona baxanlarda heyrət doğurur. Dəniz səviyyəsindən 1200-1800 metr yüksəklikdə yerləşən Mehrinin bütün ərazisi demək olar ki, palıd meşələri ilə örtülüdür. Meşə örtüyü Qərbi Azərbaycanın çox gözəl şəhərlərindən biri olan Qafan şəhərinə qədər uzanır.
Burada onu da qeyd etmək yerinə düşərdi ki, Qafan şəhəri və onun digər yaşayış məntəqələrindən XX əsrin 90-cı illərinə qədər 70 minə yaxın azərbaycanlı deportasiya edilərək öz doğma ocaqlarından qovuldular. Hal-hazırda Qafan şəhərində 30 minə yaxın xaricdən gətirilib məskunlaşdırılan erməni millətindən olan insanlar yaşayır.
Mehri yüksəkliyi ərazinin şimal istiqaməti tərəfinə uzanaraq İşıqlı dağına birləşir. İşıqlı dağının cənub dolaylarından cənub – şərq istiqamətinə tərəf 2 kilometrlik məsafədən Gorus çayı axır. Burada eyni zamanda Gorus yaşayış məntəqəsi yerləşir. Gorus şəhəri Zəngəzurun XX əsrin əvvəllərində tarixi mərkəzlərindən biri olub. İşıqlı dağının şərq istiqamətindən 2 kilometr şimal tərəfə isə dəniz səviyyəsindən 3241 metr yüksəklikdə Keçəldağdır. Keçəldağdan 9 kilometr aşağı istiqamətdə dəniz səviyyəsindən 2250 metr yüksəklikdə isə Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan Bayundur (Bayandur) yaşayış məntəqəsidir. Bu kənddən 4 km-lik məsafədə Xəzinəvar (Xoznavar) kəndi, Xoznavarın 1,5 kilometrliyində ermənilərin Xansak adlandırdıqları Xanəzək (el içərisində Xənəzək də adlandırılırdı) kəndi və ondan bir qədər aralıda isə Görus şəhəri yerləşir.
Gorus şəhərinin cənub-şərq istiqamətindən isə Gorus-Laçın şose yolu uzanıb Qarabağa tərəf gedir. Sərt döngələrdən keçən bu yolun 12 km-liyində Xınzirək (Xanzirək) ermənicə Xınsak yaşayış məntəqəsidir.
Xınzirək kəndindən 9 km məsafədə Qubadlı rayonunun Kümbəz, 20 km məsafədə yenə də həmən rayonun Qaralar və ondan da bir qədər aralıda isə Qubadlı(qəsəbəsi) yaşayış məntəqəsi yerləşir. Bu istiqamətdən üzü şimala yüksək strateji əhəmiyyətə malik Hoçaz yüksəkliyidir.
Hoçaz yüksərliyi bölgəyə erməni hücumları zamanı, ərazinin müdafiəsində həmişə mühüm rol oynayıb. Hoçaz yüksəkliyinin qərb tərəfindən Həkəri çayının Minkənd qolu, şərq tərəfindən isə Həkəri çayının Hoçaz qolu axır Hoçaz yüksəkliyi 52 km uzanaraq Qızılboğaz yüksəkliyinə birləşir. Hoçaz yüksəkliyinin bir hissəsi otlaqlar və qayalar ilə digər bir hissəsi isə kolluq və enliyarpaq meşələrlə örtülüdür.
Qızılboğaz yüksəkliyinin şimal – şərq istiqamətində dağlar arasında 10 kilometrlik çınqıl daşları ilə əhatələnmiş 2 kiçik göl, buradan isə 8 km-lik məsafədə Laçın rayonunun Qarakeşdi və 6 kilometrliyində isə Minkənd kəndi yerləşir. Minkənd kəndindən Həkəri çayının axarı ilə sağ sahili istiqamətində Əhmədli və ondan 4 kilometr aralıda isə Mirik kəndidir. Mirik kəndindən üzü şimala Göybulaq yaylağı Qaragöl yaylağına birləşənə qədər uzanır.
Qarakeşdi kəndindən kənd yolu ilə cənub – şərqə tərəfə 2 km-lik məsafədə Çıraqlı və Kamallı kəndləridir. Çıraqlıdan 8 km məsafədə isə dəniz səviyyəsindən 1904 m yüksəklikdə olan Artəpə (Ərtəpə) yüksəkliyi ucalır. Bu yüksəklikdən cənub - şərq istiqamətinə 10 km-lik məsafədə Laçın şəhəri görünür. Artəpədən Hoçaz yüksəkliyinə olan məsafə 6 km-dir. Artəpəni Sus kəndindən 2, Qızılca kəndindən 4, Zabux -Gorus şose yolundan isə 4 km məsafə ayırır. Minkənd-Laçın yolunun 6 km-liyində müalicə əhəmiyyətli İstisu istirahət zonasıdır. Minkənd İstisuyu istirahət zonası bütün Qarabağda məhşur idi burada müalicə əhəmiyyətli 2 hovuz fəaliyyət göstərirdi biri kişilər digəri qadınlar üçün. Hovuzların içərisində qaynayıb daşan su günün ikinci yarısında fəvvarə vururdu. Vəffarənin hündürlüyü bəzən 15 – 20 metrə çatırdı. Buradan üzü qərbə baxanda buradan Qabaqtəpə yüksəkliyi açıq aydın görünür.
Qabaqtəpə yüksəkliyindən Həkəri və Hoçaz çayları arasında cənub istiqamətindən sol sahillə şərq tərəfdə Şəlvə kəndidir. Şəlvə ərazisinin bir tərəfi vulkan daşları, digər tərəfi isə palıd meşələri ilə örtülüdür. Şəlvə dəniz səviyyəsindən 3200 metr yüksəklikdə yerləşir. Buradan 4 kilometr cənub şərqə tərəf dəniz səviyyəsindən 2629 metr yüksəklikdə Qarannıx yaylasıdır. Qarannıx yaylasından 10 km məsafədə isə Narışlar dolaylarıdır. Narışlar dəniz səviyyəsindən 2047 metr yüksəklikdədir. Narışlardan 4 km şərq tərəfdə dəniz səviyyəsindən 2132 metr yüksəklikdə Qabaqtəpə yüksəkliyidir. Sovetlər dönəmində Qabaqtəpə yüksəkliyi üzərində Laçın rayonunun ən böyük televiziya ötürücü stansiyalarından olan Qoşasu ötürücü stansiyası yerləşirdi. Buradan 2 km cənub tərəfə Qoşasu kəndididir".
Qoşasu kəndini buradan 6 km-lik kolluq bir ərazi Şəlvə dərəsinə birləşdirir: "Buradan isə onlarla tarixi əsərlərin personajına çevrilmiş Çalbayır yüksəkliyi başlayır. Çalbayır yüksəkliyi Həkəriçayının Şəlvə və Qorçuçay qolları arasında yerləşir. Ərazinin böyük bir hissəsi vulkan daşları ilə örtülüdür. Buralar yerli əhalinin yaylaq əraziləri olmuşdur. Çalbayırın zirvəsindən, Çalbayırın ətəklərinə tərəf 2200 metr bir məsafədən palıd meşələri başlanır. Meşəlik 18 kilometr cənub şərqə doğru uzanaraq Böyükqızılqaya yüksəkliyinə birləşir. Böyükqızılqaya yüksəkliyi dəniz səviyyəsindən 2620 metr məsafədə yerləşir. Bu ərazinin ikinci ən yüksək nöqtəsi dəniz səviyyəsindən 2440 metr yüksəklikdə olan Kiçik Qızılqaya yüksəkliyidir. Buradan 30 kilometr cənub-şərq istiqamətində irəlilədikcə Qabaqtəpə yüksəkliyi, Laçın rayonunun mərkəzi olan Laçın şəhəri və ondan bir az uzaqda isə Qarabağ yüksəkliyi öz əzəməti ilə insanı məftun edir".

Uğur