Kataloniya presedenti: Bakının Qarabağ tələbləri Layihə

Kataloniya presedenti: Bakının Qarabağ tələbləri

"Hesab edirəm ki, Kataloniya presedenti Qarabağ məsələsində kifayət qədər ciddi bir nümunədir və bundan istifadə etməyi bacarmalıyıq".
Bu sözləri açıqlamasında Bakının Kataloniya presedenti fonunda Brüsseldə keçiriləcək növbəti "Şərq tərəfdaşlığı" sammitindən gözləntiləri ilə bağlı danışarkən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa deyib. Millət vəkili Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində Azərbaycan üçün çox əlverişli situasiyanın yarandığını düşünür:"Hesab edirəm ki, Kataloniya presedenti Qarabağ məsələsində kifayət qədər ciddi bir nümunədir və bundan istifadə etməyi bacarmalıyıq. Çünki ikili standartlar məsələsi artıq burada ortaya çıxacaq. Maraqlıdır, Ermənistanın ayrı-seçkilik addımlarını dəstəkləyirlərsə, onda Kataloniyanı niyə dəstəkləmirlər? Bu nə deməkdir? Əgər milli iradədirsə, Kataloniya iradəsini ortaya qoydu, hətta referendum da keçirdi. Ermənistan isə işğal yolu ilə buna nail almaq istəyir. Kataloniyanın müstəqilliyni tanımayan Avropa işğal yolu ilə ayrılmaq istəyəni tanıyırsa, deməli, hərbi münaqişəyə stimul verir. Ona görə də bu məsələdə birmənalı şəkildə Bakı üçün çox əlverişli məqam yaranıb. Hazırkı situasiya Azərbaycanın maraqlarına tamamilə uyğundur və Qarabağ məsələsində Bakının üstünlük əldə etməsinə gətirib çıxara bilər. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə məsələnin həlli yönündə çox ciddi tələblər ortaya qoyacaq. Çox güman ki, Brüsseldə ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi üstünlük təşil edəcək. Bu fonda Brüssel sammitindən müsbət gözləntilər istisna deyil. Əks halda Avropa məkanında hüquq standartları alt-üst olacaq".
Millət vəkili bildirib ki, Avropa Birliyi ölkələrin ərazi bütövlüyü prinsipinə əks mövqe sərgiləyərsə, bu, Kataloniya və müstəqilliyə can atan başqa qurumlara pis yöndən rəvac verəcək:
"Avropa Birliyinin iradəsinin nədən ibarət olduğunu hələ dəqiq bilmirik. İndiyə qədər Ermənistanın işğalçılıq siyasətini dəstəklədiklərindən anormal bir qərar da qəbul edə bilərlər. Ancaq bunun Avropa üçün çox böyük problemlər yaradacağını öncədən hesablamamış olmazlar. Çünki ikili standartlar Dağlıq Qarabağ məsələsinə yanaşmada Avropa qurumlarının tam ifşa olunmasına səbəb ola bilər. Zənnimcə, Avropa Birliyi yanlış addımın yol açacağı fəsadlarını çoxdan ölçüb-biçməyə başlayıb".
Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Dağlıq Qarabağ separatçıları birmənalı şəkildə Kataloniya və İraq Kürdüstanındakı referendumları dəstəkləməyə yönəlib. İraq Kürdüstanı referendumun nəticələrini ləğv etməyə hazırlaşır. İspaniyada baş nazir M.Raxoy Kataloniya hökumətini buraxdı, müavinini Kataloniyaya rəhbər təyin etdi. Yeni parlament seçkiləri keçiriləcək. Kataloniyada yüz minlərlə insanın iştirakı ilə müstəqillik əleyhinə referendum keçirildi. Aİ və ABŞ Ispaniyanin atdığı bütün addımları dəstəklədilər.
Politoloq bildirib ki, separatçıların Kataloniyadakı müstəqillik referendumuna hədsiz marağını diqqətdən kənarda saxlamaq olmaz: "Ona görə İspaniya mərkəzi hökümətinin Kataloniyaya qarşı atdığı addımları Dağlıq Qarabağ ermənilərinə ekstrapolyasiya edək:
ı. Dağlıq Qarabağ erməniləri katalonları özləri üçün nümunə hesab edirlərsə, Dağlıq Qarabağda müstəqilliyin əleyhinə olanların fikrilərinin yayılmasına şərait yaratsın.
ıı. Katalonlar kimi öz iqtisadiyyatlarını Azərbaycan dövlətinin iqtisadiyyatına qarışdırsınlar.
ııı. Rəsmi Bakının Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) bərpa edib, ora rəhbər təyin etməsi ehtimal BMT sənədlərinə və Azərbaycan Respublikası Konstitutsiyasına tam uyğundur. Dağlıq Qarabağ erməniləri buna etiraz etməməlidir. Etiraz edəcəyi halda Azərbaycan dövləti ölkə Prezidentinin DQMV-nə təyin etdiyi rəhbərliyi qısa müddət ərzində Xankəndidə məskunlaşdıra və funksiyalaşmasına şərait yarada bilər.
İspaniya güc strukturlarının Kataloniyadakı davranışı nümunədir. İspaniya presedent yaratdı. Aİ və ABŞ Azərbaycanın bu addımına müqavimət göstərməyəcək. Rusiya isə ümumiyyətlə qarışmayacaq".
İqtisadçı ekspert Rövşən Ağayevin fikrincə, uzun illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli üçün reseptlər axtarılır, dünyada mövcud olan və həll edilməmiş müxtəlif münaqişə modellərinə istinad edilir. Ekspertin sözlərinə görə, Kataloniya hadisələrinin nəticəsi güclülər üçün ərazi bütövlüyü, zəiflər üçün öz müqəddəratını təyinetmə prinsipinin keçərli olduğunu göstərdi:
"Hesab edirəm ki, hazır model Kataloniyadır – heç bir dünya gücü separatçını haqlı saymır, "ərazi bütövlüyü"nü dominant prinsip kimi qəbul edir, Azərbaycanın öz torpaqlarını azad etməklə bağlı hərbi əməliyyatlarına Rusiyanın heç bir formada qarışmasına imkan vermir. Ədalət bir rəngdə olur – Kataloniyada ağ, Qarabağda qara yox…" Ekspert Elşən Həsənovun sözlərinə görə, həm İraq Kürdüstanı, həm də Avropada müstəqilliklə bağlı keçirilən referendumlar işğalçı Ermənistanı ruhlandırdı: "Ermənilər buna sevinirdilər. Elə zənn edirdilər ki, İraq Kürdüstanında keçirilən referendumdan sonra Dağlıq Qarabağ münaqişəsi məsələsində beynəlxalq güclər onların xeyrinə addımlar atacaqlar. Yəni separatçılar da Dağlıq Qarabağda referendum keçirib müstəqilliklərini bəyan edə biləcəkdilər. İşğalçıların planı belə idi. Lakin dünya birlikləri İraq Kürdüstanında və Avropada keçirilən referenduma qarşı çıxdılar, xüsusən də Kataloniya məsələsində. Bu bir daha onu göstərdi ki, dünyanın siyasi xəritəsində dəyişikliklər, korrektələr etmək mümkün deyil. Ermənistanın planı baş tutmadı. Rəsmi Bakı Kataloniya modelindən istifadə etməklə Ermənistanın işğalçılıq siyasətinin Avropa və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirməsini tələb etməlidir. Necə ola bilir ki, Kataloniyada əhali öz müstəqilliyini tələb edir, Avropa buna qarşı çıxır, amma Ermənistan Azərbaycanın torpaqını işğal edib, minlərlə dinc sakini qətlə yetirib, talan olunub yurd-yuvamız, Avropa isə işğalçıya dəstək durur. Bizim əlimizə yaxşı imkan düşüb ki, həm Avropanı qınayaq, həm də Ermənistanın işğalçılıq siyasətini bir daha dünya ictimaiyyətinə çatdıraq".
Qeyd edək ki, noyabrın 24-də Brüsseldə Avropa Birliyinin "Şərq tərəfdaşlığı" sammiti keçiriləcək. Sammitdə Azərbaycan və Ermənistan dövlət başçılarının da iştirakı gözlənilir.
Yeri gəlmişkən, Fransanın paytaxtı Parisdə keçirilən YUNESKO-nun Baş Konfransının 39-cu sessiyası çərçivəsində Azərbaycanın nümayəndə heyəti öz hüququndan istifadə edərək Ermənistan xarici işlər nazirinin çıxışına bəyanatla cavab verib.
Bəyanatda qeyd edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşayır.
Vurğulanıb ki, beynəlxalq ictimaiyyət ayrı-seçkiliyə, nasizm, antisemitizm, islamofobiya və ksenofobiyanın bütün təzahürləri ilə mübarizə apardığı bir vaxtda Ermənistan azərbaycanlıların və ermənilərin etnik uyğunsuzluğu haqda rəsmi bəyanatlar yayır, öz paytaxtında nasist Qaregin Njdeyə və ASALA terror təşkilatının üzvlərinə heykəllər ucaldır.
Qeyd edilib ki, erməni nazirin çıxışı beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın işğal olunmuş ərazilərində, eləcə də Ermənistanda yaşayan azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti faktından yayındırmaq üçün növbəti riyakar cəhddir. Azərbaycanlıların bu ərazilərdə əsrlər boyu yaşadığını sübut edən tarixi abidə, məscid, muzey və qəbiristanlıq kimi mədəni irs nümunələri erməni silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə dağıdılıb.
Çoxmillətli zəngin bir regionda yeganə monoetnik dövlət olan Ermənistanın digər xalqlara tolerantlıq dərsi keçməyə haqqı olmadığı diqqətə çatdırılıb.
Yekunda bildirilib ki, son illər Ermənistan rəsmilərinin çıxışları yalnız nifrət və yalan ittihamlarla doludur. İnsanların şüurunda sülh yaratmaq əvəzinə Ermənistan YUNESKO kimi mötəbər təşkilatın daxilindəki dəyərləri pozmağa cəhd edir. Lakin əminik ki, onların bu cəhdləri uğursuz olacaq.
Cavid