“Münaqişənin danışıqlar yolu ilə həllində konstruktiv addımlar atmaq əvəzinə...” Layihə

“Münaqişənin danışıqlar yolu ilə həllində konstruktiv addımlar atmaq əvəzinə...”

Hikmət Hacıyev: "Ermənistan rəhbərliyinin hərbi avantüra xarakterli digər addımları vəziyyətin gərginləşdirilməsinə xidmət edir"


NATO üzv dövlətləri Brüsseldə keçirilən Zirvə toplantısının yekununda qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər. Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib. Dövlətimizin başçısı iclasda çıxış edib.
Bəyanatda qeyd edilir ki, 2006-cı ildən başlayaraq NATO üzv dövlətləri Zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər.
Azərbaycan Respublikası Avropa İttifaqı və NATO üzv dövlətləri tərəfindən müvafiq olaraq Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi və NATO-nun Brüssel Zirvə toplantısının kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir.
Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir.
Paşinyan isə NATO-nun Əfqanıstan üzrə toplantısındakı çıxışında ənənəvi olaraq qeyri konstruktiv fikirlər səsləndirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Paşinyanın NATO-nun Əfqanıstan üzrə toplantısındakı çıxışına münasibətdə bildirərkən deyib ki, Ermənistanın populist baş naziri NATO üzv dövlətlərinin dövlət və hökumət başçıları səviyyəsində qəbul edilmiş bəyanatına hörmətlə yanaşmaq əvəzinə əsassız şəkildə iddialar irəli sürməyə cəhd edib. Onun sözlərinə görə, Brüsseldə NATO üzv dövlətləri dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş yekun bəyanatda növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini və münaqişənin bu prinsiplər əsasında həll edilməli olduğunu bildirdilər: "Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək və hörmət ifadə olundu. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət dövlətlərarası münasibətlərin təməl prinsipləridir, siyasi və beynəlxalq hüquqi öhdəlikdir və sivil davranışdır. Ermənistan tərəfindən eyni formada BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təsisatların qərar və qətnamələrinə məhəl qoyulmaması və hörmət edilməməsi Ermənistanla beynəlxalq ictimaiyyət arasında ciddi uçurumun olduğunu göstərir. Münaqişənin danışıqlar yolu ilə həllində konstruktiv addımlar atmaq əvəzinə Ermənistan rəhbərliyi danışıqlara qeyd-şərt qoymaq, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmək, əlavə canlı qüvvə yerləşdirmək və hərbi avantüra xarakterli digər addımları ilə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Onun vəziyyətin daha da qızışdırılması məqsədi daşıyan ritorikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və Ermənistan xarici işlər nazirinin bu kimi ritorikadan çəkilmək barədə çağırışları ilə ziddiyyət təşkil edir.
Ermənistan baş naziri demokratiyadan danışmaqla özünün dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlişini legitimləşdirmək məqsədi güdür. Ermənistan baş naziri demokratiya və insan hüquqlarına sadiq olduğunu sübut etmək istəyirsə, onda Ermənistanın beynəlxalq öhdəliklərinə əməl etməli, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarını çıxarmalı və etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququnun həyata keçirilməsinə mane olmamalıdır.
Azərbaycan beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistanın işğal və hərbi təcavüzünə son qoyulması, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli şəkildə həll edilməsi və regionda davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcək".
Onu da qeyd edək ki, NATO-nun Brüssel sammiti çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyilə ilk görüş keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş əsnasında Dağlıq Qarabağ konfliktinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub: "Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb".
Nikol Paşinyan isə Brüssel hava limanında jurnalistlərin XİN rəhbərlərinin görüşündən sonra müəyyən dinamikanın və ya dəyişikliyin olub-olmaması barədə suala cavab verərkən deyib ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü dönüş nöqtəsi hesab etmir.
"Görüş, təmas olub, mahiyyətcə, bu mövzuda ilk təmasdır və birinci görüşdən hər-hansı nəticə gözləmək düzgün deyil. Görüşün özü tanışlıq, ünsiyyət baxımından əhəmiyyətlidir", - deyə Paşinyan qeyd edib.
Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşə gəlincə, N. Paşinyan bu mövzuda heç bir danışıq aparılmadığını bildirib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, NATO-nun Brüssel sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında olan görüşdən real nəticələr çıxacağını gözləmir: "Sadəcə fikir mübadiləsi aparılıb. Tanışlıq dövrüdür".
Elxan Şahinoğlu bildirib ki, NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş olsa da, onun Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesinə yeni impuls verəcəyini düşünmürəm: "Çünki işğalçı Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur. İstər ikitərəfli görüşlər keçirilsin, istərsə də NATO çərçivəsində xarici işlər nazirləri görüşsün, İrəvanın siyasətində dəyişən bir şey yoxdur. Ona görə də NATO çərçivəsində olan XİN rəhbərlərinin təmaslarından da real nəticələr çıxacağını gözləmirəm. İlin sonuna qədər də bu istiqamətdə bir neçə görüş ola bilər. Qərb də belə görüşlərin sayının artmasında maraqlıdır. Amma avropalılar maraqlı olsa da, prosesin belə davam etməsi Azərbaycanın maraqlarına cavab vermir. Çünki belə nəticəsiz görüşlər və nəticədə mövcud status-kvo da uzanmaqda davam edir. Həmin səbəbdən Brüsseldəki görüşdən də real nəticə çıxacağını gözləmirəm. Bölgədə gərginlik hər zaman olduğu kimi yüksək olaraq qalacaq. Ümumiyyətlə, onu bildirim ki, NATO çərçivəsində münaqişənin həlli mümkün deyil. Alyans konfliktin həlli prosesinə qarışmır. Bu barədə qurum rəsmiləri dəfələrlə açıqlamalarla çıxış edərək bildiriblər ki, konfliktin həlli onlarlıq deyil. Proseslə ATƏT məşğul olur ki, onun da necə məşğul olduğunu yaxşı bilirik. Ancaq Brüsseldə keçirilən sammit belə bir görüşün olması üçün bir bəhanədir. NATO da bu məsələdə maraqlı olub, amma dediyim kimi, NATO birbaşa münaqişənin həlli ilə məşğul olmayıb, bunu istəmir də".
Yaranmış vəziyyəti dəyərləndirən politoloq cari ilin sonuna doğru münaqişə tərəfləri arasında ən yüksək səviyyədə hansısa bir görüşün baş tutacağını da düşünmür: "Nikol Paşinyanla Azərbaycan prezidentinin görüşü də düzgün olmazdı. Paşinyanın baş nazir olaraq səlahiyyətləri böyük olsa da, o ancaq Azərbaycanın baş naziri ilə görüşə bilər. Ancaq mövzu yoxdursa, ilin sonuna qədər belə bir görüşün olacağını zənn etmirəm, ümumiyyətlə buna ehtiyac görmürəm. Belə mənasız görüşlərin sayının çoxluğu Ermənistan və Qərbin maraqlarına cavab verir. Azərbaycanın maraqlarına isə heç cavab vermir. Sanki müzakirə görüntüsü yaranır, əslində isə müzakirə də getmir. Çünki qarşı tərəf problemin çözümü istiqamətində heç bir addım atmaq istəmir".


Əli