Ermənilər narahatdırlar Layihə

Ermənilər narahatdırlar

Çünki uduzduqlarını indi daha aydın hiss edirlər

Son bir neçə gündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baş verən proseslər ekspertlərin diqqətini çəkib. Daha doğrusu, ABŞ və Avropanın böyük dövlətlərinin rəsmi olaraq ifadə etdikləri bəzi fikirlər Ermənistanda narahatlıqla qarşılanıb. Amerikanın Ermənistandakı səfiri Riçard Mills İrəvanı tərk etməzdən öncə verdiyi müsahibədə erməniləri münaqişənin mahiyyətini anlamamaqda ittiham edib. Onunla, demək olar ki, eyni vaxtda digər ABŞ rəsmisi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən fikirlər bildirib. Yenə də həmin günlərdə Almaniya hökuməti rəsmi bəyanatında Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etdiyini ifadə edib. Bunlarla yanaşı, Fransa Azərbaycanla hərbi əməkdaşlıq edəcək. Ermənistanın bütün iradlarına baxmayaraq, Fransa rəhbərliyi qərarından dönmür.
Bu günlərdə Avropanın böyük dövlətlərindən olan Almaniyanın hökuməti ona verilən sorğuya cavab verib. Alman hökuməti bildirib ki, "AFR xüsusi olaraq vurğulayır ki, "Almaniya-Ermənistan münasibətləri" anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. Almaniya hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionunu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır".
Ermənilər narahatdırlar, çünki uduzduqlarını indi daha aydın hiss edirlər. Azərbaycan isə təmkin və ardıcıllıqla münaqişənin tam həll olunacağına qədər irəliləyəcək. Bunun alternativi yoxdur. Xarici ölkələrin rəsmi şəxslərinin verdikləri son bəyanatlar həm də bu aspektdən diqqəti çəkir.
Məsələnin digər tərəfi Ermənistan rəhbərliyinin illərdir qeyri-konstruktiv mövqe tutmasına bağlıdır. İndi Nikol Paşinyanın nə deməsindən asılı olmayaraq, vəziyyət Ermənistanın əleyhinə sürətlə dəyişməkdə davam edəcək. Çünki belə görünür ki, erməni rəhbərliyi hələ də məsuliyyətini tam anlamır. O, bir sıra məqamlarda məntiqsiz və qeyri-real fikirlər irəli sürür. Onlardan biri də Dağlıq Qarabağdakı separatçı-terrorçuların danışıqlarda iştirak edib-etməməsi ilə əlaqəlidir.
Azərbaycan Prezidenti oktyabr ayındakı çıxışlarının birində təkrar vurğulayıb ki, danışıqlar yalnız Ermənistanla Azərbaycan arasında olacaq. "DQR" adlanan qondarma qurumun bu prosesdə iştirakı mümkün deyildir. Əslində, erməniləri daha çox narahat edən Azərbaycan Prezidentinin bu sözləri olub. Çünki N.Paşinyan vəziyyətin Ermənistanın xeyrinə dəyişdiyi ilə bağlı sərsəm fikir səsləndirmişdi. İndi isə aydın olur ki, rəsmi Bakının mövqeyində heç bir dəyişiklik yoxdur və olacağı da gözlənilmir. Bu mövqe isə sadə, aydın, ədalətli və beynəlxalq hüququn normalarına tam uyğundur: Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidir və ölkənin dünya tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır!
Politoloq Qabil Hüseynli deyib ki, əgər Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara etinassız yanaşıb, həm də təcavüzkar ola-ola yeni tələblər irəli sürəcəksə, bu həm beynəlxalq təşkilatları, xüsusilə də ATƏT-in Minsk Qrupunu, həm də ayrı-ayrı dövlətləri xeyli əngələ salacaq.
Politoloqun sözlərinə görə, Paşinyan bir tərəfdən vay-şüvən qaldırıb bildirir ki, partiyalardan sonra Ermənistan dənizli olmayan adaya çevriləcək, digər tərəfdən də təcavüzkar dövlət kimi hətta öz ambisiyalarından əl çəkib kompromislərə getmək əvəzinə əksinə Azərbaycandan kompormislər tələb edir: "Bəzən adama elə gəlir ki, bu adam ermənilərin o hayasız prinsipləri ilə yanaşı, həm də anormal meyllərə malikdir. Onun sərsəm bəyanatları, çıxışları da hər kəsə məlumdur. Mən bu adamı danışıqlarda tərəf kimi görə bilmirəm. O son nəticədə bölgədə böyük bir müharibənin yaranmasına gətirib çıxara bilər.
Ermənistanın iddialarına baxmayaraq, Rusiya Paşinyan rejiminə inanmır və münasibətlərdə gərginlik və etimadsızlıq hökm sürür. Avropa İttifaqı Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir və daha çox gözləmə mövqeyi tutmaqdadır. rmənistanın indiki rəhbərliyi regional və beynəlxalq reallığı düzgün dərk edib nəticə çıxarmadığı halda, Ermənistanın iflası və özünü təcridi daha da dərinləşcəkdir. Siyasi, iqtisadi, sosial, demoqrafik və diplomatik böhrandan çıxmağın yeganə yolu işğal siyasətinə son qoyması, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarması və qonşu dövlətlərlə sivil əsaslarla münasibət qurmasıdır".
Politoloq Ehtiram Aşırlının fikrincə isə Ermənistanda baş verən proseslər Rusiya tərəfindən də inamsızlıqla, böyük şübhə ilə qarşılanır. Onun sözlərinə görə, Ermənistanın blokada şəraitində qalması, onun Azərbaycana qarşı təcavüzkar müharibə və onun doğurduğu nəticələrdən imtina edənə qədər davam edəcək, iki dövlət arasında münasibətlər normallaşmayacaq: "Çünki düşmən ölkənin bütün layihələrdən kənarda qalmasının əsas səbəbi onun işğalçılıq siyasəti, ölkəmizə qarşı həyata keçirmək niyyətində olduğu məkrli və hiyləgər planları ilə bağlıdır. Ermənistan başa düşməlidir ki, regionda həyata keçirilən enerji layihələrinə qoşulmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirməlidir.
Bütün bunlar erməni cəmiyyətində də ciddi narahatlıq yaradır. Onlar anlayırlar ki, Ermənistanın işğalçılıq siyasəti bu ölkənin siyasi iflasını daha da sürətləndirib. Artıq ermənilər başa düşürlər ki, cinayətkar hərbi xuntanı əvəzləyən qeyri-peşəkarlardan ibarət Nikol Paşinyanın reallıqlara deyil, manipulyasiyaya söykənən avantürist siyasəti Ermənistanı bir dövlət kimi yox olmaq təhlükəsi ilə üz-üzə qoya bilər.
Ermənistan hakimiyyətinin effektiv siyasətinin göstəricisi danışıqlar prosesinin uzadılması deyil, münaqişənin rasional kompromislər əsasında tezliklə həlli olmalıdır. Zaman gözləmir və Ermənistanın əleyhinə işləyir. Danışıqlar prosesindən maksimum fayda götürmək üçün situasiyanı ayıq qiymətləndirmək lazımdır. Əks təqdirdə Ermənistan regionda mövcud olan bütün qlobal layihələrdən kənarda qalmaqda davam edəck. Bu da bir dövlət kimi onun məhvinə səbəb olacaq".
Siyasi şərhçi Zeynal Əmrəliyev isə deyib ki, gözlənildiyi kimi, artıq ikinci dəfə Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi dəstəklənmədi. Bu, parlamentdə təmsil olunan siyasi qüvvələr arasında əldə olunmuş razılaşmanın nəticəsidir. Məqsəd isə parlamentin buraxılmasıdır.
O qeyd edib ki, N.Paşinyan bir neçə həftə əvvəl bununla bağlı bütün parlament partiyalarının rəhbərləri ilə razılıq əldə edə bilib: "Keçmiş hakim Respublika Partiyası və tərəfdarları hesab edirdilər ki, palamentin buraxılması üçün hələ tezdir. Amma noyabrın 2-də keçirilən səsvermənin nəticələrinə əsasən, növbədənkənar parlament seçkiləri artıq reallıqdır. Ölkə vətəndaşlarının əhəmiyyətli hissəsinin dəstəyini qazanan "inqilab" hakimiyyəti hesab edir ki, təcili növbədənkənar seçki keçirib, parlamentdə çoxluğa nail olmaq vacibdir".
N.Paşinyanın parlamentdə xarici siyasət məsələlərinə də toxunduğunu qeyd edən Z.Əmrəliyev əlavə edib ki, "inqilab lideri" Ermənistanın ön şərtlər olmadan Türkiyə ilə münasibətləri nizamlamağa hazır olduğunu vurğulayıb:
"Paşinyan ehtimal edir ki, Türkiyə Qarabağ münaqişəsi ilə bağlı Ermənistana təzyiq göstərə bilməyəcək. O qeyd edib ki, Ermənistanı Qarabağ münaqişəsinin bu və ya digər həllinə məcbur edə biləcəyini hesab edənlər yanılırlar. Güman etmək olar ki, Paşinyan bu bəyanatla seçkiqabağı reytinqini yüksəltməyə çalışır".
Z.Əmrəliyev qeyd edib ki, N.Paşinyan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana səfərini və rəsmi Moskvanın buna reaksiyasını da şərh edib:"Boltonun səfəri ilə əlaqədar olaraq mühüm bir məsələ baş verib: Rusiya nümayəndələri ABŞ-a xatırladıblar ki, Ermənistan suveren dövlətdir və ABŞ təmsilçiləri də Rusiyaya Ermənistanın müstəqil dövlət olduğunu xatırladıblar. Hərçənd düşünmürəm ki, onlardan hansısa bunu unudub, çünki biz bütün fəaliyyətimizi məhz bu mövqedə qurmuşuq. Görünür, Paşinyan özü də hələ ölkəsinin suveren olduğuna inanmır ki, fəaliyyətlərini bu yöndə davam etdirir".
Narıncı inqilab günlərində Nikol Paşinyanı müdafiə etmiş bir sıra erməni şərhçilər artıq indidən onu da Serj Sarkisyanın taleyinin gözlədiyini proqnozlaşdırmağa başlayıblar.
Belə şərhçilərdən biri olan Sarqis Arsruni "1in.am"da yazdığı məqaləsində Paşinyanın nəzarətində olan deputatların yeni seçki məcəlləsi əvəzinə, növbədən kənar parlament seçkilərinə getmək barədə qərarına üstünlük verməsini məğlubiyyət adlandırıb.
Arsruninin fikrincə, Paşinyan ilk növbədə Ermənistanın reytinqə əsaslanan seçki sistemini ləğv etməli idi. Həmin sistemə görə, seçicilər həm partiyaya, həm də partiya daxilində seçdikləri nüfuzlu şəxslərə səs verə bilərlər. Bu isə siyasətə heç bir dəxli olmayan nüfuzlu şəxslərin yenidən parlamentdə oturması deməkdir. Arsruni Ermənistan üçün proporsional seçki sistemini daha məqbul sayır.
Onun sözlərinə görə, yeni parlamentin legitimliyinin əsasında seçkinin nəticələri deyil, Paşiyanın reytinqi dayanacaq: "Şəxsiyyətə yönələn sistemlər bir qayda olaraq sabit deyil… liderin reytinqinin düşməsindən sonra ciddi dilemma ilə üzləşir və institusional böhran yaşanır ki, bu da növbədən kənar seçkiləri qaçılmaz edir".
Bir sözlə, müəllifin sözlərindən belə anlaşılır ki, Paşinyan hətta 9 dekabr seçkilərini udsa belə, Serj Sarkisyanla və köhnə sistemlə başladığı müharibəni artıq bəri başdan uduzmuş sayılacaq. Müəllif belə güman edir ki, dekabrın 9-dan sonra erməni parlamentində elə ciddi dəyişiklik olmayacaq - keçmiş iqtidar Respublika Partiyası, Sarukyan bloku, Daşnakustyun və Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku parlamentdə təmsil olunacaq. Tək fərq Paşiyanın blokunun parlament üstünlüyünə malik olması olacaq.
Cavid