“Dünya standartlarına cavab verən peşəkar ordumuz var” Layihə

“Dünya standartlarına cavab verən peşəkar ordumuz var”

Politoloq: “Azərbaycan öz əzəli torpaqlarını geri qaytarmaq üçün müharibə imkanlarını nəzərdən keçirir”

“Qarabağ münaqişəsi prosesini ölü nöqtədən çıxarmaq üçün ilk növbədə ATƏT-in Minsk Qrupunun fəaliyyəti “danışıqlar üçün danışıqlar” mərhələsindən çıxaraq əməli müstəviyə keçməlidir. Danışıqlar substantiv xarakter daşımalı, BMT-nin qətnamələrinin icrası təmin olunmalı və Ermənistan tərəfinə qarşı təzyiqlər artırılmalıdır. Minsk qrupunun ötən ildə fəaliyyətinin əsas hissəsi xalqları sülhə hazırlamaq üçün “xalq diplomatiyası” elementlərindən istifadə olunmasına həsr olundu. Lakin bu da bir nəticə vermədi. Çünki Ermənistan tərəfi Azərbaycana gələn erməni bir jurnalisti işğal altında olan tanınmamış “qurum”un təmsilçisi kimi qələmə verməklə bu məsələdə də özü üçün müəyyən dividend qazanmağa hesablanmış xəbərlər yaymağa başladı”. Bu fikirləri politoloq İlyas Hüseynov “Xalq Cəbhəsi”nə müsahibəsində səsləndirib. O, bildirib ki, bu proqram ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin birbaşa razılığı, Ermənistan və Azərbaycanın müvafiq dövlət oqranlarının iştirakı ilə hazırlanıb, həyata keçirilmişdi. 17-21 noyabr tarixlərində baş tutmuş bu proqram haqqında çıxış edən Ermənistanın xarici işlər nazirliyinin sözçüsü Anna Naqdalyan jurnalist qrupunun tərkibində tanınmamış “qurum”un İctimai kanalının jurnalisti Edqar Elbakyanın olmasını xüsusilə vurğulamasını danışıqlara üçüncü tərəfin də iştirak etməsinə yönəlmiş növbəti təxribatçı addım kimi dəyərləndirmək olar: “Ona görə də ATƏT-in Minsk Qrupunun münaqişə edən tərəflər arasında etimad mühitinin yaradılmasına hesablanmış növbəti addımları da iflasa uğradı. Qeyd etmək lazımdır ki, daha öncə də bu cür səfərlər qeydə alınmışdı. Münaqişə tərəfləri arasında rəsmi diplomatiya ilə yanaşı 1999, 2000 və 2001-ci illərdə jurnalistlərin səfərləri təşkil edilmişdi. Amma ümumilikdə böyük sülhdən və “xalq diplomatiyası”ndan danışmaq hələ çox tezdir. Jurnalistlərin səfərlərindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini gözləmək sadəlövhlükdür. Əgər erməni tərəfi işğal etdiyi ərazilərin bir hissəsini geri qaytarsa, əsirlikdə saxladıqları azərbaycanlıları təhvil versə və öz səhvini etiraf etsə onda hər hansısa “xalq diplomatiyası”ndan, humanitar səfərlərdən və etimad atmosferindən danışmaq olar. Danışıqlar prosesində geridə qoyulan müddət də bir daha isbatladı ki, Ermənistan ümumiyyətlə sülhə hazır deyil”.
O deyib ki, Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş zamanı münaqişənin dinc vasitələrlə nizamlanması müzakirə edilib: “Bu, 2020-ci ildə Ermənistan və Azərbaycanın XİN rəhbərlərinin ilk görüşü idi. Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşən Məmmədyarov və Mnatsakanyan münaqişənin həlli istiqamətində fikirlərini bölüşüb. Bu görüşdə Ermənistan və Azərbaycan tərəfi həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub. Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub. Nazirlər arasında daha öncə keçirilmiş görüş də bir neçə saat davam edib və gərginliyi ilə seçilib. Lakin görüşlərin neçə saat davam etməsindən asılı olmayaraq, bu görüşlərdə məntiqi nəticə olmursa onu uğursuz hesab etmək olar. Bu cür görüşlərdən ciddi nəticə gözləmək olmaz. Belə görüşlər məsləhətləşmə, dövlət başçılarının növbəti görüşünün detallarının müzakirə edilməsi və ya görüşlərin təqvimini müəyyən olunması xarakteri daşıyır”.
Politoloq əlavə edib ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tam təmin olunmayacağı surətdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti hər zaman tənqid olunacaq: “ATƏT-in Minsk Qrupunun həmsədrləri üç böyük dövləti təmsil edir –Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa. Bəzən bu ölkənin diplomatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində təşəbbüs göstərməyə cəhd edirlər, görüşləri Vaşinqton, Moskva və Parisdə keçirirlər. Bu heç də təsadüfi deyil. Bu, həm geosiyasi faktorların vəziyyəti öz əlinə almaq istəyi, həm əzələ nümayişi, həm də münaqişə edən tərəfləri razı salmaq üçün həmsədlərin fəaliyyətində müşahidə olunan intensivliklə izah oluna bilər. Bu institutun işlək mexanizmə çevrilməsi üçün münaqişədən zərər çəkən tərəf ilə münaqişənin əsas səbəbkarı, etnik təmizləmə aparan, təcavüzkar arasında qırmızı xətt çəkilməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana qarşı təzyiqləri artırmalı və Madrid sənədinə əsasən tərəflərə təqdim edilən elementlərin təmin olunması üçün münasib zəmin yaratmalıdır. Münaqişənin həll edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməli, ərazilər qaytarılmalı, beynəlxalq sülh təmin olunmalı, qaçqın və məcburi köçkünlər öz yerlərinə qayıtmalı, Helsinki Yekun Aktında və beynəlxalq hüququn əsas, fundamental prinsiplərində göstərilmiş müddəalara əməl olunmalıdır”.
İlyas Hüseynov diqqətə çatdırıb ki, mətbuatdan tez-tez eşitdiyimiz “Dağlıq Qarabağ münaqişənin həll olunmasının açarı Kremldədir” tezisi hər zaman öz aktuallığını qoruyur. Rusiyanın bu münaqişədə rolu həlledicidir: “Ermənistanın tez-tez səsləndirdiyi ziddiyyətli bəyanatlar danışıqlar prosesinə kölgə salmaqla yanaşı, status-kvonun daha da uzadılmasına hesablanıb. Bu cür təxribatçı bəyanatlarla bağlı olaraq, rəsmi Moskva da mövqe bildirir və onları tənqid edir. Rusiya bu münaqişənin alovlanmamasında maraqlıdır. Ona görə də nə müharibə, nə də sülh prosesini davam etdirir. Heç bir sənədlə təsbit olunmayan, mistik “Lavrov planı” da icra olunmur və yalnız sözdə qalır. Rusiya ilə Azərbaycanın çox yaxın münasibətləri, mehriban qonşuluq siyasətinə əsaslanır və strateji xarakter daşıyır.
Hazırda Ermənistan cəmiyyətinin “məxməri inqilab” dan sonra Nikol Paşinyana qarşı münasibəti kəskin şəkildə dəyişib. Çünki əhaliyə verilən vədlərin heç biri yerinə yetirilməyib. Bu faktı ictimai rəy sorğuları da təsdiqləyir.
Qeyd etmək lazımdırki, Dağlıq Qarabağda yaradılan qondarma qurumda da mart ayının 31-də “Prezident” və “parlament” seçkiləri keçiriləcək. Bu seçkiləri Ermənistanda böyük maraqla izləyəcəklər. N.Paşinyan hakimiyyətə gəldikdən sonra “Qarabağ klanı”na aid olan bir çox şəxlər onun düşməninə çevrildi. Paşinyan da qondarma rejimin rəhbərliyinə öz namizədini gətirmək üçün böyük planlar cızıb. Bunun nəticəsidir ki, seçkilərdə iştirak etmək üçün çoxlu sayda namizəd qeydiyyatdan keçib. İşğal altında olan Azərbaycan ərazilərində keçirilən istənilən seçkilər qeyri-qanunidir və dünya birliyi tərəfindən tanınmır. Lakin hər zaman olduğu kimi bu seçkilərin gedişini izləmək üçün dünyanın istənilən yerindən müşahidəçi gətirməyi hədəfləyən Ermənistan rəhbərliyi bu seçkilərdən də şou düzəltməyi planlaşdırır”.
Onun fikirncə, Azərbaycan hər zaman olduğu kimi öz əzəli torpaqlarını geri qaytarmaq üçün müharibə imkanlarını nəzərdən keçirir: “Aprel döyüşlərində Azərbaycanın hərbi qüdrətinin şahidi olduq. Azərbaycan öz döyüş arsenalını daha da gücləndirir və Silahlı Qüvvələrini müasir silahlarla təchiz edir. Mütəmadi olaraq keçirilən hərbi təlimlərdə taktiki-texniki tapşırıqlar uğurla yerinə yetirilir. Azərbaycanın dünya standartlarına cavab verən, peşəkar ordusu vardır. Lakin bu il müharibənin olacağını ehtimal etmirəm. Ermənistanın Baş Naziri Nikol Paşinyan və Müdafiə naziri David Tonoyan ötən il öz bəyanatlarında dəfələrlə təxribatçı, bölgədə sülhü və sabitliyini pozmağa hədəflənmiş bəyanatlarla çıxış etsələr də, Azərbaycan tərəfi ayıq-sayıq davrandı və bu cür təxribatçı bəyanatlara ən layiqli cavabı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev verdi”.
Ekspertin sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi çıxışı hələ də Ermənistan ictimaiyyəti arasında müzakirə olunmaqdadır: “Prezidentin səlis nitqi və tarixi faktlara söykənən arqumentləri qarşısında çarəsiz və cılız görünən Ermənistanın Baş Naziri Nikol Paşinyan öz ölkəsində ictimai-siyasi vəziyyətin gərgin olduğu bir dönəmdə çox kəskin zərbə aldı. Ermənistanda demək olar ki, bütün jurnalistlər və siyasi eksperlər Nikol Paşinyanı tənqid atəşinə tutdular. Nikol Paşinyan Ermənistanın İctimai televiziyasının qonağı olması və Ermənistanın daxili auditoriyasına hesablanmış çıxışı da onu acınacaqlı durumdan çıxara bilmədi. Ermənistana vurulmuş diplomatik zərbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində Avropa İttifaqının, NATO, o cümlədən “Böyük Yeddiliyin” üzvü olan İtaliya ilə Azərbaycan arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması ölkəmizin nüfuzunu bir qədər artırmışdır. “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Sənəddə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə görə tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün sahələrdə daha da gücləndirilməsi istəyini ortaya qoyurlar. Bu səbəbdən də sənəd çoxölçülü, çoxşaxəli, hərtətəfli tərəfdaşlığın, müxtəlif sahələrdə - siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, innovasiyalar, elm, təhsil, mədəniyyət, xalqlararası təmaslar və sair sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir. Birgə Bəyannamədə İtaliya və Azərbaycan bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edirlər. Qeyd edilməlidir ki, sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasına birmənalı şəkildə dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir”.

Əli