“Dağlıq Qarabağda keçiriləcək qeyri-qanuni seçkilər ləğv edilməlidir!” Layihə

“Dağlıq Qarabağda keçiriləcək qeyri-qanuni seçkilər ləğv edilməlidir!”

Martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkilər” heç ATƏT-in Minsk qrupu tərəfindən də tanınmayıb. Çünki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan heç bir hüquqi qüvvəyə malik deyildir.
Viramalla Ancaiah “Eurasia Review”də, (ABŞ) Dağlıq Qarabağda separatçıların qondarma “seçkilər”indən bəhs edib.
WorldMedia-nın yazdığına görə, müəllif məqaləsinin ilk cümləsinə belə başlayıb: Qondarma “Dağlıq Qarabağ Respublikası” haqda eşitmisiniz? Qəribədir tanınmayan, yaxud çox az tanınan bu rejim koronavirus pandemiyasının getdikcə daha çox yayıldığı dövrdə (martın 31-də) “prezident və parlament seçkiləri” keçirib.
Bu qondarma qurum haqda yalnız ermənilər məlumatlıdır. Hətta onun indiki adı belə, 2017-ci ildə peyda olub. 1991-ci ildə “müstəqilliyini” elan etmiş bu qondarma qurumun əvvəlki adı “Dağlıq Qarabağ Respublikası” olub. Halbuki, onun müstəqilliyini himayədarı Ermənistan daxil olmaqla, heç bir ölkə tanımır.
Cənubi Qafqazda yerləşən, dənizə çıxışı olmayan Dağlıq Qarabağın ərazisi 11,433 kvadrat kilometr, əhalisi 140 min nəfərdir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu region dünya birliyi tərəfindən məhz Azərbaycan ərazisi kimi qəbul edilir. Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu erməni hərbi birləşmələri tərəfindən 1991-1994-cü illərdə baş vermiş müharibə zamanı işğal edib. Müharibə nəticəsində 30 min insan həyatını itirib, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
O zaman regiondakı ermənilərə, o cümlədən erməni hərbi birləşmələrinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın elan olunmasını məhz Ermənistan dövləti tapşırmışdı.
Ermənilər 1992-ci ildə Qarabağa aid Xocalı şəhərində xüsusi vəhşiliklər törədib. Orada sözün əsl mənasında soyqırım, etnik təmizləmə həyata keçirib.
Müharibə nəticəsində Dağlıq Qarabağ regionunda yaşayan 40 min azərbaycanlı oradan qovulub. Nəhayət, 1994-cü ildə Rusiyanın vasitəçiliyilə tərəflər arasında atəşkəs müqaviləsi imzalanıb. O vaxtdan Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam edir.
Bu gün Dağlıq Qarabağda yaşayan əhalinin əksəriyyəti xristian ermənilərdir. Lakin region müsəlman ölkəsi olan Azərbaycanın qanuni ərazisidir. Demək, işğal altındakı ərazilərdə keçirilən və keçiriləcək “seçki” həm qeyri-qanunidir, həm də ATƏT-in Minsk qrupunun münaqişənin həlli üçün göstərdiyi vasitəçilik səylərinə zərbədir.
Görünür Ermənistan bununla Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunu legitimləşdirməyə çalışır. Yerevan qondarma qurumda “seçkilər” keçirməklə, işğalı davamlı hala gətirməyi də hədəfləyir. Azərbaycan tərəfi matrın 31-də keçirilməli olan “seçkilər”i Ermənistanın “siyasi dram”ı adlandırır.
“Şübhəsiz ki, bu, Ermənistan tərəfindən təşkil edilmiş böyük siyasi dramdır. Dağlıq Qarabağ bizim torpağımızdır. Ermənistanın bizim ərazimizdə “seçki” keçirməsi qeyri-qanuni və qəbuledilməzdir. Odur ki, beynəlxalq birliyi sülhə təhdid olan Ermənistanı qınamağa çağırırıq”, - deyə Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev nəşrimizə açıqlamasında bildirib.
Diplomat deyir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanılması, üstəlik, Dağlıq Qarabağ regionunda qeyri-qanuni seçkilərin keçirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Yeri gəlmişkən, Dağlıq Qarabağda hərbi birləşmələri olan Ermənistan koronavirus təhlükəsinə rəğmən, qondarma quruma 300 müşahidəçi göndərəcəyini bəyanlayıb. Halbuki, bu, virusun daha da yayılmasına yol aça bilər.
“Worldometers” saytının məlumatına görə, Ermənistanda martın 29-na qədər artıq 424 nəfər koronavirusa yoluxub, 3 nəfər isə vəfat edib. Xəstəlik Ermənistanın müxtəlif şəhərlərində sürətlə yayılır. Dağlıq Qarabağda isə rəsmi olaraq koronavirusa yoluxma halının baş verilmədiyi bildirilsə də, bu regionda da koronavirusun olduğu və sürətlə yayıldığı haqda şübhələr var.
Həm Ermənistan, həm də Dağlıq Qarabağdakı qondarma rejim Rusiyadan borc aldığı vəsaitin əksəriyyətini səhiyyəyə deyil, ordunun saxlanmasına, silah əldə olunmasına xərcləyir. Odur ki, burada səhiyyə sistemi pis vəziyyətdədir və demək, koronavirus pandemiyasının öhdəsindən gəlməyə də qadir deyil.
Bu arada, Dağlıq Qarabağda yaşayan bir çox erməninin gizli şəkildə Azərbaycana müraciət edərək, onları koronavirus böhranından xilas etməsini istədiyinə dair xəbərlər var.
“Son günlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvü seçilmiş nümayəndə kimi mənə müraciət edərək (onların adını təhlükəsizlik baxımından açıqlaya bilmirəm), Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmaniyaya yoluxmuş şəxslərin sayının artdığını, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyətdə olduğunu, testlərin olmadığını, tibbi heyətin çatışmadığını bildiriblər. Onlar Ermənistanın və qanunsuz rejimin koronavirusa (“COVID-19”) yoluxma hallarını əhalidən gizlətməsindən narahatlıqlarını ifadə edirlər”, - deyə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev “Trend” agentliyinə müsahibəsində bildirib: “Mən seçkili nümayəndə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcək”.
Tural Gəncəliyev təkcə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri deyil, həm də Azərbaycan Parlamentinin deputatıdır. O, Xankəndi seçki dairəsindən deputat seçilib.
Bu gün koronavirusun Ermənistandan Dağlıq Qarabağa yayılacağından həqiqətən də çox adam narahatdır. Ermənistanın baş naziri Nikol Paşinyan martın 16-da ölkəsində fövqəladə vəziyyət elan edib. O, erməniləri Ermənistandan Dağlıq Qarabağa və əksinə səfər etməməyə çağırıb. Qondarma rejimin “rəsmiləri” də Dağlıq Qarabağda yaşayan ermənilərə bənzər müraciət ünvanlayıb. Buna baxmayaraq, onlar martın 31-də “seçki” keçirməkdə qərarlı olublar. Ayk Xanumyan və Krisine Balayan daxil olmaqla, bir sıra müxalifətçi isə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün “seçkilər”in ləğvini, Dağlıq Qarabağda fövqəladə vəziyyətin elan olunmasını istəyir.
Ermənistan sağlamlıq nöqteyi-nəzərdən, həqiqətən də bu “seçkilər”i ləğv etməlidir. Əks təqdirdə bu, insanların həyatı üçün təhlükəyə çevriləcək.
Ermənistan mətbuatının məlumatına görə, qondarma qurumda “prezidentlik” uğrunda 14 nəfər mübarizə aparıb. 33 nəfərlik “parlament”ə düşmək üçün isə 27 partiya yarışıb.
Qondarma qurumun “xarici işlər naziri” Masis Mailyan, “parlamentin spikeri” Aşot Qulyan, keçmiş “baş nazir” Araik Arutyunyan, istefada olan general Vitali Balasanyan və Qarabağ müharibəsi zamanı bədnam ad çıxarmış Samvel Babayan “lider namizədlər” arasındadırlar. Lakin kimin qalib gələcəyindən asılı olmayaraq, açar hər zaman Yerevanın əlində qalacaq.
Son illərdə Ermənistanda böyük dəyişikliklər baş verib. Dağlıq Qarabağ müharibəsinin veteranları və hərbçilər uzun müddət Ermənistanın siyasi həyatında hakim mövqedə olub. Onlar bu mövqelərindən yararlanaraq, ölkəni talan ediblər. Lakin 2018-ci ildə işsiz gənclərin köhnə liderlərə qarşı çıxması nəticəsində ölkədə “məxməri inqilab” baş verib. Bununla da Serj Sarqsyan, Robert Koçaryan və minlərlə azərbaycanlını şəxsən qətlə yetirmiş digər erməni liderlər bir anda anti-qəhrəmanlara çevriliblər, hakimiyyətə Nikol Paşinyan kimi yeni nəslin liderləri gəlib.
Amma “məxməri inqilab” Dağlıq Qarabağa çatmayıb. Orada hakim mövqe hələ də hərbi liderlərdə, müharibə iştirakçılarındadır. Odur ki, bu regionda da dəyişikliyin vaxtı çatıb.
İstər Ermənistanda, istərsə də Dağlıq Qarabağda yaşayan ermənilər anlamalıdırlar ki, bu bölgənin və ona bitişik 7 rayonun işğal altında saxlanılması indiyədək onlara heç bir fayda verməyib. Əksinə, onlar iqtisadi çətinliklərlə üzləşib, Ermənistanın böyük həcmdə xarici borcu yaranıb və s. Yaranmış vəziyyət üzündən minlərlə qabiliyyətli, ixtisaslaşmış işçi hər il ölkəni tərk edir. Bu gün Ermənistan ən çox hərbiləşmiş dövlətlərdən biridir.
Bundan başqa, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə Ermənistandan hərbi birləşmələrini Azərbaycanın işğal altındakı ərazilərindən çıxarması tələb olunub. Bu, sülh üçün əsas şərt sayılır. Yeri gəlmişkən, Bakı Dağlıq Qarabağa yüksək muxtariyyət verməyə hazır olduğunu hər imkanda bəyan edir.
Azərbaycanlılarla ermənilər bu regionda əsrlər boyu sülh şəraitində yaşayıb. Bu gün də Yerevan Bakı ilə sülh sazişi imzalayarsa, bundan böyük fayda əldə edəcək. Məsələn, sülhün əldə olunmasından sonra Ermənistan bu gün silah tədarükünə xərclədiyi vəsaiti iqtisadi inkişafa, çiçəklənməyə yönəldə bilər. Bir sözlə, işğalın Ermənistana fayda vermədiyi artıq dəqiq və aydındır.
Hər halda, qondarma qurumda “seçkilər”in ləğvi istər sülhün əldə edilməsi, istərsə də insanların sağlamlığının qorunması yolunda ilk addım olardı.

Cavid